Ulu Öndərin yorulmaz səyləri nəticəsində 1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksək-ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yarandı.
TEZADLAR.AZ xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı”nda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov çıxışı zamanı deyib.
"Sonsuz fəxr hissi ilə deyə bilərəm ki, Ulu Öndərin xeyir-duası ilə ali təhsil almaq üçün 1974-cü ildə Moskvaya göndərilən minlərlə gənclərin arasında mən də olmuşdum. O illərdə, belə nüfuzlu ali məktəblərə qəbul edilmək biz gənclər üçün böyük şərəf idi. Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz olmasa da, üzərimizə düşən məsuliyyəti – Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhəmiyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq. İllər sonra Ulu Öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünya görüşlərinin genişləndirilməsi idi", - deyə Ə.Əsədov qeyd edib.
"Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc valideynlərinin kimliyindən, ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin. Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərirdi. Hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, Ümummilli Liderimiz tələbələrlə görüş keçirməsin.
Azərbaycandan kənarda təhsil almağa göndərdiyi gəncləri öz doğma övladları adlandıran Ulu Öndər deyirdi: “Vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”. Və təbii ki, elə də oldu. Şübhəsiz, Heydər Əliyevin nüfuzlu ali məktəblərdə kadr hazırlığı sahəsində apardığı siyasətin vacib istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsi idi. Məlumdur ki, hələ 1972-ci ildən etibarən Ulu Öndər hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərmişdir. O illərdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə, böyük çətinliklərlə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Amma bu təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarını aşan Azərbaycan ordusuna məhz Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək", - deyə Ə.Əsədov qeyd edib.