Təəssüf ki, ölkədə Azərbaycan dilində tədrisin səviyyəsi aşağıdır.

Bu fikirləri Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor  Nizami Cəfərov son zamanlar valideynlərin rus dili bölmələrinə üstünlük verməsi məsələsinə münasibət bildirərkən dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycan dilində tədris aparan müəllimlərin həm bilik səviyyəsi, həm də keyfiyyəti rusdilli və ingilisdilli müəllimlərdən geri qalır.

“Ana dilində tədris aparan müəllimlərin bilik səviyyəsi və keyfiyyəti rus və ya ingilis dilli müəllimlərlə müqayisədə lazımi səviyyədə deyil. Azərbaycandilli dərsliklər də texniki cəhətdən rus və ya ingilisdilli dərsliklərdən geri qalır. Bu, Azərbaycan dilinin nüfuzunun aşağı olması ilə əlaqəli deyil, tədrisin problemidir”, - deyə bildirib.

Nizami Cəfərov qeyd edib ki, dünyada rus dilinin nüfuzu əvvəlki kimi olmasa da, bizim bu dili bilməyə ehtiyacımız var, həmçinin vurğulayıb ki, cəmiyyətdə ana dilimizdə olan tədrisin keyfiyyətinə inamsızlıq yaranıb.

“Cəmiyyətdə Azərbaycan dilində tədrisin keyfiyyətinə inamsızlıq var. Niyə şagirdlər Azərbaycan bölmələrində onlara lazım olan xarici dilləri öyrənməkdə çətinlik çəkirlər?! Olmazmı ki, ana dilində təhsil alıb həm yaxşı şəxsiyyət və mütəxəssis kimi yetişəsən, həm də başqa dilləri öyrənəsən?! Təbiidir ki, bu gün ən azı ingilis dilini bilməsək, dünyaya çıxış çətin olar. Diqqət edin, dövlət bu işə qarışmır, cəmiyyət isə orta məktəblərdə rus dilində tədrisin genişləndirilməsi üçün təzyiq göstərir. Açığı, hazırda rus dili 20-30 il əvvəlki kimi nüfuzlu deyil. Daha doğrusu, rus dilində elmi ədəbiyyat əvvəlki qədər çox deyil. Əksinə, ingilis, fransız, alman dillərində resurslar daha çoxdur. Həmçinin, inkar edilə bilməz ki, olduqca ciddi əhəmiyyət kəsb edən “postsovet məkanı” adlı həqiqət var. Yəni, nəinki Rusiyaya, hətta türk dövlətlərinə getsək də, bizim rus dili biliyinə ehtiyacımız var. Məsələ birtərəfli deyil”, - professor diqqətə çatdırıb.

***

Qeyd edək ki, rus dilində tədrisin keyfiyyətindən (rusdilli müəllimlərin savadından həm də) danışarkən rus dili bölməsində təhsil alan abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında qazandıqları nəticələrə də, keçid ballarına da nəzər salsaq, pis olmaz: ən azı Azərbaycan bölməsində təhsil alan şagirdlərdən 100 bal aşağı nəticə göstərirlər və daha rahatlıqla tələbə adını qazanırlar...

Məktəblərdə rusdilli müəllimlərə olan ehtiyacı ödəmək üçün MİQ rusdillilərin keçid balını, hətta 30-a salıb.

Xatırladaq ki, hazırda orta məktəblərin rus dili bölmələrində təhsilin keyfiyyətinin heç də yüksək olmadığını çoxları bilir.

Ümumilikdə isə bəllidir ki, şağirdlərin test imtahanlarında “üzünü ağardan” repititorlardır...

Azərbaycanda tədrisin, dərsliklərin keyfiyyətinin aşağı olması hamıya məlumdur, narazılıqlar da çoxdur. Və bu narazılıqlar nəzərə alnmalıdır. Lakin ana dilində tədris aparan müəllimlərin biliyinin rusdillilərdən zəif olduğunu söyləməyə dilimiz gəlmir…

 Təhsil mütəxəssisi Nadir İsrafilov da bu günlərdə valideynlərin rus dili bölmələrinə olan marağından danışarkən qeyd edib ki, bu, nə vaxtsa rusdilli uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin yüksək olması, nizam-intizamda mütəşəkkillik göstərmələri ilə bağlı yaranmış miflə əlaqədardır.

Bəli, bu, sadəcə mifdir...

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN