...Sumqayıt dənizin qırağında yerləşir.

Daha poetik yazım: Sumqayıtda dənizin sahil xətti əyrilik əmələ gətirir və bu əyrilik insan təbəssümünə oxşayır.  Arqumentli deyə də bilirik ki; Sumqayıt Xəzərin təbəssümündə yerləşən şəhərdir. Hər kəs də günün istənilən vaxtı gəlib həm dənizə, həm də onun təbəssümünə tamaşa edə bilər.

Mən evimin pəncərəsindən dənizi hər gün görürəm və son zamanlar özüm üçün açdığım bir kəşfi sizinlə bölüşmək istəyirəm. Dəniz mənzərəsi ilə yanaşı  səmaya da diqqət yetirməyə başlamışam və tədricən anlayıram ki, səmaya tamaşa eləmək, dənizə tamaşa etməkdən də maraqlıdır. Dənizdəki yeknəsək ləpələri və  üfüqü nəzərə almasaq, göz ilişdirməyə bir şey tapmırsan. Səmada isə… Hər dəqiqə müxtəlif çeşidli buludların hərəkətindən doğan yeni, bir- birini kinokadrlar kimi əvəzləyən əsrarəngiz mənzərələr olur. Buludlar da rəngbərəng, mərtəb-  mərtəbə.

Dəniz əsasən statik rəsm tablosuna bənzəyirsə, səma dinamik kinoya bənzəyir. Əslində günəş də elə səmaya aiddir. Hələ  səmada gecə olan ayı, ulduzları demirəm. Səmada eyni anda günəşin və ayın olması isə ayrı bir mənzərədir. Dənizin xətrinə dəymək istəməzdim, amma səma tam başqa bir aləmdir.

Təfəkkür üçün də dəniz bəsit cavabı olan sualdır: bəlli duzlu su, irili, xırdalı balıqlar,  nadir halda keçən balıqçı qayıqları…Səmaya baxıb onun arxasındakı kainatı düşünəndə, sonsuz doğan və hələ də cavabsız qalan suallar və müammalıqdan doğan həyacan hissi başqa emosiyalar yaradır.

Alimlər deyir ki, bütün canlılar, dənizdən çıxıb. Amma ruhlar səmaya qalxırlar axı.

Əlbəttə, çıxdığımız dəniz maraqlıdır, amma gedəcəyimiz səma ondan da maraqlıdır, məncə…

 Hümbət HƏSƏNOĞLU

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN