"... İnsanların əksəriyyəti, o cümlədən, müəllimlər pensiyaya çıxmadan dünyasını dəyişirlər."
Xəbər verdiyimiz kimi, ötən gün KİV-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi, professor Qubad İbadoğlu müəllimlərin sertifikasiya məsələsi ilə bağlı irad və təklifini bildirmişdi. O, 52 yaşdan sonra qadınlarda, 57 yaşdan sonra isə kişilərdə yaddaş zəifliyinin yaranmasını, kurikulumu gənclərlə müqayisədə zəif mənimsədiklərini, gənc müəllimlərlə birgə imtahana qatılmalarının ədalətsiz olduğunu əsas gətirərək pensiya yaşlarının azaldılmasını təklif etmişdi.
Professorun təklifinə təhsil eksperti Nabatəli Qulamoğludan cavab gəlib.
Belə ki, müəllimlərin pensiya yaşının azaldılması təklifinə toxunan təhsil eksperti Nabatəli Qulamoğlu KİV-ə açıqlamasında sadəcə müəllimlərin deyil, digər vətəndaşların da təqaüd yaşının azaldılmalı olduğunu və bu mənada professor Qubad İbadoğlu ilə həmfikirliyini dilə gətirib.
“...İnsanların əksəriyyəti, o cümlədən, müəllimlər pensiyaya çıxmadan dünyasını dəyişirlər. Bu təklifə müsbət yanaşıram, amma sadəcə müəllimlərə deyil, hər kəsə şamil olunmalıdır”, -deyib.
O, həmçinin verilən təqaüdə də diqqət çəkərək bildirib ki, təqaüdün məbləği vətəndaşın, müəllimin rahat yaşayışını da mütləq təmin etməlidir.
Y.MƏMMƏDLİ