Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və aparılan müzakirələri nəzərə alaraq bu mövzuda rəy sorğusu keçirib. TEZADLAR.AZ xəbər verir ki, respondentlərə “Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?” sualı ünvanlanıb.
Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.
Nəticələri gender aspektindən nəzərdən keçirdikdə dərslərin sentyabrın 1-də başlamasını qadın respondentlər (74,9%) kişilərlə müqayisədə (61.3%) daha çox dəstəkləyib.
Respondentlərin yaş səviyyəsinə görə məsələyə münasibətində maraqlı tendensiya müşahidə edilib. Belə ki, yaş artıqca tədris ilinin sentyabrın 1-də başlamasını dəstəkləyənlərin sayı artıb. Yuxarı yaş qrupunu təmsil edən respondentlər (55-64 və 65+) dərslərin sentyabrın 1-də başlamasını dəstəkləyiblərsə (müvafiq olaraq 75,3% və 85,7%), aşağı yaş qrupunu (18-24) təmsil edənlər dərslərin sentyabrın 15-də başlamasını daha uyğun hesab ediblər (61.9%).
Bundan başqa, dərslərin sentyabrın 1-də başlamasını orta təhsillilərin 63,8%-i texniki və ya peşə təhsillilərin 72,6%-i, ali təhsillilərin 75% dəstəkləyib. Ailə vəziyyəti evli olanlar (69,2%), dövlət sektorunda çalışanlar (71%) və təqaüdçülər (83,3%), şəhərdə yaşayanlar (71.1%) da tədris ili üçün bu tarixi daha məqsədəuyğun hesab edib.
Dərslərin sentyabrın 15-də başlaması cavab variantını isə kənd və qəsəbə ərazi vahidlərində yaşayanların 27,3%-i, tələbələrin 37,5%-i, özəl sektorda çalışanların və fərdi əmək fəaliyyəti ilə məşğul olanların 31,4%-i və 32,1%-i seçiblər.
Qeyd edək ki, sorğular 2023-cü ilin 03-07 iyun tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib. Anonimlik tam qorunub. Sorğu prosesi 12 iqtisadi rayonu (Bakı, Abşeron-Xızı, Dağlıq-Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan) əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN