AMEA-nın strukturu, işçilərin say həddi və Nizamnaməsini kimlər və necə hazırlayır?

 ***

“AMEA-da qaraj müdiri və mühafizəçilər də professordan çox maaş alırlar”.

Bunu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Tezadlar.az”ın AMEA-da baş verənlərlə bağlı sualını cavablandırarkən açıqlayıb.

 

“...İndi gəlin görək bu işləri kimlər etməlidir? Artıq qeyd olunan müddətin bir ayı arxada qalıb. Bu müddətdə nə işlər görülüb? Doğrusu, hələlik bu istiqamətdə Akademiya rəsmlərinin ümumi xarakterli açıqlamalarından başqa heç nə məlum deyil. Əslində Akademiyanın əvvəlki rəhbərliyinin prezident fərmanından irəli gələn vəzifələri tələb olunan müddətdə və tələb olunan səviyyədə icra edə biləcəyi də inandırıcı görünmür. Əgər o heyət bu işləri görmək əzmində və gücündə olsaydı, onda Akademiya niyə bu vəziyyətə düşürdü?! Daha bir ciddi məqam isə ondan ibarətdir ki, Akademiyanın Rəyasət Heyətində təmsil olunan və real söz sahibi olan alimlərin əksəriyyəti funadmental elmlərin nümayəndələridir. Təbiidir ki, həmin insanlar Humanitar və İctimai elmlərdən ibarət yeni yaradılacaq Milli Elmlər Akademiyasının prioritetlərini tarixçi, ədəbiyyatşünas, dilçi və ya filosof almlər qədər təsəvvür edə bilməzlər. Bu, axı onların sahəsi deyil! Rəyasət Heyətində yer alan iki-üç nəfər tarixçi, ədəbiyyatşünas və şərqşünas akademiklərimizin (Diqqət edin, onların arasında nə arxeoloq, nə etnoqraf, nə də antropoloq var. Bu disbalansı kim yaradıb?! Belə olan halda 300 nəfərə qədər əməkdaşı olan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə bağlı təkliflər kimdən gələcək?!) də köhnəlmiş iş üslubu və yanaşmalardan üz döndərərək irəliyə doğru hansısa bir pozitiv addım atacağı da real görünmür. Birbaşa həmin akademiklərin kurasiyasında olan Humanitar və İctimai elmlər blokuna daxil olan institutların bu günkü acınacaqlı durumu bunu deməyə əsas verir. Məgər bu rəhbərlər görmürdü, bilmirdi ki, onların nəzarətində olan hansısa institutların direktoruları sadəcə xəstə olmaları səbəbindən aylarla işə gələ bilmirdi?! Gələndə də xərəkdə, qucaqda gəlirdilər. Uzun illər idi ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi mühitin tam olaraq korlandığı məgər onlara məlum deyildi? Başda İnstitut direktoru da olmaqla orada «çalışan» insanların az qala üçdə iki hissəsindən çoxu baza təhsili uyğun olmayan insanlardır. Onların da böyük əksəriyyəti ümumən elmə heç bir aidiyyəti olmayan simalardır. Hansı ki, onların da bir çoxu məhz AMEA-nın Rəyasət Heyətində söz sahibi olan cənabların xahişi, tapşırığı və göstərişləri əsasında rəhbər vəzifələrə yerləşdiriliblər. Bu halları digər institutlarda da eynilə müşahidə etmək olar. İndi təsəvvür edin, həmin savadı, təcrübəsi, səriştəsi və hətta diplomu olmayan nadan və hikkəli vəzifəlilərin tabeliyində işləmək nədir? Heç kəs üçün sirr deyil ki, belələri vicdanlı və normal elm adamlarına qısqanclıq edir və sözün əsl mənasında onlara lətifəsi elm adamlarından uzaq «dəvə nalbəndə baxan kimi baxırlar»”, - deyə professor bildirir.

 

 Elmlə məşğul olmaq həm də fədakarlıq nümunəsidir

  

-İndi deputat da, siyasətçi də, media nümayəndələri də alimləri ittiham edir. Məgər Akademiya sistemindəki hər cür özbaşınalıq, süi-istifadə və eybəcərliklərə görə alimlər ittiham olunmalıdır? Çox uzağa getməyəcəyəm, elə bu ilin iyul ayında Şamaxı rayonu ərazisindəki Kələxana türbələr kompleksində arxeoloji tədqiqat apardığımız günlərdə havanın hərarəti bəzən 40-44 dərəcəyədək yüksəlirdi. Açıq havada, tozun-torpağın içində, ilan və əqrəblərin hər addımda ayağa dolaşdığı şəraitdə işləyirdik. Əslində arxeoloqların işinin spesifikası belədir. Həm də buna görə heç bir arxeoloq-alim taleyindən və peşə seçimindən peşiman da deyil. Məncə, aylıq maaşı vur-tut 350-500 AZN təşkil edən elm adamları üçün bu, işdən və nəticədən əlavə həm də bir fədakarlıq nümunəsidir. Azərbaycanda hansı peşə sahibi belə cüzi maaş naminə ən azı bir ay ərzində lap heç bir iş görmədən gündə 8 saat o şiddətli istilərə dözməyi özünə rəva görər?!

Bütün bunlardan sonra axşam televizoru açanda, saytlara baxanda eşidirik ki, alimlər dövlətin büdcəsini dağıdırlar… Akademiya qocalar evidir, alimlər parkda nərd oynayır və s.

Gəlin, əvvəl büdcə məsələsinə bir balaca aydınlıq gətirək. Mən elmlər doktoru, professor, Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri və Azərbaycan tarix elmində 10-dan çox elmi yeniliyin müəllifi olaraq aylıq vəzifə maaşım cəmisi 500 AZN-dir. Bu məbləğ Milli Məclis üzvünün aylıq əmək haqqından təqribən 16 dəfə, deputatın köməkçisinin maaşından isə bir neçə dəfə azdır. AMEA-da qaraj müdiri və mühafizəçilər də professordan çox maaş alırlar. Alimə, elmə bu cür münasibət haradan qaynaqlanır? Görəsən, alimlərin özlərindən savayı bu reallıqlardan xəbəri olan varmı?! Yəni, ömrünü bütünlüklə elmə həsr edərək onun ən yüksək mərtəbəsinə yüksələn elmlər doktoru, professor olan alimə verilən dəyər budurmu?! Belə yanaşma olan şəraitdə Azərbaycan elminin nə vaxtsa yenidən nizamilər, fizulilər, lütfizadələr, məmmədəliyevlər, bünyadovlar yetişdərəcəyinə necə inanasan?!

İndi orta həcmli bir elmi məqaləni AAK-ın siyahısında olan ölkədaxili jurnallarda nəşr etdirmək üçün ən azı 100-150 AZN, beynəxalq jurnallarda nəşr etdirmək üçün minimum 800-1000 ABŞ dolları tələb olunur. Sual olunur: Elmə yeni gələn və alim olmaq istəyən gənc elmi işçi bu məbləği haradan əldə etsin?! Bəli, məhz belə anormal yanaşmaya görə, hətta istedadlı gənclər elmə gəlmək istəmirlər. Belə misalların sayını istənilən qədər sadalamaq olar. Gəlin görək, elminə qibtə etdiyimiz ölkələrdə də belədirmi?! Deyilənlərə onu da əlavə edim ki, 20-dən çox kitab müəllifiyəm, hansı ki, onlardan yalnız ikisini institutun vəsaiti hesabına nəşr etdirmişəm. 30-35 çap vərəqi həcmində olan kitablarımın hər birinin çapına orta hesabla 3500-4000 AZN xərcim çıxıb. Son 30 ildə institut xətti ilə bir dəfə də olsun xarici ölkələrdə ezamiyyətdə olmamışam. Qəbələ, Ağsu, Kürdəmir, İsmayıllı və Şamaxı rayonları ərazisində aşkar və tədqiq etdiyim abidələr və əldə olunan çox ciddi elmi nəticələr də göz qabağındadır. Təvazökarlıqdan uzaq olsa da, sadalamaq zorundayam. Baxın, 45 ilə yaxındır ki, tədqiqat apardığım qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxt şəhəri Qəbələ artıq YUNESKO-nun mədəni irs siyahısına düşməyə namizədlər sırasındadır. Orta əsr Ağsu şəhəri mənim rəhbərliyimlə aparılmış tədqiqatlardan sonra ölkə prezidenti tərəfindən Tarix və Mədəniyyət Dövlət Qoruğu elan edilib. Basqalda arxeoloji cəhətdən öyrəndiyim sahə də birbaşa ölkə prezidentinin tapşırığı ilə arxeoparka çevriləcək. Şamaxı rayonu ərazisindəki Pir Ömər Sultan ziyarətgahında tədqiqatların və Xəlvətilik sufi təliminin banilərindən olan Pir Ömər Avaxıli Şirvaninin türbəsinin aşkar olunması bütövlükdə Türk dünyasının elmi-mədəni həyatında mühüm hadisə oldu. Bu ilin iyun-iyul aylarında tədqiq etdiyim Kələxana (Şamaxı r-n) türbələr kompleksinin Azərbaycanın çox mühüm arxeoloji turizm kompleksinə çevrilməsi istiqamətində hazırda intensiv işlər gedir və s.

Əziz qələm əhli, sizcə alim daha nə etməlidir?! Odur ki, Akademiyadan tənqid yazanda çalışın ki, ünvanı dəqiq seçəsiniz. Əgər elmə ayrılan büdcənin kimlər tərəfindən və necə dağıdıldığını bilmirsinizsə, bilənlərdən soruşun.

Akademiya artıq neçə illərdir ki, vahid elmi qrum olaraq işləmir. Burada sadəcə ayrı-ayrı fərdlər işləyir. Bu gün Azərbaycan elmi adına olan hər bir müsbət iş və nəticələrə görə məhz o fədakar insanlara minnətdar olmalıyıq. Hansı ki, onlar ətraflarındakı qeyri-sağlam elmi mühitə rəğmən işləməkdən, araşdırmalar aparmaqdan, elmimizi inkişaf etdirmək həvəsindən əsla usanmırlar.

Akademiyanı qocalar evi kimi təqdim edənlərə, alimlərin parkda oturub nərd oynamasına ironiya ilə yanaşanlara da sözüm var: Əzizlərim, bir gözünüzü açıb dünyaya nəzər salın. Görün, dünyanın, lap elə ayrılıqda götrülən hər hansı bir ölkənin alimlərinin orta yaş həddi nə qədərdir? Düşünməyin ki, tarix elmlər qrupu üzrə kimsə 55-60 yaşdan tez elmlər doktoru – professor adı ala bilər. Unutmayın ki, elmin yolları K.Marksın təbirincə desək, «daşlı-kəsəkli yollardır». Razıyam ki, hansısa məmurun oğlu və ya qızı əslində elm üçün, alim olmaq üçün məqbul hesab edilməyən çox rəvan yollarla, hətta 30-35 yaşında belə doktorluq və professorluq diplomu əldə edə bilər. Belə «nümunələr» də var. Amma bu hələ həmin arxalı şəxslərin alim olması demək deyil.

Bir neçə il əvvəl “bərk gedən” akademiklərimizdən biri televiziyada çıxış edərək bildirdi ki, o, 850 adda elmi əsərin müəllifidir! Düzü, oturduğum yerdə məni tər basdı. Yəni, alim də bu qədər müştəbeh ola bilər?! Elmi əsər yazmaq, yəni bu qədər sadə bir işdir?! Görünür, bu akademik sadəcə işlətdiyi ifadənin ciddiliyini anlamır. Bu yaxınlarda daha bir üzdə olan akademikmizin 2000 ədəddən çox əsərinin olduğunu eşidəndə isə doğrusu lap şoka düşdüm. Mənim bildiyimdən ən azı 4-5 vəzifəsi, özü də çox mühüm vəzifələri olan bu insanın, ümumiyyətlə nəsə yazmağa vaxtı olubmu?! Əgər gecə-gündüz yaradıcılıqla məşğul olubsa, onda ona həvalə olunmuş o çoxsaylı mühüm vəzifələri kim icra edib?! Görün, elmin, alimin dərdləri, problemləri haralara gedib çıxır?! Bəli, Azərbaycanda bu sıradan olan doktor, professor və akademiklər heç də az deyil. Əslində elmimizi bərbad günə salanlar da uzun illərdi ki, elmimizin başında duran məhz belə «seçilmişlərdir». İnanın, həmin şəxslərdən hansısa qarşıdakı dönəmdə Milli Elmlər Akademiyasının prezidenti «seçilərsə» şəxsən mən əsla təəccüblənmərəm.

Mən uşaq vaxtı elə bilirdim ki, müəllimlərimiz çörək yemir və s. İndi də, deyəsən bəzi media nümayəndələri elə düşünürlər ki, sanki alim olan kəsin bütün ömrü kitabxana, laboratoriya və ya iş otaqlarında keçməlidir. Ay əzizlərim, məgər siz azad, müstəqil və demokratik bir ölkədə yaşadığınızın fərqində deyilsiniz? Məgər alim insan deyil?! O, asudə vaxtında parka gedə bilməz, orada hansısa dostu, tanışı ilə nərd oynaya bilməz?! Nə olsun ki, vaxtı ilə bir çoxlarınıza dərs demiş, imtahan və ya zaçot götürmüş alimlərin aylıq maaşı sizlərin maaşından qat-qat aşağıdır.

 

(Davamı var)

Təqdim etdi: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN