Allahverdi EMİNOV

(Şair Vahid Əzizə məktub)

...Neçə gündü özüm də narahat idim: şəxsi qayğılarımla bağlı deyildi. Haçansa eşitdiyim, oxuduğum şeirlərin müəllifinin “poetik ağrıları” idimi fəhmən yaşayırdım? “Deyə bilmərəm” yozumu həqiqəti diqtələyirdi. Deyə bilərəm ki, Vahid Əzizin məni soraqlaması, ağır yüklü qayğıların ağırlığında məni tapmasıydı. Oxucularım məni qınamasın, uzaq illərin yaxınlığında belə anların sayı “Gündəliyim”də öz əksini tapmayıb... Telefon zəngindən - gecənin sabahkı günə “ömrünü təhvil verdiyi” saatlardan da çox sonra Vahid Əzizin aydın və sərt, kövrək və ötkəm səsi mənim həyəcanımı gecəli otağın qaranlığında ağuşuna aldı. Müqəddəməsiz:

- Professor, qulaq as, - dedi.

Vallah, onun səsi anasından yatmadığı üçün sillə alan uşağın yalvarışıydı - istəyirdi; anası daha əl qaldırmasın, təki o yatsın. Mənə bəlliydi ki, bu gecə Vahid poetik vəhdən - şeir ilahəsindən “mükafatını” almışdı. Təkrarladı mənə müraciətini: - Professor, sən Allah, kəlməsiz məni dinlə.

Bəli, şair yalvarırdı. Bu səs Vahid Əzizin səsi deyildi. Həsrətlə onu xilas edəcək həkimin gəlişi ümidiylə yaşayan şairin yalvarışıydı. Axı, heç bir şəxs o hissləri yaşaya bilməzdi. - İndicə qurtarmışam, bəlkə də sənə oxuduğum son şeirlərimdi, taledi, bilmək olmur. - Susdu.

Mən bu sükutu gecənin özünəməxsus ağırlığında, insanları yatızdırmaq, xumarlandırmaq iqtidarına malik sehrli bir təbiət qüvvəsində görürdüm. Gecə elə bir aləmdi, o Füzulidən üzü bəri axşamın yorğunu gözəlləri oyatmağa da, məhzun, ilğım bir boşluğa qoşulub axşamacan yatan sehrə də sa-hibdi. Vahid Əzizin “professoru” hələ ki, bu hisslərdən çox-çox uzaqdı. Mən bütün gündüzü küçələrdə rastlaşdığım canlı ilğımların soyuq işığından canımı qurtarıb, beş-altı saatlıq yuxuma təslim olmuşdum. Nə yaxşı, bu “təslim” səhərəcən məni “kiçik ölümə” təslim eləmədi. Bu nə idi? Əlli yaşlı dostumun bəlkə yuxuda qazandığı məhəbbətdi? Bu gecə yuxunun bəxş elədiyi xatirələrdi? Yoxsa, mənim qəsdimə kəsilib? Niyə onun misralarını öz səsiylə doğramıram, buna da gücüm çatmır? O, şair ilhamında yuxusuna qənim kəsilib, milyonluq şəhərdə poetik sözlərinin toxumunu səpir, özü də Xəzərə lap yaxındı. Niyə mənim bir neçə saatlıq gecə ömrümü oyadıb? Vahid Əziz, gecənin bu vaxtında adamı “sözlə güllələmək” istərdinmi? Nədir günahım? Axı, özün yaxşı bilirsən ki, məni yalnız poeziyanın dar ağacından asmaq mümkündü.

Dəstək qulağımda idi, balaları

m yatırdı, bəlkə də şagird, tələbə övladlarım bu gün şeir eşitməmişdilər, bir misra da oxumamışdılar? (Amma Vahid əmilərinin bütün kitablarını vərəqləyiblər).

- Hə, professor. - Səs öz kökündəydi. - İndicə qurtarmışam. Redaktəsiz hüzuruna çatdırıram, fikrini sonra deyərsən. Yata bilməmişəm, gözlərim yaşdı. Qoy oxuyum. Və oxuyur.

“Gecələr keçir” şeirində ömrümüzün işıqlı gündüzünü rənginə boyayan bir gecənin doğurduğu assosiativ fikirlər əyaniləşib, insanın içərisinə aparır. Gecə hələ bilmir, səhər anbaan ona yaxınlaşır və şəhərə hələ bəlli deyil, onun yolu qovduğu gecədən keçir:

Səhərə nə qalır, ulduzlar sönür,

Səhərin yolları gecədən keçir.

Üfüqdə bir solğun şəfəq görünür,

Bu da bir qəribə gecədir, keçir.

Əslində şairin qəlbindən keçən bu kövrək gecə sevən aşiqlərin gileyindən doğan bir yuxuymuş. Bu gecənin işıq-işıq ulduzundan yerə səpələnən sevgi misraları şairə bu yaşında nəyi vəd eləyir: İyirmi-otuz ilin ayrılığının sındırmağı bacarmadığı saf ilhamın səsimi, bir sevdamı? Bu səpkili şeirlərdən gah nakam aşiq kimi həsrətindən çıxırsan, gah da içərinə çəkilib özün-özünə ağlayırsan:

Sən bir dərya, mən bir gəmi,

Üzəcəyəm hara kimi?

Fələk aldı yelkənimi,

Qaçdım, bağlaya bilmədim.

Şəklinə tutdum üzümü,

Hönkürüb yumdum gözümü,

Oxşadım özüm özümü,

Yaxşı ağlaya bilmədim.

Vahid Əzizdə “yar” sözü şairin axtardığı, həsrətində ovxarlandığı söykəncək - obrazdır. Adama elə gəlir, yarının vüsalına yetişmək şair üçün bir o qədər də çətin deyil; amma bu yar xəyalı obraz şəklində poeziyanın predmetinə çevrilir. Və əbədiyyətə çağırır. Vahid Əzizi bəlkə də bu inamdı, etiraf eləyir ki, “yarım bir tufandır gəldi, aparmır. Bağrımı qopardı, bağrımı yarmır”. Baxmayaraq, yarından görüş üçün Zaman istəyir.

Yarımdan görüşə zaman istədim,

Üşüdüm, qalmadı, güman istədim,

Nədənsə, ölməyi yaman istədim,

Bəlkə, istəyimi gördü - gəzirəm.

- Sənin şeirlərində el-yurd həsrəti, yad əllərdə qara təsbeh dənələri tək çevrilən Göyçə torpağının dadı-duzu, ətri-nəfəsi hələ də köz olub alışır. Cəsədləri həsrətdə, qəlbləri yanımızda döyünən Sarı Aşıq, Ələsgər həmişə qələmində yenidən doğulublar; hələ 60-cı illərdə dediyin:

Meşələr saz kimi çıxdı köynəkdən,

İndi Sarı Aşıq ağlayacaqdı. -

Gecənin işığında qulaqlarımda sarı sim tək səslənən misraların ürəyimi sıxdı:

O dağlar dağılsın, mənə qalmadı,

Dağları çəkməyə sinə qalmadı,

Yurd-yuva dağıldı, binə qalmadı,

Görün Sarı Aşıq görərmi, çalın.

Yox, yenə də Sarı Aşığın, Ələsgərin sazını çalacaq Vətən havalarını.

- Hə, - səsinə azca fasilə verdin, yorğunluğun idimi, yoxsa yaddaşını çözələyirdin? - Qalsın sabaha, - Pıçıltın telefonda aydın eşidildi. - Sabah görüşərik, qeyrilərini də oxuyaram.

Ancaq yenə susdun. Və gözləmədiyim vəziyyətdə Hüseyn Caviddən, Mikayıl Müşfiqdən hərəyə bir beyt şeir söylədin. - Təəccüblənmə, professor, - dedin. - Otuz yeddilərin ruhu önündə biz şairlər hələ borcluyuq. Rəhmətlik Rəsul Rzadan savayı.

Mən dərhal unudulmaz şairimiz Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını xatırladım. - Altmışıncı illərə qayıtdım. - Otuz yeddinin nakam qurbanı Müşfiqə həsr olunan məşhur poema “Qızılgül olmayaydı” yadıma düşdü.

Vahid Əzizin səsində daha gecənin yorğunluğu çəkilmişdi. - Xatırlamış olarsan. - Məndən asılı olmadı: - Olmaya?..

Sözümü tamamlamağa qoymadı: - Sabah sənə bir poema oxuyacağam. Sabaha qədər...

...Daimi oxucusu olduğum, sevdiyim qəzetdə - “Panorama”da “Vətənə qayıdanlar” poemasını görəndə müəllifdən heç də az sevinmədim. Əvvəla, qəzetin yaradıcılarının milli çağdaş poeziyamıza həssaslığı, ikincisi, 37-ci ilin şair qurbalarının xatırlanması. Və müəllifin: “İnanıram ki, möhtərəm prezidentimiz Heydər Əliyevin fərman və sərəncamları ilə 37-ci il qurbanlarının unudulmaz xatirəsi ölkəmizdə geniş qeyd olunacaq” - qeydi Vahid Əzizin poetik uzaqgörənliyiydi.

Poema quruluş baxımından ənənələrə söykənmir; fabula yerinə şairin daxili Mənini Cəmiyyətə - Olmuşlara - çağdaşa müraciəti səslənir; Hərçənd, “Başlanğıc” lirik ricətin Vətənin başına gələn müsibətlərin, taleyi gətirməyən nəslin payına düşən mənəvi sarsıntılardan doğan ümid işığı - Məmləkətimizin başçısına olan inam və ümidin həqiqəti.

Bir oğlun qayıdıb, döndü köksünə,

İndi öz qədrini bilən çağındır.

Yaxud:

Öz müdrik yaşıyla döyüşdü gəldi,

İndi göz yaşını silən çağındır...

“Salam, Cavid Əfəndi, salam Müşfiqim”, “Gec də olsa da, məzar yerin - Vətəndir” fəsillərində Hüseyn Cavidlə Mikayıl Müşfiq ağrısı Vahid Əzizin qəlbində köz kimi alışıb yanır. Burda söz təkcə hər iki sənətkarın fiziki ölümlərindən getmir; belə olsaydı, bu poetik keçidlər patetik səciyyə daşıyardı. Müəllif isə məhz 37-ci ilin qurbanlarının əsas günahını Şair sözündən, sözün qüdrətindən xoflanmaqda görür:

Şairi sürgündə olan millətin

Axır aqibəti dustaqlıq olur.

                

Şair dili xəncərdirsə

Qınında qalmalı şeydir.

                

Şairlər millətin ərköyün oğlu,

Xalqına eşqinin divanələrdir.

Elə ki, bir eldə şair doğuldu,

Demək, bu torpağa bərəkət gəlir.

Vahid Əziz Cavidlərin, Müşfiqlərin taleyində təkcə özümüzü günahlandırmır; bu günlərədək yaddaşımızı “oğurlayan” nadürüst əclaf ermənilərin o vaxtkı qanlı əllərini də xatırlayır. Namərdlər həmişə ürəyimizə asanlıqla yol tapıblar, işlərini görüb qaçıblar. Şairi də haqlı olaraq hiddətləndirən bir səssiz haraydır:

Məni assanız da, özünüz asın,

Namərd düşmənlərə qurban etməyin...

Bu poetik harayın cingiltisində Müşfiqin həzin tarının səsi, o bağdan nigaran-nigaran keçən durnaların yarpaq-yarpaq səpələnən lələkləri oxucunu “ağ ləkəli” dünyaya aparır.

“Müşfiqin ürəyi döyündü məndə”, “Sonu olmayan sonluq” fəsillərində Vahid Əziz öz Məniylə Müşfiq və Cavid ömründə nakam və nikbin paralel axtarır. Nakam şairlər cismən olmasalar da:

Zindanlar içində ölən şairlər,

Uçarlar işıq tək pəncərələrdən.

Poemanın “Ölərəm, demərəm mən bu ağını” fəslində V.Əziz “Dərdin alım” rədifiylə ötən illərin faciəsini vərəqləyir. Zəngəzur, Qarabağ, Təbriz, İrəvan, Qubadlı, Göyçə mahallarının bütöv Azərbaycandan qoparılmasını Tarixin günahı hesab eləyir, üzünü amansız Tarixə tutub yanıqlı ağı söyləyir.

Bir həqiqəti də müəllif etirafla cavablayır ki, bu yadlara pay qismətində ulu babalarımızın günahı az deyil. Acı da olsa, biz bu biganəliyi boynumuza almalıyıq:

Ay babam, ay zalım, ay ulu babam,

Cavab ver, gözləri yuxulu babam.

Sənin günahından bəlalardayam,

Deyirsən - nə deyim? - Dərdini alım?

Poemanın epiloqu Vahid Əzizin parlaq, saf ilhamının yekunu təsiri bağışlayır. Şair taleyinin mübhəm qismətindən bir nigarançılıq hissi keçirən müəllif: “Mən ondan yaşlıyam, əlli birdəyəm. Bəlkə bu da mənim son əsərimdir”, - deyə talelərdə oxşarlıq görür. Lakin Cavid və Müşfiq taleyində nikbinlik axtaran şair onların ölümünə inanmaq istəmir və üzünü müasirlərinə - fərman verənlərə tutub səsini ucaldır:

Ay elim, ay obam, hökmdarlarım,

Amandır, bir daha küyə getməyin.

Şairi assanız - özünüz asın -

Düşmən hiyləsinə qurban etməyin.

 “Vətənə qayıdanlar” poeması birnəfəsə qələmə alınan, daxilən yanan və közərən, görkəmli sənətkarların ölümlərinə fitva verən Zamanın poetik məhkəməsidir. Bu, əsərin məzmunundan doğan qənaətdir. Sevindirici bir cəhət də odur ki, Vahid Əzizin poetik deyimi hikmətlidir, sonluqlar fikrin məna çalarını tamamlayır. Bəzilərinə diqqət yetirək:

Açılsaydı müsibətlər, davalar, -

Özüm dönüb dar ağacı olardım.

               

Müşfiqim, necə də cavan qalmısan,

Cavanmı saxlayır ölüm insanı?

                 

Cılız şəxsiyyətlər məhv edənləri -

Böyük sərkərdələr yaşadar ancaq.

   

Vətən torpağının özü kəfəndir -

Dinc yaşar - gici də, görkəmlisi də.

 

Yazıya nöqtə qoyanda “Vətənə qayıdanlar” poeması mənə o gecəni qaytardı. Axşamın qaranlığında, hərdənbir ulduzların yanıb-söndüyü bir gecədə Vətənimizin sinəsində bir vaxt doğulub parıldayan şair ömürlərinin öləziyən ruhunu duydum.

Və öncə şair dostum Vahid Əzizin ilhamını köməyinə çağırdığı kövrək səsini, gözlərində gilələnən məhəbbət yaşlarını yaşadım. Demək, gecələr təkcə qaranlığında bizi ağuşuna almaq üçün gecələmir, Şairlərin poetik səsini ulduzlara köçürüb səhərə əmanət verir.

Və mən o gecəni beləcə yaddaşımda qorudum.

Bakı şəhəri,

İstanbul.N.S

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN