Xəbər verildiyi kimi, 743 müəllim sertifikasiya imtahanında gözlənilən nəticəni əldə edə bilməyib və işlərini itiriblər.

Belə ki,  2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.

 Məlumatlara görə, nazirlik tədris ili başlayanadək bu boşluğu daxili kadrlar hesabına dolduracaq.

Məsələyə millət vəkili Vüqar Bayramov da münasibət bildirib.

Xatırladıb ki, son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam veriləcək və həmin yerlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək.

 O, qiymətləndirməni dəstəkləsə də, işdən uzaqlaşdırılan müəllimlərin sosial vəziyyətinin araşdırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.

 “Təbii ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var.

Nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir. Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticlərinin sosial risk təhlili aparılsın. Yəni, sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur”, - deyə millət vəkili vurğulayıb.

Onun fikrincə, 137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq, müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır.

 Sonda Vüqar Bayramov prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac olduğunu  xatırladıb.

 Ümid edək ki, nazirlik millət vəkilinin tövsiyələrini nəzərə alacaq.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN