Dövlət təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikası ərazində fəaliyyət göstərən digər bütün təhsil müəssisələri qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, ali təhsil müəssisəsinin lisenziyalaşdırılması onun müvafiq təhsil səviyyələri üzrə dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına və normativlərinə cavab verməsini təsdiq edir.
Buna baxmayaraq, bir sıra dövlətlərin ali təhsil müəssislərinin filialları ölkə ərazisində müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərdiyi üçün onların fəaliyyəti müvafiq məhkəmə qərarları ilə dayandırılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda adları qeyd edilən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılıb və onlar tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:
1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);
4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).
Beləliklə, yuxarıda göstərilmiş siyahıda qeyd olunmayan xarici təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş filialları müvafiq lisenziya əldə etmədikləri üçün həmin müəssisələr tərəfindən verilən təhsil sənədləri ölkə ərazisində tanınmır.
TEZADLAR.AZ