2022-2023-cü tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 111 ölkədən 8819 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, İraq, Şri-Lanka, Suriya və digər ölkələri təmsil edirlər.

Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti yer alır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. 

Son bir il ərzində say artımı göz önündədir, lakin yaxın qonşumuz olan Gürcüstandakı əcnəbi tələbə sayına baxdıqda bu rəqəm çox aşağı olduğu ortaya çıxır. Beləki, Gürcüstanda 17 min əcnəbi tələbə təhsil alır.

Bəs görəsən, əcnəbiləri Gürcüstandakı ali məktəblərə cəlb edən nədir ki, o bizim ali məktəblərdə yoxdur?

Məsələyə ali təhsil məsələləri üzrə ekspert  Vüsal Kərimli də münasibət bildirib.

 Onun sözlərinə görə, ölkəmizə təhsil üçün müraciət edən tələbələrin sayı olduqca azdır və bunun səbəbi müəllimlərimizin xarici dil problemlidir.

O, qeyd edib ki, universitetlərimizdə xarici dildə bakalavr və magistr üzrə təhsil proqramları təklif olunmur və təşkil edilən proqramların da səviyyəsi ürəkaçan deyil.

“ Çünki, müəllimlərimizdə ingilis dili məsələsi problemlidir. Bu problemləri nəzərə aldıqda əcnəbi tələbələrin Azərbaycanda inkişaf etmiş təhsil ala biləcəkləri məsələsi şübhə altında qalır. Qonşu ölkələrlə, məsələn, Gürcüstanla müqayisə etsək, bizim ölkəmizə təhsil üçün müraciət edən tələbələrin say etibarı ilə olduqca az olduğunu müşahidə edərik. Təhsil Nazirliyinin statistikasına əsasən, təxminən 8000 nəfərdən çox tələbə müraciət etmişdir. Bu isə aşağı göstəricidir", - deyə vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN