Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu,

şair, yazıçı-publisist Şövkət Zərin Horovlu kitablar hədiyyə etdi. “Arazdan gələn səslər” romanı müəllifin ən böyük nəsr əsəridir. Adından göründüyü kimi əsəri oxuduqca evlərindən, yurd- yuvalarından didərgin düşmüş insanların Araz çayı üzərində Xudafərin körpüsündən qaçıb canlarını qurtaran zaman çəkdikləri fəryadların səsini duymaq olur. Romanda erməni vəhşiliyi, xalqımızın çəkdiyi əzab-əziyyətlər əks olunur. Müəllif erməni vəhşiliyi ilə azərbaycanlı humanistliyini də müqayisə edir. Əsərdə müharibənin xalqımıza zərbə vurduğunu görürük. Qumralla Fuadın sevgisinin yarımçıq qaldığı, Fuadın həlak olmasından sonra Qumralın ayrılığa dözə bilməyib həyatına son qoyması ürək sızıldadır. Əsər ordumuzun Zəfər marşı çalınana qədər mübarizə aparmaq inamı ilə bitir. “Axırıncı gediş” kitabında müəllif öz yurdlarından, Vətənindən didərgin düşən qaçqın-köçkün həyatı yaşayan insanların həyatından bəhs edir. 1905-1911-ci illərdə İranda baş verən Səttərxan məşrutə inqilabından sonrakı hadisələr, Əfqanıstan həyatı, mətin insanların dostluğu əks olunur. Əfqanıstanda əzab əziyyətlər içərisində yaşayan Əbdülqədir və onun oğlunun həyatı, həyatın bir çox məşəqqətlərindən keçən insanların dostluğu verilir. Mirzə Cəlalədinin mübarizəsi, maraqlı həyat hekayəsi oxuculara çatdırılır.

Müəllif romanda Əfqanıstanda hüquqsuz cəhalətin qurbanı olan Səriyyə, Şiringül, Xumnara kimi qadınların acınacaqlı həyatını qələmə alır. Rustəm və Mahmud adlı gənclərin həyata baxışları sadə dildə təqdim olunur. Yazıçı faciəli sonluqla başa çatan insan ömürlərini, tarixi köklərimizi, mühacir həyatı yaşayaraq yurdlarından, yuvalarından didərgin düşən dədə-babalarımızın yurd nisgilini, Vətən həsrətini qələmə alır.

  “Ürəyim dan yeridir” kitabı Qarabağ müharibəsi mövzusuna, Azərbaycanın ərazi bütövlüyünə həsr olunub. “Yığam od sinəmə Azərbaycanı” bölməsinə daxil olan şeirlərdə şair Vətənə, keçmiş günlərə olan həsrətindən söz açır. Bunun bəlkə də qocalıqdan gələn bir giley olduğunu vurğulayır. “Gedək bizim ellərə” şeirində baba yurdunu görməyən qızına oranın gözəlliklərindən bəhs edir.

“Bu axşamın qəribliyi” bölməsinə daxil olan şeirlər də maraqlıdır.  “Qar çiçəyi” bölməsində qızıl rəngli payızdan, ağ örpəyə bürünmüş qışdan, xoş ətirli, gül-çiçəkli bahardan, bol günəşli naz nemətli yaydan bəhs edir. 

      Müəllifin  “Köynək” romanı erməni vəhşiliyinə, erməni faşizminə nifrət oyadan bir romandır. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan, dostluqda, sədaqətdə etibarlı el ağsaqqalı Nəbinin timsalında azərbaycanlı kişilərinin mərdliyindən danışılır. Romanda göstərilir ki, Sumqayıt hadisələri ermənilərin xüsusi ssenarisi ilə baş vermişdir. Qarabağın işğalına açılan yol  sumqayıtlı ermənilər tərəfindən törədilən qırğından başlanır.  “Babam əyri yeriyir” kitabı uşaqlara Vətən sevgisini, onun təbiətini, tarixini, mədəniyyətini sevməyi aşılayır. “Üçüncü vaqon” şeirində nənə və nəvənin öz torpaqlarından didərgin düşərək vaqonda məskunlaşması əks olunur. “Çadırdan da ev olar” şeirində balaca Əhməd öz yurdlarından didərgin düşüb çadırda məskunlaşır və doğma yurdun bulaqlarını, dağlarını, yaşıl çəmənlərini yada salır. Yeddinci sevinc” kitabı rəngarəng səhifələri ilə uşaqların diqqətini cəlb edir. “Yaz gəlib”, “Yay ömrünü bölüşür” şeirlərində müəllif fəslillərin əsas xüsusiyyətlərini əks etdirir. “Quş dili", "Darıxmağa qoymur bizi", "Qarışqa dostluğu", "Əlifbanı sevirəm" şeirləri uşaqlarda məntiq və təfəkkürün formalaşmasında xüsusi rol oynayır. “Şam üstündən atılıram” şeirində isə Novruz bayramından, səmənidən, həyətlərdə tonqal qalanmasından bəhs edilir.

Oxucular kitablarla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN