Azərbaycan Yazıçılar Birliyində “Güney Azərbaycan folkloru” (16 cilddə), “Təbriz folklor mühiti” və “Qaşqay folklor örnəkləri. I cild” kitablarının təqdimat mərasimi keçirildi...
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda bir çox şöbələr fəaliyyət göstərir ki, bunlar arasında “Cənubi Azərbaycan folkloru” şöbəsinin adı hər zaman xüsusi rəğbətlə çəkilir. Belə ki, yarandığı on illik zaman kəsiyində şöbədə Güneydə yaşayan çoxsaylı soydaşlarımızın dilindən yazıya alınmış çeşidli ağız ədəbiyyatı nümunələrinin, aşıq yaradıcılığı sahəsində fəaliyyət göstərən ozanlarımızın ifa etdikləri aşıq havaları və dastanların yazıya alınaraq kitablaşdırılması nəticəsində ortaya qoyulmuş 16 cildlik “Güney Azərbaycan folklor örnəkləri” toplularının təqdimatı da görülən möhtəşəm işin və gərgin zəhmətin bəhrəsi ilə elmi və ədəbi ictimaiyyəri tanış etmək məqsədi daşıyırdı. Bir növ hesabat xarakteri daşıyan bu görüşə təşrif buyuran çox hörmətli söz və qələm adamları, yaradıcı ziyalılarımız, görkəmli alim və tədqiqatçılarımızın da hər biri öz çıxışında milli folklorumuzu elin yaratdığı və elin dilində-ağzında yaşayan yaradıcılıq sahəsi kimi xarakterizə etməklə yanaşı, bu sahədə mövcud olan xalq yaradıcılığı nümunələrinin toplanması, tədqiqi, araşdırılması və nəşri sahəsində fədakarlıqla çalışan elm adamlarının boynuna düşən çətin missiyanın öhdəsindən necə şərəflə gəldiklərini dilə gətirərək təqdir etdilər.
Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri, şair Sayman Aruz açaraq, Güneyimizdə yaşayan soyadaşlarımızın dildən-dilə, ağızdan-ağıza ötürərək yaşatdıqları çox zəngin folklor xəzinəsinin mövcudluğundan danışdı, Folklor İnstitutunda son illər ərzində həmin folklor örnəklərinin toplanaraq nəşrinə nail olunmasını mühüm dövlət əhəmiyyətli milli məsələ kimi dəyərləndirdi. “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri Mətanət Abbasovaya və şöbə əməkdaşlarına bu çətin və şərəfli işlərində daha böyük uğurlar arzuladı. Mətanət xanım da öz növbəsində Sayman bəyə təşəkkür etdi, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun layihəsi əsasında bir-birinin ardınca çap olunmuş 16 cildlik “Cənubi Azərbaycan folklor örnəkləri” seriyasından olan kitablar və burada toplanmış folklor materiallarının janr özəllikləri, toplanma arealı, zaman, məkan və sosial-siyasi şərtlər çərçivəsində necə böyük zəhmətlə ərsəyə gəlməsi barədə məlumat verdi.
Qeyd etdi ki, “Güney Azərbaycan folklor örnəkləri” seriyasından sonuncu XVI cildin materiallarını toplayan və önsözün müəllifi dəyərli folklor tədqiqatçısı – Güney əsilli soydaşımız Aqşin Ağkəmərlidir. M.Abbasova bu cildin ərsəyə gəlməsində xüsusi əməyi olan Aqşin bəyə minnətdarlığını bildirdi, bugünədək şöbə əməkdaşlarının gərgin əməyi və fədakarlığı hesabına işıq üzü görmüş 16 cildlik Güney folklor nümunlərinin, ayrıca nəşr olunmuş “Qaşqay folklor örnəkləri”, eləcə də müəllifi olduğu “Təbriz folklor mühiti” kitablarının nəşrə hazırlanması və işıq üzü görməsinin sevincini bölüşdü. İnstitutun direktoru, akademik Muxtar İmanova, əldə olunan mətnləri mənbələrdən transliterasiya etməklə və səsli fayllardan dinləməklə dastanları yazıya alan şöbə əməkdaşlarına ayrı-ayrılıqda dərin təşəkkürünü bildirdi. Bu sahədə işin davamlı olaraq və sistemli şəkildə aparıldığı haqda məlumat verdi.
Tədqiqatçı Aqşin Ağkəmərli çıxışında Folklor İnstitutu ilə əməkdaşlığından qürur duyduğunu və toplama işini zövqlə yerinə yetirdiyini dilə gətirərək, Mətanət xanıma və şöbənin sayğıdəyər işçilərinə minnətdarlıq etdi.
Mərasim iştirakçılarına cidlərdən nümunələr paylandı. Toplulardakı folklor örnəkləri ilə tanış olan alimlər və ziyalılarımız öz çıxışlarını bu nümunələrin təhlili üzərində quraraq, görülən işin əhəmiyyətini yüksək dəyərləndirdilər, milli dövlətçiliyimiz, milli birliyimiz yolunda aparılan bu mücadilədə institut əməkdaşlarına yeni-yeni uğurlar arzuladılar.
Mərasim İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmlinin aparıcılığı ilə davam etdirildi. AMEA Tarix İnstitutunun əməkdaşları, professorlar Şahin Fazil və Eynulla Mədətli, tanınmış ictimai xadim Zəlimxan Məmmədli, respublikanın xalq artisti Eldost Bayram, professor Minaxanım Təkəli, Azərbaycan Teleradio Verilişləri Şirkətinin əməkdaşları Zərnişan Ağayeva, Tahir Talıblı, Atatürk Mərkəzinin şöbə müdiri, folklorşünas, dosent Nazir Əhmədli, AzərTac-ın müxbiri Zərəngiz Dəmirçi, ADPU-nun müəllimi Fazilə Yəhya, şair-tərcüməçi Giya Paçxataşvili, qocaman jurnalist Rəhim Hüseynzadə, şairlərdən Maşallah Məftun, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Folklor İnstitutunun əməkdaşları Ləman Süleymanova və Atəş Əhmədli, dəyərli ziyalımız Etibar Əliyev, AHB TV-nin əməkdaşı Rüfət Muradlı, Təbriz əsilli ziyalımız Cavad Həssas, ustad aşıq Cahangir Quliyev, hərbçi, bədii qiraətçi Cəbrayıl Qənbər, muğam ifaçısı Hüsniyyə İsmayıllı və digər iştirakçılar çıxış edərək, Güney Azərbaycan mövzusunu günümüzün ən ağrılı, ən kövrək və həssas bir məsələ kimi səciyyələndirdilər, xatirələr dilə gəldi, folklor nümunləri, şeirlər və muğam parçaları səsləndirildi.
Folklorumuza, dilimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, kökümüzə, soyumuza dəyər verə bilən insanların bir yerə toplandığı bu mərasimdə Güney həsrətinin, Güney intizarının sona yetəcəyi günə inamını bildirən hər kəsin ürəyindən bu nida qopurdu: “Sən türksən kirpikdən-qaşacan, Təbriz”!
Qiymət Məhərrəmli,
Filologiya üzrə fəlsəfə doktoru, şair