“Taliban” qadınlara işləmək və təhsil almaq imkanını geri qaytarmağı planlaşdırır...
Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyi bildirib ki, yaxın vaxtlarda qadınlara və qızlara “islam formatı, əfqan ənənələri və şəriət qanunları əsasında” təhsil almaq və işləmək imkanı veriləcək.
***
Əfqanıstanın müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Şer Mohammad Abas Stanekzai deyib ki, Taliban bütün vətəndaşlara, xüsusən də qadınlara və qızlara iş və təhsil imkanı verəcək. Bu barədə Əfqanıstanın TOLO xəbər agentliyi məlumat yayıb.
Xarici işlər nazirinin müavini ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.
“İslam Əmirliyi hökuməti ölkə daxilində bütün əfqan bacı və qardaşlar üçün İslam formatı, əfqan ənənələri və şəriət əsasında işləmək və hətta təhsil almaq üçün imkanlar yaratmaq istəyir. Bu istiqamətdə iş gedir və ümid edirik ki, yaxın vaxtlarda bunu düzəldəcəyik”.
İqtisadiyyat Nazirliyi sosial-iqtisadi sahədə ən azı 260 təşkilatın fəaliyyət göstərdiyini bildirib.
İqtisadiyyat nazirinin müavini Əbdül Lətif Nəzəri deyib: “İslam Əmirliyi təşkilatların fəaliyyəti üçün müxtəlif imkanlar yaradıb və bu baxımdan onlar bizim diqqətimizdədir”.
***
Xatırladaq ki, 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra Taliban hərəkatı qadınlara tam orta təhsil almağı qadağan edib. 2022-ci ilin mart ayında 1-12-ci sinif şagirdlərinin hamısının məktəbə gedə biləcəyi gözlənilirdi. Bununla belə, dərsin ilk günündə 6-cı sinifdən yuxarı şagirdlərin məktəbə girişi qadağan edilib və ya dərslər başlayandan bir neçə saat sonra dərsləri tərk etmək əmri verilib.
2022-ci ilin dekabrında Əfqanıstanın müvəqqəti hökumətinin Ali Təhsil Nazirliyi də qız tələbələrin ali təhsildə iştirakının dayandırılması barədə göstəriş verib.
“Əfqanıstan İslam Əmirliyinin Ali Təhsil Nazirliyi universitetlərə məktub göndərərək Nazirlər Kabinetinin qərarına əsasən, qızlar üçün dərslərin növbəti xəbərdarlığa qədər dərhal dayandırılması barədə məlumat verib”, - deyə xəbər yayılmışdı.
Bir neçə gün sonra Taliban da bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına (QHT) qadınları işdən uzaqlaşdırmağı əmr etdi. Bir çox təşkilat buna cavab olaraq ölkədəki fəaliyyətini dayandırıb və ya azaldıb.
Tarixə qısa ekskursiya edək: İlk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...
Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.
İkinci dəfə hakimiyyətə gəldikdən sonra da qadınların qara günləri başladı, halbuki onların hüquqlarının tanınacağı – təhsil və iş problemlərinin olmayacağı barədə söz verilmişdi.
İndi yenə də əfqan qadınlarının, ümumilikdə Əfqanıstanın gələcək taleyi sual altındadır...
Y.MƏMMƏDLİ