12 illik təhsil bizə nələr vəd edir? 

Ölkəmizdə 11 illik sistem tətbiq olunur və 12 illik təhsilə keçilməsi planlaşdırılmışdır.

Bu sözləri tehsil eksperti Kamran Əsədov fb səhifəsində bildirib.

 Ekspert 11 illik təhsil sisteminin daha 1 il uzadılmasının əhəmiyyətini İƏİT-nın (ÜDM-in 3-6% artacağı ilə bağlı) məlumatından sitat gətirərək əsaslandırıb.

 “Bu müddəanın əhəmiyyətliliyini aşağıdakı şərtlərlə əsaslandırmaq olar.

Əvvəla, Dövlət Strategiyasında göstərildiyi kimi, “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır.

İkinci,12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır.

Üçüncü, ümumi təhsilin dəyəryönümlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin az və ya çox dərəcədə uzun olmasını tələb edir.

Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Belə olduğu təqdirdə davamlı təhsilin daha möhkəm bünövrəsinin yaradılması üçün imkan yaranmış olur”, - deyə təhsil eksperti bildirir

 Kamran Əsədovun araşdırmasına görə, bəzi xarici ölkələrdə ibtidai təhsil müddətinin 9 il olanı da var.

Onun fikrincə, orta məktəblərdə təhsilin 12 ilə çatdırılması dərs yükünün azalmasına kömək edəcək.

 

“Məktəb təcrübəsi göstərir ki, ümumi təhsildə uğurlu fəaliyyət onun optimal modelindən çox asılıdır. Təbii ki, belə təhsil modelləri yaradılarkən məqsəd və vəzifələrin düzgün müəyyənləşdirilməsi vacib şərt kimi nəzərə alınır. Ona görə də, ilk növbədə, məqsədin müəyyən olunmasına xüsusi önəm verilir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi təhsilin məqsədi xüsusi olaraq göstərilmişdir: “Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını tələb edir. Bunların təmin olunması üçün isə müddət əsas şərtlərdən biridir”.

Apardığımız aşdırmalara görə, dünyanın ümumi təhsil modellərində çox müxtəliflik vardır. Xüsusilə ibtidai təhsil səviyyəsində bu müxtəlifliklər çox nəzərə çarpır.

Konkret olaraq təcrübəsi öyrənilən 59 ölkədə ibtidai təhsil səviyyəsi müddəti müxtəlifdir: 14 ölkədə 4, 7 ölkədə 5, 23 ölkədə 6, 1 ölkədə 7, 5 ölkədə 8, 5 ölkədə 9, 4 ölkədə ştat və regionlardan asılı olaraq 4 (5) və ya (6) il müəyyən olunur.

Hesab edirəm ki, müddətin uzaldılması tədris yükünün də paylanmasına və nəticədə yüngülləşməsinə gətirib çıxaracaq”, - deyə Kamran Əsədov izah edib.

P.S. Yəqin ki, orta məktəb təhsilinin 12 ilə çatdırılması, həm də müəllim kadrlarına olan tələbatı da artıracaq və bir çox işsiz müəllimlər işlə təmin olunacaq. Bu, çox yaxşı!

Lakin əsas məsələ orta təhsilin müddətinin artırılmasında deyil, keyfiyyətin yüksəldilməsindədir. Heç kəsə sirr deyil ki, 11 təhsil almış şagirdlər mütləq mənada 1-2 il repetitorlara üz tuturlar ki, ali məktəblərə qəbul oluna bilsinlər. Orta təhsilin 11 ildən 12 ilə yüksəldilməsi valideynlərin canını repetitorlara ətək-ətək pul tökməkdən qurtaracaqmı, bax bu, sual altındadır...

 Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN