Qadın müəllimlərin orta aylıq əmək haqqı ali təhsilli qadının orta aylıq əmək haqqının 90%-i, kişi müəllimin orta aylıq əmək haqqı ali təhsilli kişinin orta aylıq əmək haqqının 71%-i qədərdir.
Bu fərq müəllim peşəsinə münasibətdə gender disbalansına təsir edən ilk amil olaraq qiymətləndirilə bilər.
Bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.
Təhsil eksperti vurğulayıb ki, təhsil sahəsində qadın müəllimlərin sayı nə qədər çox olsa da rəhbər vəzifədə işləyən qadınların sayı bir o qədər çox deyil.
“Son onillikdə müəllim peşəsinin “feministləşdirilməsi”ni bir danılmaz fakt olaraq qeyd edə bilərik. Nümunə olaraq tədqiqat aparılan bütün ölkələrdəki qadın müəllimlərin orta payının 2005-ci ildəki 61%-dən 2014-cü ildəki 68%-ə qalxması göstərilir. Bu artım ABŞ və Sloveniyada 1% təşkil edirsə, Almaniya, Yaponiya və Yunanıstanda 15% təşkil edir. Lakin təhsildə qadın müəllimlərin sayı nə qədər çox olsa da, rəhbər vəzifədə işləyən qadınların sayı bir o qədər çox deyildir”, - deyib.
Kamran Əsədov diqqətə çatdırıb ki, təhsil səviyyəsi yüksəldikcə qadın müəllimlərin ümumi payı da azalır.
“Gender disbalansının başqa bir tərəfi olaraq təhsilin müxtəlif səviyyələrindəki vəziyyət də qeyd edilir. Təhsil səviyyəsi yüksəldikcə qadın müəllimlərin ümumi payı da azalır. Belə ki, məktəbəqədər təhsildə qadın müəllimlərin payı 97%, ibtidai təhsildə 82%, orta təhsildə 63%və ali təhsildə 43% təşkil edir.
Tədqiqat nəticələrindən də aydın olur ki, araşdırma aparılan ölkələrdə qadın müəllimlərinin payının ən çox olduğu yaş 30 yaşa qədər olan aralıqdır. Bu statistika gələcəkdə təhsildə gender disbalansının daha da artacağını proqnozlaşdırmağa imkan verir”, -o qeyd edib.
Xatırladaq ki, ölkəmizdə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. Bakıda isə həmin müəllimlərin 33 min 312 nəfəri fəaliyyət göstərir ki, onlardan da 2590 nəfəri kişi müəllim, 30 min 722 nəfəri qadın müəllimlərdir.
JASMİN