Hərbi xidmət keçmiş gənclərə təhsil imtiyazları veriləcək.
Bunu Qazaxıstan Respublikası müdafiə nazirinin müşaviri Aygül Tulembayeva brifinqdə deyib. Tulembayeva diqqətə çatdırıb ki, Qazaxıstanda 2022-ci ildən etibarən Müdafiə Nazirliyi tərəfindən hərbi xidmət keçmiş gənclərin təhsil müavinətləri ilə təmin olunması istiqamətində xeyli işlərə başlayıb və həyata keçirməkdədir.
“Birincisi, onlar təqvim ili ərzində Vahid Milli Testi (VMT) nəzərə almadan ölkənin bütün ali məktəblərinə ödənişli əsaslarla daxil ola bilərlər. Qeyd edim ki, artıq elm və ali təhsil nazirinin əmri ilə təsdiq edilmiş standart qəbul qaydalarına da müvafiq dəyişikliklər edilib. Bu qaydalar Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib və hazırda qeydiyyat mərhələsindədir”, - deyə Aygül Tulembayeva bildirib.
Eyni zamanda, döyüş hazırlığı sahəsində ən yüksək nəticə göstərən əsgərlər təhsil müəssisəsi tərəfindən verilən 100% endirim nəzərə alınmaqla, ali məktəbdə təhsil almaq imkanı əldə edəcəklər. Bu günə kimi 40 ali məktəblə müvafiq müqavilələr bağlanıb.
“Hərbi xidməti başa vurmuş əsgərlər də ali məktəblərin hərbi kafedralarında imtahansız və ödənişsiz təhsil ala biləcəklər. Yəni orduda xidmət etdikdən sonra ehtiyatda sıravi olurlar, zabit rütbəsi almaq istəsələr, hərbi kafedraya daxil olub ehtiyatda olan leytenant rütbəsi ala bilərlər. Çox önəmli olan odur ki, hərbi xidmətini keçmiş və yaxşı nəticə göstərən uşaqlar müsabiqə yolu ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə imtahansız daxil ola biləcəklər”, - deyə Qazaxıstan Respublikasının müdafiə nazirinin müşaviri vurğulayıb
Qeyd edilir ki, bu güzəştlərdən yararlanmaq üçün ali məktəblərə sənədlərin siyahısını təqdim etmək, həmçinin dövlət xidmətləri mərkəzlərində verilmiş hərbi xidmət haqqında arayış və hərbi biletin surətini əlavə etmək kifayətdir.
JASMİN