Nəhayət ki, Azərbaycanda ali məktəb məzunlarının dövlət imtahanları ləğv edilir: bütün stresslərə, narahatlıqlara son qoyuldu!

Lakin dövlət imtahanının ləğvi bu il məzun olanlara şamil edilməyəcək.

Bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev KİV-ə açıqlamasında bildirib.

O, bildirib ki, dövlət imtahanının ləğvi barədəki qərar 2023-2024 tədris ilində məzun olanlara aid  ediləcək.

Qeyd edək ki, sovet dövründə belə lazımsız və formal olaraq keçirilən dövlət imtahanları həm anlamsız, həm də bir çoxu üçün rüşvət mənbəyi idi.

Heç kəsə sirr deyil ki, bu gün də bəzi ali məktəblərdə dövlət imtahanlarında (həm də semestr) məzunlardan pul yığılması barədə söz-söhbətlər bitmir.

Son illər isə koronavirus pandemiyası ilə əlaqədar ali məktəblərdə dərslərin distant formada keçirilməsi də tələbələrin işini çətinləşdirdi. Hətta elə təhsil ocaqları var ki, onlar üçün tələbələrin yüksək biliyə malik mütəxəssis kimi yetişməsi maraqlı deyil: əsas  ödənilən puldur. Və bu pullar “komissiyaya ödəniləcək” adı ilə yığılır...

Sevindirici haldır ki, növbəti ildən belə ali məktəblərdə  “komissiyanın pulu” bəhanəsi də bitəcək. Bu ilki məzunların bəzilərinə bu şans müyəssər olmasa da...

P.S. Görəsən, dövlət imtahanlarında “qaz vurub, qazan dolduran” bəzi üzdəniraqlar növbəti ildən hansı bəhanə altında məzunların valideynlərinin “sıxıb suyunu çıxaracaqlar”?..  

 Bax bu, doğrudan da sual olaraq qalır...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN