Məlum olduğu kimi, baş nazir Əli Əsədov müəllimlərin saathesabı maaşlarının artırılması ilə bağlı qərar imzalayıb.
Bəs bu qərar hansı müəllimlərə şamil olunacaq? Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı verdiyi açıqlamada diqqətə çatdırıb ki, qərar ali təhsil müəssisələrində çalışan professorların, elmi dərəcəsi olan və elmi pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərə aiddir.
Ekspertin sözlərinə görə, bir neçə ali təhsil müəssisəsində çalışan müəllimlərin əsas iş yeri kimi bir yer müəyyən olunur, digərlərində saathesabı qaydası ilə çalışır və ona uyğun da maaş verilir.
“ Qərarda həmin məbləğin artması nəzərdə tutulub. Bu qərarın ümumi təhsil məktəblərinə, məktəbəqədər və peşə təhsil müəssisələrini aidiyyatı yoxdur”, - deyə bildirib.
Qeyd edək ki, baş nazir Əli Əsədovun imzaladığı bu qərar orta məktəb müəllimlərinin bir çoxunu həm ümidləndirib, həm də qeyri-müəyyənlik yaradıb. Bu baxımdan, mövzu sosial şəbəkələrdə də müzakirələrə yol açıb.
Təhsil ekspertinin verdiyi açıqlama yəqin ki, bu anlaşılmazlığı aradan qaldıracaq.
Y.MƏMMƏDLİ