Mayın 16-da bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində (BSU) "Heydər Əliyev İli" çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş
“Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” adlı 15-ci bölməsi Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti ( LDU) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da keçirilib. BSU mətbuat xidmətindən "Təzadlar"a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru Anar Nağıyev, LDU-nun rektoru Natiq İbrahimov və Lənkaran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) müdiri Elxan Nəcəfovun rəhbərliyi ilə keçirilən bölmə iclasında hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti, eləcə də regional təhsil idarəsinin müəllim və əməkdaşlarının məruzə və çıxışları dinlənilib.
BSU-nun rektoru Anar Nağıyev çıxışında BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfransında LDU-nun, eləcə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşlarının xüsusi aktivliyinə görə bu günki tədbirin məhz Lənkəranda keçirildiyini bildirib. Rektor Ulu öndər Heydər Əliyevin zəngin irsi, dövlətə qayğısının bir konfransa sığa bilmədiyini, məsələyə müxtəlif yanaşılması üçün böyük konfranslar, auditoriyalar tələb edildiyini diqqətə çatdırıb. Anar Nağıyev məhz XX əsrin 70-ci illərinin başlanğıcında, Sovet İttifaqının inkişaf etdiyi dövrlərdə Azərbaycanın müdrik rəhbəri Heydər Əliyevin Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmasının təkcə öz xalqına olan sevgisi deyil, həm də böyük uzaqgörənlik missiyası olduğunu deyib. O, LDU-da keçirilən regional konfransın əsas hədəfinin Ümummilli liderin Azərbaycan təhsili və xüsusilə də, Azərbaycanın regionlarında təhsilin inkişafındakı misilsiz rolunun öyrənilməsindən ibarət olduğunu vurğulayıb.
BSU-nun Tədris işləri üzrə prorektoru, dosent Ənvər Abbasov, Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev, LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının əməkdaşı, professor Yədullla Ağazadə, Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru, dosent Zaur Məmmədov, “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının baş müəllimi Nahidə Cəfərova, Lənkəran-Astara Regional İdarəsinin əməkdaşları İlham Əhmədov və İlhamə Muradova çıxış ediblər.
Beynəlxalq elmi konfransın sonunda LDU və LARTİ tərəfindən ənənəvi keçirilən regional fənn olimpiadasının qaliblərinin, həmçinin, beynəlxalq konfransda fəal iştirak edən çıxışçıların mükafatlandırılması baş tutub.
Xatırladaq ki, bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində "Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfrans çərçivəsində Lənkəran Dövlət Universitetində regional bölmənin, həmçinin Türkiyə və ya Gürcüstan universitetlərinin birində beynəlxalq bölmənin keçirilməsi nəzərdə tutulub.