...Hələ də 14 fevralı Sevgililər Günü kimi bayram edənlər var... 

 Olsun! Kim hansı gündə özünü xoşbəxt, rahat... hiss edirsə, qoy həmin gün onun günü olsun! Amma hamımız bilirik ki, Sovetlərin hakimiyyəti dönəmində bizə də digər müttəfiq respublikalar kimi özəl bayramlar "bəxş edilmişdi". Məsələn, Azərbaycanda və digər türkdilli məmləkətlərdə il mart ayında-Novruzda təzələnir. Amma biz hələ də yeni ili yanvarın 1-dən başlayaraq bayram edib qarşılayırıq.

Yaxud, uzun illər mayın 1-i Dünya zəhmətkeşlərinin həmrəyliyi günü kimi qeyd edilib... Amma şəxsən Azərbaycan üçün, hesab edirəm ki, həmrəylik günü 2020-ci ilin sentyabrın 27-dir! Çünki həmin gün Azərbaycanın qocası-cavanı, qızı-gəlini, nənəsi-bacısı, igid oğulları, iqtidarı-müxalifəti... birləşərək uzun illərdir torpağımızı işğal etmiş (etdirilmiş) Ermənistanın işğalına son qoymaq üçün ayağa qalxdı, cihad etdi, düşməni məhv etdi, torpaqlarımızdan qovdu!

 Sevgililərin günü-14 fevral və Azərbaycanın sevgilisi...

  Nəhayət, dünyanın bir günü də var- 14 fevral sevgililər günü! Tarixə qısa ekskursiya edək: Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən Junoya edilən hörmətə görə tətil edilərdi. Bu günü izləyən 15 fevral günündə isə Lupercalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa, bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Lupercalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olunurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa, o qızla bayram əyləncələri boyu birlikdə olurdular. Bu birlikdəliklər bir-birinə aşiq olan cütlər üçün bayram müddətinin xaricinə daşıb, ümumiyyətlə, evliliklə sonlanırdı. İmperator II Claudius Romanı öz bərk qaydaları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Bu vəziyyətin tək səbəbi romalı kişilərin öz xanımlarını və ailələrini buraxmaq istəməmələri idi. Buna görə də Romadakı bütün nişan və evlilikləri aradan qaldırdı. Əziz Valentin də Claudiusun hökmdarlığı zamanında Romada yaşayan bir keşiş idi. Özü kimi keşiş olan Əziz Mariusla birlikdə Claudiusun qadağasına baxmayaraq gizlicə cütləri evləndirməyə davam etdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrəndi. Əziz Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. Miladdan sonra 270-ci ilin 14 fevral tarixində Xristian şəhidliyində basdırıldı. Eyni zamanlarda Romadakı bütpərəstlər fevral ayı içində qeyd olunan Lupercalia Bayramını öz bütpərəst tanrıları üçün qeyd edirdilər. Bayramdan əvvəli edilən ənənəvi püşkü özləri üçün tətbiqə başladılar. Xristian Kilsəsinin ilk qurulduğu illərdə xidmət edən keşişlər bu mərasimlərin, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından narahat olduqları üçün bir həll tapdılar. Bu gənclərin adlarının əzizlərlə birlikdə xatırlanmasını istədikləri üçün Lupercalia Bayramının başladığı günü Əziz Valentin Günü olaraq qeyd etməyə başladılar. O gündən başlayaraq hər ilin 14 Fevralı Sevgililər Günü olaraq qeyd olunmağa davam edir.   İllər keçdikcə yavaş-yavaş 14 Fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq Əziz Valentin də bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi.   Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya həyat yoldaşlarına bu günün ruhu ilə qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə, amma bir o qədər mənalı çiçəklər gəlir...

 

 Bəs Azərbaycanın milli-mədəni günü-sevgililər günü ola bilməzmi?


 
Gəlirəm 14 fevralı Sevgililər günü kimi qeyd edənlərin arzularına. Araşdırmaçı jurnalist Çingiz Sultansoyun bu barədə maraqlı yazısı var. Aşağıda təqdim edəcəyəm. Amma Azərbaycanın sevgililər günü də rəsmiləşdirilməlidir. Təkcə 1990-cı ildə İlhamın rus əsgərləri tərəfindən güllələnməsi xəbərini eşidəndə onun nişanlısı Fərizə intihar etmişdi... Bu, Azərbaycan gənclərinin sevgi nəğməsi, məhəbbət dastanıdır! Elə isə, niyə həmin günü tanıdığımız sevgi qəhrəmanlarının adına olan günü deyil, tanımadığımız bir ölkə gəncinin başına gəlmiş bir sevgi hadisəsini Sevgililər Günü kimi qeyd edək???

Bu da həmkarımızın qənaəti:

- İyirmi ildən çox tanıdığım bir xanım 14 Fevral - Sevgililər Günüylə bağlı yazıb ki "Həyatımda romantik münasibət görmədim". Xanımın yaşı qırxı keçsə də, çətin bir həyat yaşasa da, gözəlliyi solmayıb. Bu bir yana, heç gözəl olmasaydı belə məlahəti, davranışı, gəncliyindəki naz-qəmzəsiylə rəgbət, simpati və məhəbbət doğuracaq, kişini dəli-divanə edə biləcək bir xanımdır. Ona görə bu etirafı məni kədərləndirdi, amma təəccübləndirmədi. Ona görə ki, qırx-qırx beş il öncə ərli, üç uşaq anası olan bir xanımın etirafını yadıma saldı. Məndən iki yaş böyük, çox gözəl və seksi olan bu xanım etiraf etmişdi ki, qonaqlıqda masa arxasında oturanda, bir oğlanın süfrənin altında nişanlısının əlini xəlvətcə tumarlamasını görmüşdü və o qıza həsəd aparmışdı. "Mən ərimdən heç vaxt heç bir nəvaziş görməmişəm" demişdi... Təqsir ərlərində, biz kişilərdədi ki, xanımlara bu hissləri, münasibəti, ovqatı yaşatmamaşıq? Yoxsa birinci xanımın özündədir ki, kişilər hüzurunda nəsə romantik bir söz, əməl, hərəkətdən çəkinib? Belə zəhmli, qupquru xanımlar görmüşəm, tanımışam az da olsa. Bəlkə bu gözəl xanım "heç zaman romantik münasibət görmədim" deyəndə yanılır? O mənada ki, onun da həyatında arzuladığı, can atdığı romantik anlar, saatlar, aylar-günlər olub, amma onları sanki görmür, anlamır, dərk eləmir? Tək qadınlara yox, kişilərə də, bütün insanlara xas olan bir özəllikdi - malik olduğunun qədrini bilməmək, dərk etməmək. Məhz bu səbəbə aşağıdakı sualları ona və Facebookda dostluğumda olan bütün xanımlara ünvanlayıram:

-Sizə heç vaxt gül, ətir, konfet, şokolad hədiyyə etməyiblər? Sizi küçədə, qapı ağzında gözləyiblər? Həsrətlə baxıblar? Qaba olmayan, ürkək, eşq dolu baxışlarla günlərlə, aylarla təqib ediblər? Görüşə çağırıblar?

Məclisdə, bir çox adam içində masa arxasında oturanda sevgiliniz ya nişanlınız, ya əriniz süfrənin altında əlinizdən xəlvətcə tutub? Əlinizi tumarlayıb? Dizinizə yavaşca toxunub? Saçlarınızı tumarlayıb, qoxlayıb? Pəncərədən, barmaqlıq arasından uzatdığınız əlinizdən, barmaqlarınızdan öpüb?

***

...Bu cür oxşama, nəvaziş, bu sadaladığım kimi hallar və hərəkətlər özü romantika deyilmi? Bütün bunlar, ya bir hissəsi, ya heç olmasa birisi qadının həyatında olubsa, deməli, o romantik anlar və hisslər yaşayıb.

Həqiqətən heç biri olmayıbsa, acınacaqlıdır...

 

 Sevilən və sevdiyiniz gününüz mübarək olsun!

...Azərbaycanda uzun illərdir vərdiş edilən 14 fevral Sevgililər günü fərqli ad və tarixlə qeyd edilir. Amma hələki kütləvi deyil... Bizim ölkədə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi, 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilməlidir, -deyə düşünənlər az deyil... Bu tarix İlham və Fərizənin xatirəsinə ithaf kimidir. Bu cütlüyün faciəvi məhəbbət hekayəti milyonlarla azərbaycanlını sarsıtdı. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. 2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir. Bu günün tarixçəsi qəmli də olsa onların məhəbbətini, Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar. Ailə quran gənclər ümid və arzu dolu idilər. Amma 1990-cı ilin gəlişi cavanlara bədbəxtlik gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi və şəhidi oldu. İlham rus əsgərlərinin gülləsindən şəhidlik zirvəsinə qalxdı.  Həyat yoldaşının öldüyünü eşidən Fərizə isə intihar edir... İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır- 30 iyun tarixi!

***

Bəli, tariximizin Sovet illəri kimi yaddaşımızda qalan hissəsində xalq qəhrəmanları da, inqilabçılar da, 1941-45-ci illərin əfsanələşdirilmiş igidləri də özgə xalqlara məxsus olub. 70 il ərzində bizi özümüzün tarixi qəhrəman babalarımıza deyil, Lenin babaya oxşamağa inandırıb sövq ediblər...

 Yaxud, sevgi dastanını Valentindən öyrənməyə inandırıblar. Halbuki, təkrar edirəm, özümüzün dünyanın mədəniyyət-sevgi tarixinə düşmüş Leyli və Məcnunumuz, Fərhad və Şirinimiz, İlham və Fərizəmiz var... Qəhrəmanlığı isə Razindən, Fialetovdan, 26 Bakı Komissarlarından... öyrənməyi təlqin ediblər. Bəs 2020-ci ilin 44 günlük Zəfər müharibəsində dünya hərb tarixinə adı qızıl hərflərlə yazılmış Şuşa fatehlərinin igidliyini, əfsanəyə dönmüş qəhrəmanlığını niyə demirik?!  Deməli, qəhrəmanlığı da, sevgini və məhəbbəti də öyrənmək üçün özümüzün çoxsaylı örnəklərmiz var. Sadəcə, görkəmli alim Xudu Məmmədovun sözləri ilə desəm, gənclərə Vətəni sevməyi öyrətməkdənsə, onlara Vətəni yaxşı tanıtmaq lazımdır, onlar özləri Vətəni sevəcəklər...

Gəlin Vətənin örnəklərini gənclərimizə yaxşı-yaxşı öyrədək...

Asif MƏRZİLİ   

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.İst. 6.3.8)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN