Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Yaşadığımız bu həyatda hər gün o qədər hadisələrin şahidi olur, görür, eşidirik ki, daha heç nəyə təəccüblənmərik deyirik. Amma yox, hər gün təəccüblərimiz davam edir. Bu, həyatın bir parçasıdırmı, fələyin oyunudurmu, yoxsa zamanın tələbidirmi? Məşədi İbad demişkən, “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, amma heç nə başa düşmədim...
2008-ci ildə jurnalist kimi Dehlidə olarkən qədim Hindistanı görüb tarixi ilə yaxından tanış olmuşdum. O ölkə haqqında kifayət qədər məlumatlıyam. Əsrarəngiz Hindistan sanki nağıllar aləmini xatırladır. Bu ölkədə, demək olar ki, hər gün bayramdır. Bəlkə də dünyada bayram sayına görə ilk pillələrdə olar. Qədim tarixə malik olan füsunkar Hindistan daima turistlərin diqqətini çəkib və çəkməkdə də davam edir. Hindistan haqqında o qədər biliyə malikəm ki, haradan başlayıb, harada bitirəcəyimə çaşıb qalmışam. Bilmirəm, oxucularımıza Hindistanın əhalisinin Çinin əhalisi ilə eyni sayda olmasındanmı, onların rəqabətindənmi, əhalinin sıxlığındanmı, hərbi gücündən, silah-sursatından, yüksək səviyyədə təşkil olunmuş güclü ordusundan, mühafizəsindən, polisindənmi söz açım. Bəli, bu gün Hindistanın ordusunun gücünə görə ön cərgədə olması da təsadüfi deyil.
Hindistanda olarkən bu ölkənin milli mətbəxi, tarixi abidələri, mədəniyyəti ilə yaxından tanış olmuşdum. Bu ölkə sanki sirli xəzinədir. Bir həftəlik səyahət bu ölkəni tam kəşf etmək üçün inanın ki, yetərsizdir. Hindistan sözün əsl mənasında tolerant bir dövlətdir. Bu ölkədə saysız-hesabsız din hökm sürür. Əhali əsl hindlilərdən ibarət olsa da, XXI əsr olmasına baxmayaraq, müxtəlif məzhəblərə qulluq edirlər. Bu ölkədə çoxallahlıq hökm sürür. İslam, xristian dinini qəbul edib, onun vacib əməllərini yerinə yetirdikləri kimi, məsələn, namaz qılmaq, oruc tutmaq və s. hələ də bütə, zərdüştlüyə, krişnaya, inəyə, meymuna, ilana tanrı deyib stayiş edənlər belə var. O ölkədə olanda meymunun bir evə girib ortalığı dağıtdığının, inəyin bağ-bağatı tarmar etdiyinin şahidi oldum. İnsanların həmin heyvanların dağıntılarına mane olmamalarının səbəbini onları tanrı kimi qəbul etmələri ilə izah etdilər. Bu kimi qəribə hadisənin digəri də məni çox təəccübləndirmişdi. Hindistanın bəzi bölgələrində bu gün daxil hələ də ölüləri yandırıb, külünü çaylara, dənizlərə səpirlər. Mərasim xüsusi ayinlər vasitəsilə həyata keçirilir. Yeri gəlmişkən bildirək ki, Hindistanda minlərlə ayin növləri, magiya ritualları həyata keçirilir. Eyni zamanda, 4 mövsümə aid bir-birindən fərqli “mövsümi” bayramlar həyata keçirilir. “Manqo”, “Qoa” karnavalları, “Pateti” zərdüş və “Hemis” bayramları, “Khajurahada”, məşhur “Holidey” və digər festivallar möhtəşəm şəkildə keçirilir. Həmin günlər Hindistanın hər yerində ən gözəl libaslar geyinilir, şəhər mərkəzinə gedilir və çalıb-oynayırlar.
Hindistan əhalisi yaşayış səviyyəsinə görə üç qrupa bölünür: ali, orta, kasıb. Hətta yaşayış ünvanları, küçələri belə digər siniflərdən ayrılır. Eyni zamanda məktəbləri belə... Zəngin qızıl yataqlarına malik olan Hindistan bu gün dünyada qabaqcıl ölkələr sırasında olsa belə, etiraf edim ki, əhalisinin hamısı yüksək səviyyədə yaşamır. Baxmayaraq ki, bu gün Hindistanın çox varlı ailələri öz övladlarına toy edərkən şan-şöhrətə görə məkanı BƏƏ-də, Dubayda, Türkiyədə seçir, o toyların təşkili üçün milyonlarla pul xərcləyir. Hətta bütün hind adət-ənənələri mükəmməl şəkildə yerinə yetirilərək toy üç gün davam etdirilir.
Amma Hindistanın əhalisinin 33, 7 faizi hələ də kasıb vəziyyətdə yaşayır. Hətta kimsəsiz yaşlı qadınlar, kişilər anti-sanitar şəraitdə olan mağara tipli sığınacaqlarda yaşayaraq öz ölümlərini gözləyirlər.
Yuxarıda qeyd etdiyim kimi, Hindistan o qədər möcüzəvi diyardır ki, onu bir yazı ilə oxucuya istədiyim kimi tam şəkildə çatdıra bilmərəm. Axı mən o möhtəşəm ölkənin sevgi abidəsi olan “Tac Mahal”dan, əfsanəvi Qanqa çayından, uşaqlıq illərimizin bir parçası olan hind filimlərindən, rəqslərindən, mahnılarından hələ söz açmamışam. Bu gün dünya ölkələri üzrə ən çox film çəkilən ölkələr sırasında ən öndə olan Hindistandır. Milli mətbəxi, saysız-hesabsız ədviyyatları, şirniyyatları ilə məşhur olan sözügedən ölkə bir-birindən fərqli olan suvenirləri ilə də məşhurdur.
Amma qeyd etdiyim kimi, Hindistan hələ də bizləri təəccübləndirməkdədir. Belə ki, ölkənin mərkəzində təşkil olunan Matbuxani bazarında “kişi”lər satılır. Bəli, düz oxudunuz. Sözün əsl mənasında “kişi” satılır. İldə bir neçə dəfə təşkil olunan yarmarkalara nəinki Hindistanın özündən, hətta ucqar rayon və qəsəbələrindən, kəndlərindən gələn saysız-hesabsız gənclər və yaşlı kişilər var. Evlənmək istəyən qızlar və dul qadınlar bu yarmarkaya öz yaxınları ilə birgə gələrək özlərinə ər seçirlər. Və pul qarşılığında alırlar. Bu pul vahidini kişilər özləri özlərinə qoyurlar. Yəni hər yaşda, hər qiymətə satışda kişilərə rast gəlinir. O kişilər həmin gün ən gözəl paltarlarını geyinib, bəzənib-düzənib yarmarkaya gələrək öz yerlərini tutaraq müştərilərini gözləyirlər. Ər seçməyə gələn qızların valideynləri bəyəndikləri kişiyə üç sual verirlər: hansı ştatdan və sinifdən olmasını; pis vərdişləri olub-olmamasını və təhsilini soruşurlar.
Onu da bildirək ki, təhsilli kişilərin qiyməti digərlərində çox yüksək olur. Kişilər özləri bunu təhsilə çox pul xərclədikləri ilə əlaqələndirirlər. Bu yarmarkada müəllimlərə, həkimlərə, satıcılara, mühəndislərə, hətta işsizlərə də rast gəlmək olar. Alış-veriş bir çox yollarla həyata keçirilir, məsələn, nağd ödəniş, avtomobil və əmlak yolu ilə...
Qız valideynləri bu yarmarkaya gələrək ər seçimini belə izah edirlər. Onların sözlərinə görə, son vaxtlar övladları internetdə, sosial şəbəkələrdə təsadüfən tanış olduqları qarşı cinslə evlənirlər, lakin bu cür qurulan ailələrin evlilikləri heç də uzun çəkmir və nəticədə boşanmaların sayı artır.
Yarmarkaların təşkilatçıları işin illərdir davam etdiyini bildirərək, qeyd ediblər ki, burada ər tapıb evlənən cütlüklərin qeydiyyatı aparılır.
Sonda onu da bildirək ki, bu bazarın, yarmarkanın ilk təşkilatçısı və yaradıcısı Raca Xari Sinqx olub.
Rövşanə XUDATQIZI