Azərbaycana bağlılığım, Azərbaycan ədəbiyyatına sevgim ilk gənclik illərimdən başlayıb. Təbii ki, o dövrdə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək bizim üçün olduqca çətin idi. Üstəlik, əlimizdə olan əsərlər kiril əlifbası ilə çap olunduğundan oxumağımı daha da çətinləşdirirdi.Elə buna görə 1987-ci ildə universitetə qəbul olduğum ərəfədə oturub bir həftə içində kiril əlifbasını öyrəndim. Bu əlifba ilə oxuduğum ilk əsər “Çağdaş Azərbaycan povesti” adlı maraqlı bir kitab idi. Orada Anar, Mövlud Süleymanlı, İsi Məlikzadə, Elçin və başqa yazıçıların hekayələri toplanmışdı. Əlifbanı təzəcə öyrəndiyim üçün ibtidai sinif şagirdi kimi hecalaya-hecalaya oxuduğum “Quyu”, “Dəyirman” və “Dantenin yubileyi” adlı əsərlər hələ də xatirimdədir.
O illərdə Türkiyədə yayımlanan, indi mənim baş redaktoru olduğum “Türk ədəbiyyatı” və “Qardaş ədəbiyyatlar” dərgilərində şeirləri dərc olunan Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Aslan, Məmməd Araz, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub kimi şairlərin bir çox şeirlərini də əzbərləmişdim.
Bizim nəslin tələbəlik çağı - universitet illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrə, siyasət və iqtisadiyyat baxımından keşməkeşli illərə təsadüf edib. Həmin dönəmdə Azərbaycanda baş verən hadisələri, Birinci Qarabağ müharibəsi ilə başlayan fəlakətləri ürək ağrısı ilə izləyirdim. O illərdə Azərbaycana dəstək üçün təşkil etdiyimiz mitinqlərdə atəşli nitq söyləyənlərdən biri də mən olmuşam.
Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgim sonsuz idi. Azərbaycanı heç görməsəm də, hekayə və romanlarda təsvir olunan yerlərin adlarını, xüsusiyyətlərini, tarixini, hətta taleyinibelə öyrənmişdim. İçərişəhər, Sınıq minarə, Xəzər, Bakı bulvarı, Qız qalası, Atəşgah, Yanar dağ, hətta Neft buruqları... Qalaaltı, Narın qala, Xudafərin körpüsü, Ağdam, Füzuli, Şuşa, İsa bulağı, Cıdırdüzü, Gəncə, Cavad xanın şəhid olduğu Gəncə qalası, İmamzadə məscidi, Şamaxı, Gülüstan... Dəli Kür, Xan Araz, ceyranların su içdiyi bulaqlar, Qəçrəş meşələri...
2000-ci illərdə isə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etməklə yanaşı, demək olar ki, bir çox yazıçı və şairlərin ən azı bir-iki əsərini oxumaq, hətta çox sevdiyim və yalnız adını eşitdiyim yazıçılar, şairlər, alimlərlə yaxından tanış olub dostluq etmək nəsibim oldu. Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Sarvan, Fikrət Qoca, Abbas Abdulla, Fikrət Sadıq, Ramiz Rövşən, Rəşad Məcid, Səlim Babullaoğlu, Aslan Quliyev, Elçin Hüseynbəyli, Eyvaz Zeynalov kimi şair və yazıçılar; İsa Həbibbəyli, Kamal Abdulla, Rahid Ulusel, Abuzər Bağırov və başqa elm adamları...
Bütün bunlarla yanaşı, Əjdər Olun mənim ürəyimdə çox xüsusi və əvəzolunmaz bir yeri var. Əjdər Ol mənə Azərbaycanı qarış-qarış gəzdirdi,adını andığım bütün şəhərlərə, qəsəbələrə, hətta kəndlərə apardı… Mən ondan Azərbaycanın tarixini, taleyini, etnoqrafiyasını, Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrəndim. Onun bələdçiliyi ilə etdiyimiz səfərlərdə Azərbaycan təbiətinin bütün gözəlliklərini seyr etdim. O, mənə Azərbaycan şairlərini misra-misra; Azərbaycan yazıçılarını sətir-sətir oxutdu...
Mən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onunla səfərlərimizdə yol boyu əzbərdən söylədiyi və şərh etdiyi beytlərlə daha dərindən dərk etdim. Onun nəql etdiyi səhnələrlə Azərbaycanın teatr xadimlərinə, rəssamlarına, onların sənət əsərlərinə aşiq oldum. Onun sayəsində çağdaş Azərbaycan poeziyasının və nəsrinin dərinliklərinə bələd oldum. O, mənə Azərbaycan musiqisini, təsviri sənətini bütün incəlikləri, təfərrüatı ilə tanıtdı. Onun izahları ilə aşıq havalarını və muğam sənətini bir-birindən ayıra bildim. Onun köməyi ilə Habil Əliyev kimi ustad bir sənətkarla tanış oldum. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini və komediyalarını Əjdərin dəstəyi və təşfiqi ilə türk dilinə çevirdim.
Azərbaycanın sovet dövründəki mürəkkəb ictimai tarixini, müstəqillik dövründəki siyasi hadisələrin arxa fonunuonun son dərəcə dəqiq və yerində təhlilləri ilə kəşf etdim. Mən Ulu Öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdən Oldan öyrəndim.
Onun bir çox dilə, o cümlədən türkcəyə çevirdiyim “Əjdər Olun Kitabı” (Azərbaycan lətifələri) başda Heydər Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimlərinin müxtəlif hadisələrlə bağlı aforizmlərini; Azərbaycan şair, yazıçı və incəsənət adamlarının zərif yumoristik məqamlarını; Azərbaycan xalqının müdrik şəxsiyyətlərinin hazırcavablıqlarını vərəngarəng Azərbaycan mənzərələrini oxucuların gözü qarşısında sərgiləməkdədir.
“Portret Hekayələri” kitabında işıq üzü görən əsərlər isə bir çox yazıçı, şair və incəsənət xadimlərinimüxtəlif maraqlı yönləriylə təqdim edən möhtəşəm hekayələrdir. Klassik ədəbiyyatımızda təzkirə ənənəsini davam etdirən Əjdər Olun “Portret hekayələri” sanki çağdaş-satirik təzkirələr silsiləsidir...
Onun türkcəyə çevirdiyim “Səhra Komandirinin meymunu” və “Tütün limanı” adlı kitablarında yer alanhekayələri son dövr Azərbaycan ədəbiyyatının ən gözəl nəsr nümunələridir. Əjdər Ol bu hekayələrdəki obrazlar, bəhs etdiyi mövzular, təsvir etdiyi sosial-ictimai məsələlərdə Azərbaycan mühitinə xas insan mənzərələrini bədii boyaların ahəngində bir rəssam incəliyi ilə yaratmışdır.
Onun türkcəyə tərcümə etdiyim, lakin hələ çap etdirmədiyim “Lo” romanında hadisələr 1986-cı ildə baş vermiş və SSRİ-nin dağılmasına səbəb olan Çernobıl faciəsinin təsviri ilə başlayır. Siyasi hadisələri özündə ehtiva edən, Azərbaycanın müstəqillik yolundan bəhs edən bu roman o dövrün sosioloji mənzərələrini son dərəcə realist prizmadan əks etdirir. Bu roman müstəqillik dövrü Azərbaycan tarixinin ən yaxşı portretidir. Sənədli roman xüsusiyyətini daşıyan bu əsər oxucuya o dövrün siyasi hadisələrini, şəxsiyyətlərini düzgün qiymətləndirmək imkanı verir. “Lo” romanını oxuyandan sonra mən bir həqiqəti öyrəndim və dərindən dərk etdim ki, hadisələr və şəxsiyyətlər xarici aləmdən, kənardan göründüyü kimi deyil. Məsələlərin daxili mahiyyəti, batinindəki məna kənardan zahiri görünənlə həmişə eyni olmur.
Əjdər Olun nəsrini bilməyənlər onu Türkiyədə daha çox şair kimi tanıyır. Əjdərin şeirləri Türkiyədə onlarla jurnalda dərc olunub. Mən onun şeirlərindəki vətən, millət sevgisini, misralarındakı poetik sadəlövhlüyü dərindən duyuram. Həssas oxucu onun şeirlərindəkibirinci Qarabağ müharibəsində işğal olunan, itirilən torpaqların acısıyla, vətənin dərdindən, kədərindən doğan ağrılarını görə, duya bilir. Əminəm ki, indi o, böyük zəfərlə, qələbə ilə azad edilmiş vətənin azadlığını, millətin sevincini tərənnüm etməkdədir...
Biz Əjdərlə ildə bir dəfə Azərbaycanı, bir dəfə Türkiyəni gəzirdik. Azərbaycanın hər rayonunu Əjdərin bələdçiliyi ilə tanıdığımı demişdim. Etiraf edim ki, Türkiyənin bəzi şəhərlərini də onun sayəsində tanıdım. Əjdər hər gələndə bir rayon seçər, ən azı bir həftə o rayon və şəhərlərə birgə səyahət edərdik. Mən daha öncə heç görmədiyim Urfa, Mardin, Diyarbəkir, Qaziantep, Kilis, Osmaniyə, Hatay, Təkirdağ və Ədirnə şəhərlərini Əjdər Ol sayəsində gəzdim, gördüm.
Türkiyənin bu gözəl şəhərləri haqqında Əjdərin çoxlu xatirə yazıları, ürəyaçan misraları var. İndi bir əhvalatı xatırlayıram. Bir yay günü Sivasa - Qazi Bürhanəddinin qurduğu dövlətin paytaxtına səfər etmişdik... Oradakı memarlıq abidələrini gəzdikdən sonra bir qədər söhbət etdik. Sözün açığı, onun Qazi Bürhanəddin haqqında bildiyi, danışdığı, tuyuğlarından əzbər dediyiparçalar məni çox təəccübləndirdi... Ramazan ayı idi, şam yeməyi ərəfəsində bir restorana girdik. Şəhər əhalisi şəhər meydanına toplaşmışdı. Restoranlarda böyük sükut hökm sürürdü. Oruc tutmasaq da, yeməyə başlamaq üçün hamı kimi iftar topunun atılmasını, axşam azanının oxunmasını gözləyirdik. Birdən top atıldı və azan səsləndi. Elə bir təlatüm yaranmışdı ki, boşqablara toxunan qaşıq vəçəngəl səsləri bütün səsləri boğurdu. Əjdər Olun bu səhnə qarşısında zarafatla dediklərini heç vaxt unutmuram: “Buna bax, ee! Üç yüz min adamı olan şəhər yemək-içmək üçün mollanın azanına bənd imiş! Hələ bu səslərə bax! Eşidən də deyər ki, Əmir Teymurla Qazi Bürhanəddinin qoşunları vuruşur!”
Əjdər OL Türkiyəni də, Azərbaycanı da, bütövlükdə Türk Dünyasını çox sevən adamdır. Birlikdə Kiprə, Qazaxıstana, başqa türk ellərinə səfərlərimiz zamanı getdiyimiz hər yerdə onunla türk yurdları, türk tarixi, türk mədəniyyətləri haqqında dərindən söhbətlər etmişik.
Əjdər Olun əsərləri Türk dünyasında böyük mükafatlara layiq görülmüşdü. Türkiyədə “Qəzənfər Müəllim gilin Şuşa yürüşü” hekayəsi ilə “II Beynəlxalq Kaşğarlı Mahmut Hekayə Yarışması”nda birincilik qazanmışdı. O qədər vicdanlı, xeyirxah və yardımsevər bir dost idi ki, həmin yarışmada aldığı pul mükafatının böyük bir hissəsini Türk Dünyasının müxtəlif ölkələrindən gələn tələbələrə və oradakı azərbaycanlılara bağışlamışdı.
Azərbaycan, Türkiyə və Türk Dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülməsi təsadüfi bir məqam deyil, onun çoxşaxəli yaradıcılığının, gördüyü əvəzsiz işlərin və işıqlı fəaliyyətinin nəticəsidir.
İmdat Avşar