Təranə Sevdalının (Quliyeva Təranə Deputat qızı) "Yurd yarası" adlı ilk şeirlər kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunan "Yurd yarası" geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun “Əsir düşən şeirlərin yeni şöləsi, yaxud həsrətdən üzü bəri yoğrulan şeirlər…” başlıqlı ön sözü ilə başlayan kitabın redaktoru Elbar Şirinovdur.

Kitaba T.Sevdalının son dörd ildə qələmə aldığı şeirlər daxil edilib. Kitabda toplanmış şeirlərdə şairin özünəməxsusluğu, yaşadığı ictimai kədərin poetik ifadəsi əks olunur, vətənə, yurda, torpağa sonsuz məhəbbət, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş cəsur oğullarımızın qəhrəmanlığı, xalqımıza tarixi qələbənin sevincini yaşadan şəhidlərimizin igidliyi və şücaəti tərənnüm edilir.

Tezadlar.az Q.Bayramovun "Yurd yarası" haqqında sözügedən yazısını təqdim edir:

ƏSİR DÜŞƏN ŞEİRLƏRİN YENİ ŞÖLƏSİ, YAXUD HƏSRƏTDƏN ÜZÜ BƏRİ YOĞRULAN ŞEİRLƏR…

Onun imzasını beynəlxalq poeziya antologiyalarında, nüfuzlu ədəbi dərgilərdə və internet saytlarında görə bilməzsiniz. Lakin əldə olan şeirlərini oxuduqca rəğbətlə qarşılanan şair kimi onu tanıyacaq, şeirini özünəməxsus poetik tapıntılarla, bədii çalarlarla zənginləşdirən bir istedad sahibi ilə tanış olacaqsınız… Onun şeirləri zərif, şikəst düşmüş lirizmi və bədbinlikdən, əsirlikdən xilas olmuş ruhun ehtizazı təkin mahiyyət kəsb edir…

Bəli, yanlış eşitmədiniz… Əsirlikdən xilas olunmuş poetik ruh… Biz əsir düşmüş insanları, döyüşçüləri, yurdlarımızı bu son 30 ildə az görmədik, faciələrlə az rastlaşmadıq… Kataklizmilər, dövrün dilemmaları ilə qarşılaşdıq, faciəli talelər gördük, şəhid tabutu qarşısında qol götürüb oynayan anaları, şəhid tabutuna çiyin verən gəlinləri gördük… Lakin əsir-yesir düşmüş poeziya barəsində eşitməmişdik… Dünya ədəbiyyatı tarixində əsir düşmüş poeziya faktı bizim ədəbiyyatın bəxtinə düşübdür… Əsir düşmüş poeziya dəftəri və ilhamının qanadları sındırılmış şair taleyi…

Fakt bundan ibarətdir ki, Təranə Sevdalı şeir yazmağa tələbəlik illərindən başlasa da, yazdığı bütün şeirləri əlyazma şəklində yurdu ilə bərabər əsir qalıb. Bu faciədən sarsılan, düz 30 il əlinə qələm almayan Təranə Sevdalı 2020-ci ildə torpaqlarımızın düşməndən azad olunması sevincindən, torpaq uğrunda canlarından keçən vətən övladlarının qəhrəmanlıq və şücaətindən ruhlanaraq yenidən yaradıcılığını ikinci bir şövqlə davam etdirir... Bu gün isə o, "Yurd yarası" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib.

Onun çap üçün tərtib edilmiş bu şeirlər toplusunu mənə “kimsəsizlər kimsəsi” olmağa çalışan, istedadlı qələm əhlinin qolundan tutmağı bacaran şair-publisist, tərcüməçi, "Yazarlar" jurnalının təsisçisi və baş redaktoru Zaur Ustac təqdim elədi, münasibətimi bildirmək xahişində bulundu... Mən də bu tragik taleli şairin toplusunu xüsusi maraqla oxudum...

Təranə Sevdalı - Quliyeva Təranə Deputat qızı 1963-cü ildə Ağdam rayonunun Tağıbəyli kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini Tağıbəyli kənd orta məktəbində başa vurduqdan sonra Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil alıb. 1983-cü ildə institutu bitirib və təyinatla Tağıbəyli kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 1994-cü ildə, Birinci Qarabağ müharibəsi dövründə doğma yurdundan didərgin düşərək, bir müddət Bərdədə, sonra isə Bakıda yerləşən Ağdam köçkün tam orta məktəblərində müəllim işləyib. Həmişə içində gizli-gizli qövr edən yurd yarası gəzdirən Təranə müəllimə indi başqa bir tərzdə, sevinc, qürur notları üzərində, Qarabağ sevdalısı olaraq müəllimlik fəaliyyətini davam etdirir...

Bir yara yatırdı köksümün altda,

Həsrət yarasıydı, dərd yarasıydı.

Yoxuydu dincliyim bircə saat da,

Yaram sızlayırdı, yurd yarasıydı.

 

...Qaçıb gizlənirdim, dəymirdim gözə,

Tənə etsələr də, vurmurdum üzə,

Qaçqın çağıranda dözmürdüm sözə,

Sözlər sızlayırdı, söz yarasıydı.

 

Keçdi aylar, illər, ötüşdü zaman,

Tanrı bizi dedi, yetişdi dövran,

Tapıldı məlhəmim, bitişdi yaram,

Yaram sızlayırdı, yurd yarasıydı.

Yaxşı haldır ki, şanlı qələbəmizdən sonra Təranə xanımın yatmış poeziya bəxti yenidən oyanıb, 30 ildən artıq müddətdə ədəbiyyatı tədris edən bu sinədəftər müəllimənin şeir mələyi reanimasiyadan ayılıb, Qarabağına qovuşub, yenidən qələminə sarılıb, yaradıcılığında nikbin notlar müşahidə olunmağa başlayıb... Yazdığı lirik şeirlərində öz ürək çırpıntılarını poetik sözün sehri ilə təqdim etməyə çalışır və əksər məqamlarda buna nail olur. Onun özünəməxsus şair dünyası var. Və bu könül dünyasının rəngləri mövcud olduğumuz real dünyanın rəngləri ilə, qövsi-qüzeh tərtibində üst-üstə düşür...

Onun “Yollar açılıbdı” adlı şeiri “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri zamanı” təsuratına həsr edilib, şeirin hamının ürəyindən olan major tonu qürur hissi doğurur:

Qəlbimiz sevinsin bizim, ay ellər,

Yollar açılıbdı Şuşaya bu gün.

Ali Baş Komandan - xalqın ümidi,

Yollara çıxıbdı Şuşaya bu gün.

 

Həsrətdik Şuşaya illər boyunca,

İçək bulağından indi doyunca,

Düzülüb bayraqlar dağlar boyunca,

Yollar açılıbdı Şuşaya bu gün.

Biz artıq onun tarixi Zəfərimizdən ilhamlanaraq qələmə aldığı yeni şeirləri ilə tanış olmaq imkanı əldə etdik:

Türk türkə dar gündə yar-yoldaş desin,

Kökünə, soyuna həmsirdaş desin,

O taylım bu taya can qardaş desin,

Türk Turan birləşib olsunlar bir can,

Sənə canım qurban, can Azərbaycan!

 

Bir telli sazam mən, köhlənmiş taram,

Oxunsun şikəstəm qoy aram-aram,

Gəzim Qarabağı sağalsın yaram,

Yolumu gözləsin Ərdəbil, Zəncan,

Sənə canım qurban, can Azərbaycan!

Təranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürürük. Görürük ki, müəllifin də, müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur... İç dünyası ilə dış dünyası müvazidir, aldadıcı deyil, sünilikdən uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa çatdığı bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var və bunlar onun şeirlərinin spesifikası kimi qəbul edilə bilər. Əslində Təranənin timsalında ortaya çıxan bu işartılar, bəlkə də, yeni bir istiqamətin və ya dövrün başlanğıcıdır. Otuz il ərzində həsrətdən yoğrulmuş giley-güzar dolu şeirlər yazıb, ürəklərini boşaldan, öz yaralarını sarıyıb, başqalarının yaralarına mələhəm olan qələm adamları yeni dövrdə yeni ruhlu bədii nümunələr ortaya qoymağa başladılar.

Açılsın qoynunda yenə gül-çiçək,

Dağlar yamacına qoy xalı sərək,

Gəl, tutaq əl-ələ, bir yallı gedək,

Unudaq ağrını, canım Qarabağ,

Alışım yolunda yanım, Qarabağ.

"Yurd yarası" Təranənin ilk kitabıdır və şeirlərinin bir qismidir. İxtisasca ədəbiyyatçı olsa da, şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, öncə yurd həsrətindən doğan, sonra isə Zəfər sevinci ilə rövnəqlənən bu şeirlərdə zərif təbiətli və həssas müşahidə qabiliyyəti olan bir qərinə məhrumiyyətlərlə dolu ömür yaşamış xanımın həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi və s. doğru-dürüst, həzin bir lirizmlə əksini tapıb. Özü kimi sözü də səmimidir. "Yollar açılıbdı" şeirində olduğu kimi:

Həsrətdik Şuşaya illər boyunca,

İçək bulağından indi doyunca,

Düzülüb bayraqlar dağlar boyunca,

Yollar açılıbdı Şuşaya bu gün.

Şairdə, ümumiyyətlə, qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq və gələcəyə yönəlik duyum, həssaslıq olsun. Təranə Sevdalı “Can Azərbaycan” şeirində bu hiss-həyəcanı da içdən gələn dərin bir səmimiyyətlə ifadə etməyi bacarıb:

Bilirəm, ayrılıq olurmuş yaman,

Bəxtsiz taleyindən küsmə heç zaman,

Çağır, səslə məni, səslədiyin an,

 Könlüm şad olacaq, cavabım “ay can”,

Sənə canım qurban, can Azərbaycan!

Onun şeirlərində yurda, Qarabağa dönüşün sevincindən yaranan işıq, şəfəq, nur selini də aşkar görmək mümkündür və doğrusu, vətənsevər insanın sevinci hüdudsuzdur... Ağdamın işğaldan azad olmasının iki illiyi münasibəti ilə qələmə aldığı “Ağdam” şeirində hisslərini bu cür şeirə yansıdır:

Qaytar hörmətini, şan-şöhrətini,

Açılıb Tanrının dərgahı, Ağdam.

Dönəcək Qarabağ cənnət bağına,

Oxu muğamatı, segahı, Ağdam.

Əksər şairlərdə olduğu kimi, Təranə Sevdalının da lirikasının bir qismi sevgi, məhəbbət mövzusundadır. Bu şeirlərdə əsasən ayrılıq, hicran, kədər motivi, "sən gəlməz oldun" ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları və s. öz əksini tapıb. O şair yaradıcılıqda müəyyən nailiyyət qazana bilir ki, təkcə öz hisslərini deyil, başqalarının da hiss və düşüncələrini dinləyir, anlayır, özününküləşdirir və qələmə almağı bacarır. Belə ki, kitabın “Dost etirafları” adlı bölməsində məlum olur ki, şair bir çox dost və rəfiqələrinin sevgi etiraflarını, yarımçıq qalmış eşq hekayələrini dinləmiş, onların uğursuz məhəbbət yolunda çəkdikləri əziyyətləri duymuş, acılarını özününküləşdirib yaşamış və bu hissləri özəl poetik ifadələrlə qələmə almışdır.

Elə bil olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınaları sakitləşdirmək üçün yazılır və bu qəbildən olan duyğu və hisslərin müəyyən qismini gənclikdəmi, sonramı hamı keçirib... Hər kəsin içini yandıran belə duyğuları var... Ona görə də belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir... "Sev ki, sevən mərd olar!" (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur... "Ölümsüz sevgi" lirikası, balladası yaranır, "öyrətmə özünü, öyrətmə mənə" (Musa Yaqub) serenadasına dönür...

Təranə Sevdalı bir qələm sahibi kimi bədii-poetik vasitədən bacarıqla istifadə edir, elə "Başqa birisini sevməyəcəyik" şeirindəki kimi:

Unuda bilmədim şirin sözləri,

Qoşa gəzdiyimiz dağı, düzləri,

Kor edib tökəcəm həsrət gözləri,

Başqa birisini sevməyəcəyik.

Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir... Təranə Sevdalı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbindəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülviləşdirir. İnanıram ki, o, şair kimi ara verdiyi şairlik addamacını uğurla keçərək getdikcə daha maraqlı mövzuları əhatə edəcək, özünün də “Ana vətən” şeirində dediyi kimi:

Sən arzumsan, diləyimsən,

Varlığımsan, gərəyimsən,

Sinəmdəki ürəyimsən,

Aşiqəm mən sana, vətən,

Ulu vətən, ana vətən.

Onun şeirlərində böyük bir sevgi var. Çox vaxt incik düşdüyü, dönə-dönə səbrini sınayan dünyaya, varlığını fəda etməyə hazır olduğu bir insana, daim sonsuz eşqlə sevilməyə layiq Allaha, kiçik bir yarpağını belə əzizləyib bağrına basdığı ana təbiətə… Nəhayət, bütövlükdə qəlbinə hopan, ən pakizə hisslərin, duyğuların ünvanı olan vətənə qarşı ülvi SEVGİ. Türklük qanıyla tarixin dərin qatlarından gələn torpaq qeyrətini, ulu Türkün ən qədim sevdasını – vətən eşqini mənsub olduğu böyük xalqın genetik yaddaşından alan, şeirlərində xüsusi vurğunluqla dilə gətirən şair üçün doğulub böyüdüyü torpaq - Qarabağ ən müqəddəs məfhumdur. İndi azad, bütöv Qarabağ onun əsrlikdən xilas olmuş poeziyasının başlıca ilham mənbəyidir...

Ulduzların yoluna nur səpələdiyi kəhkəşan parıltılı, baharda qaranquşun, yayda günəşin sevgi ilə salamladığı bərəkətli Qarabağ bu azad poeziyanın döyünən qəlbi, vuran nəbzidir. Bağ-bağatlı, gül-çəmənli, kəpənəklərin ucsuz-bucaqsız, al-əlvan çöllərinə zər naxışı saldığı, Cıdır düzlü, İsa bulaqlı, Xarı bülbüllü vətən şairin “ürəyində işıq dalğası”dır. Təranə xanım vətən sevdalı şairdir, onun üçün gerçəklərin ən böyüyü, duyğuların nura bürünmüş halı, sözlərin ən təsirlisi vətəndir. “Ana vətən” şeirində yazdığı kimi:

Səndən ötrü tökərəm qan,

Gərəkdirsə, verərəm can,

Bütöv olsun Azərbaycan,

Borcumuz var sana, vətən,

Ulu vətən, ana vətən.

Oxucuya sevdirən onun şeirlərindəki səmimiyyət və lirik mənin daxili saflığı, dürüstlüyüdür. Təranə Sevdalı üçün bu həyatda bircə yol var – Haqq yolu. Və o bu yolda hər zaman qəlbinin səsini dinləyərək sabaha ümidlə addımlayır...

Vətən deyib sevənləri,

Ömrün qurban verənləri,

Vaxtsız məzar seçənləri

Unutmayaq!

 

Qana batan torpaqları,

Şahid olan sərt dağları,

Söndürülmüş çıraqları

Unutmayaq!

 

Haray çəkən meşələri,

Viran qalan şəhərləri,

Dağıdılmış qəbirləri

Unutmayaq!

 

Qara şallı qadınları,

Sağalmayan yaraları,

Bağrıyanmış balaları

Unutmayaq!

 

Qoruyaq biz yurd daşını,

Tarixlərin yaddaşını,

Anaların göz yaşını

Unutmayaq!

Bəli, həqiqət budur, dərdlərimizi, müsibətlərimizi unutsaq unudularıq... Mənə elə gəlir ki, bu şair xanım – Təranə Sevdalı bildiyi, bacardığı, qavraya bildiyi işlərlə məşğul olur və bu cəhət onun şeirlərindən boylanır. Elə bil ki şeir yazmaq da onun alın yazısıdır... Bütün bunları yaşının bu müdriklik çağında onun “Yurd yarası” adlandırdığı bu kitaba topladığı vətən, ana, qardaş, yurd yeri haqqında olan şeirləri bir daha sübut edir…

Yolunuz açıq, uğur bələdçiniz olsun, Təranə xanım! Doğma Ağdama qayıdıb, yazıb-yaratmaq nəsibiniz olsun!

Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas

qurban-bayramov-1

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN