Naxçıvan Muxtar Respublikası - 100!
...Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan öz qədim tarixiliyi ilə fərqlənən bir məkandır. Naxçıvan adını ilk dəfə İosif Flaviye (e.ə. I əsr) və Klavdi Ptolemey (eramızın II əsri) öz əsərlərində çəkmişlər. “Naxçıvanın adı ilk dəfə Naksuana şəklində qeyd olunmuş və coğrafi mövqeyi göstərilmişdir”. Bundan sonra görkəmli ərəb-fars tədqiqatçıları və alimləri Bəlazuri, İbn əl-Fəqih, İbn Xordadbeh, Qudama ibn Cəfər, əl-Müqəddəsi, əl-İstəxri, əl-Biruni, Yaqut Həməvi, Həmdullah Qəzvini, Əbdürrəşid Bakuvi, Mirxond, Həsən Rumlu, İskəndər Münşi və başqaları bu qədim şəhəri Nəşavə, Nəqçuan, Nəxşevan, Nəxçuan, Nahhuntevan, Nuhçuvan, Nəxçuvan, Nəxçəvan və sair kimi şəkillərdə adını çəkmişlər.
“Qızlar bulağı”, “Qan içində”, “Studentlər” və sair kimi biri-birindən gözəl əsərlərin müəllifi olan repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli isə “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” adlı əsərinin birinci hissəsində qeyd edir ki, “bu şəhərin əsl adı “Nəqşe-cahan”dır. “Naxçıvan” və “Nəxşevan” “Nəqşe-cəhan”ınərəbləşməsidir”. Yusif Vəzir Çəmənzəminli yazır ki, bu şəhər hökmdar Qubad tərəfindən bina olunmuşdur. Yusif Vəzir Çəmənzəminli səyyah Övliya ÇələbininNaxçıvan haqqındakı qeydlərini öz qələmində təsvirini yazaraq göstərir ki, Naxçıvan “Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xanı çox əsgərə malikdir. Etimadül-dövləsi, kələntəri, münşisi, darğası, diz çökən ağası, çikyiyən ağası vardır ki, bu əsnafın həp hökumətdə əlaqələri var. Qazisi, şeyxül-islamı dəxi vardır. Bu şəhəri zamani-qədimdə Şah Əfrasiyab bina etmişdir ki, hala əcdadının mədfun olduğu qübbələr nümayandır”.
Yusif Vəzir Çəmənzəminli bundan sonra Naxçıvanın Əhməd paşa, Fərhad paşa adlı came və ibadətxanalarından; İstanbul tərzdə olan otuz üç minarəsindən; mehmanxana, hamam və dükanlarından; güllü-çiçəkli bağ və bağçalarından; yeddi növdə yetişdirilən pambığından; qüvvətli arpasından və ata verilən qara arpanın dörd növündən; sulu və şirinliyində əvəzsiz olan qovun-qarpızından; Naxçıvanın igid oğlanlarının zorbiləkli olmasından və biri-birindən gözəl olan qızların nəzakətindən və digər bu kimi məsələlərdən söhbət açır. Göstərilir ki, “on min iki yüz torpaq örtülü xanədanı-əzimlərə arəstə (arəstə – tərtibə salınmış – K.C.) yetmiş ədəd came və vəibadətxanələri isə pirastədir (pirastə – bəzəkli – K.C.). Qırx məscidi, iyirmi mehman sarayı, yeddi gözəl hamamı, minə qədər dükanı var. İmarətinin əksəri gözəldir... Yeddi dürlü pambığı (zağı, zəfərani, ləli, xas, bəyaz), ğəlləsi (gəllə - yağ, kərə, pendir – K.C.), hüntəsi məmduhdur... Arpası pək qüvvətli və çoxdur. Gözəlləri əbyəzəlyundur (əbyəz – ağ – K.C.). Ərkəkləri zor zoviyəli tac, uzun sərbənd sarar, qələmkari pişək piş came geyərlər. Ayaqlarına əlvan keçə çaqqışır, yaşıl, qırmızı, narıncı, turuncu papış geyərlər. Zənənləri sivri-sivri taqiyə geyib, üzərinə bəyaz azar boyanur, ayaqlarına əlvan cəzmə geyərlər. Gözəlləri qunaqun kəbudi kürkdən böki-İsfahan geyib, xuraman və rəftar, zarafat və nəzakət göftar edərək xalq ilə hüsni-ülfət edərlər. Camaat kəsirəli qərib cameləri vardır ki, hər biri birər cənəti-firdous, xüldi-bərindir (cənəti-firdous, xüldi-bərin adları müqəddəs Quran kitabında cənnət adları kimi keçir – K.C.)... Hər bir gəncineyi-Qarunə malik, maldar, tüccarzuetibardır. Bu şəhərin rəaya (rəaya – surətin, şəklin, formanın mənası, məzmunu – K.C. ) və bərayası (bəray – ötrü, üçün – K.C.)” dehqani lisanı (dehqani lisanı – kəndli dili – K.C.) üzrə qonuşurlar. Amma arif şairləri nədim zərifləri zarafat və nəzakətlə pəhləvi və moğoli lisanından kəlimat edərlər ki, qədim lisanlarıdır”.
Yusif Vəzir Çəmənzəminli mənbəyə əsaslanaraq xatırladır ki, Naxçıvanı bina edən Şah Əfrasiyab və ondan sonrakı dövrdə şəhər o qədər gözəl və abad imiş ki, ona bir başqa bənzər şəhər yox imiş. Sonra moğol tayfası yer götürməz əsgərləri ilə gəlib bu şəhərin “nəqşi-cahanını pozaraq xarabüyəbab, qalasını münhədim edib (münhədim – dağıdıb – K.C.), türab (toz-torpaq – K.C.) etmişlərdir”.
Yusif Vəzir Çəmənzəminli notlarından görürük ki, bundan “sonra osmanlılardan Məhəmməd Salsi əsrində osmanlılar əlində ikən Şah Qümrahtərəfindən Zülfüqar xan gəlib, Nəxşivanı istila eləmişdir. Sonra Muradxan Rabeəsgəri gəlib, təbaniyəsi Məhəmməd Paşa buranı fəth etmişdir. Murad Rabedən sonra burası da (Naxçıvan – K.C.) məmur və abadan olmuşdur”.
Yusif Vəzir Çəmənzəminli Katib Çələbinin qeydlərinə əsaslanaraq vurğulayırki, “Naxçıvanın qədimdən mətin bir hasarı var imiş. Hülaku xan (Çingiz xanın nəvəsi – K.C.) oranı aldıqda xalqını qırdı və qalanı xarab elədi. Elxanilər də Naxçıvana malik idilər. Bunlar şəhəri Nəsir Tusinin təlimi ilə ala bildilər. Ağacdan toplar yapıb, içinə qurğuşun doldurub, mancanaq ilə şəhərə atdılar və bu vasitə ilə qalanı fəth etdilər”.
Yusif Vəzir Çəmənzəminli Əmir Teymurun Naxçıvana yürüşü ilə bağlı fikrində bir çox tarixçilərin araşdırmalarından fərqli olaraq belə qənaətə gəlir ki, “Əmir Teymur Naxçıvanın abadanlığına çox çalışmışdır. Mirzə Şahruxun (Əmir Teymurun dördüncü və kiçik oğlu – K.C.) miyaşərti ilə şəhərə bir arx da çıxardılar.
Göründüyü kimi, babalarımızın ağır zəhmət bahasına qurduğu, gələnin-görənin “Nəqşi cahan” adlandırdıqları bu gözəl şəhərin zaman-zaman daşı-daş üstündə qalmayıb. “Lakin dövran keçib, xarabazara döndərilmiş Naxçıvan xarabalıqlar içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək, əvvəlki görkəmini özünə qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu kimi bu gün də üstündən çəkilməyib”.
Yekunda belə nəticəyə gəlirik:
KAMAL CAMALOV,
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi