Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-ci ildə ibtidai sinif üzrə sertifikatlaşdırılma prosesində 2803 müəllim təkrar imtahan verəsi olacaq. 

 Qeyd edək ki, sertifikasiyadan keçməyən müəllimlər artıq yayda baş tutacaq sertifikatlaşdırmaya hazırlaşmağa başlayıblar. Lakin bir çoxu işləri riskə almaq istəməyərək kurslara, repetitorlara müraciət edirlər. Necə deyərlər, repetitorlar, kurslar fəaliyyətlərinin “çiçəklənmə” dövrünü yaşayırlar. Hətta müəllimlərin bu vəziyyətindən istifadə edərək daha yüksək məbləğ tələb edənlər də artmaqdadır.

Baş verənlərə təhsil eksperti  Elşən Qafarov  da münasibət bildirib.

Ekspert KİV-ə açıqlamasında vurğulayıb ki, sertifikasiya hansısa bir uğur əldə etmək, yaxud dərəcə almaq üçün keçirilən imtahan deyil.

O, qeyd edib ki, özünə güvənsiz olan müəllimlər repetitorlara üz tuturlar.

 “Müəllimlərin sertifikasiya imtahanına hazırlaşmaq üçün kurslara müraciət etməsinin müxtəlif səbəbləri var. Birincisi odur ki, həmin müəllim yüksək nəticə göstərərək maaşını 35 fazilik artım ilə almaq istəyir. İkincisi səbəb kimi müəllimin əlavə bilik və bacarıqlar qazanmaq üçün həvəskar olmasını qeyd etmək olar. Son və ən pis ehtimal da odur ki, müəllim öz bilik, savad və bacarığının imtahandan keçməyə qadir olmadığını bildiyi üçün həmin kurslara müraciət edir. Düşünürəm ki, istənilən halda özünə əmin olan müəllim belə, imtahana hazırlaşmaq üçün açıb nəsə oxuyur”, - deyə diqqətə çatdırıb.

Xatırladaq ki, Elm və Təhsil naziri Emin Əmrullayev sertifikasiya prosesində iştirak edən bir çox müəllimin ən sadə sualları belə cavablandıra bilməməsindən təəssüflənmişdi. Lakin onlara yeni bir şans verilib. Ümid edək ki, bu şansdan istifadə edərək müəllimlər öz biliklərini artıracaqlar və sertifikasiyadan uğurla keçəcəklər.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN