Bakının 2040-cı ilədək inkişafına dair Baş Planında təhsilə aid bunlar var:
Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədi ilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi” - Yeni bilik-biznes rayonu yaradılacaq.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.
“Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq;
Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq;
Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı yaradılacaq”, - deyə ekspert diqqətə çatdırıb.
Kamran Əsədov vurğulayıb ki, hazırda Bakı şəhərində ciddi şəkildə təhsilalanların sayı çoxdur.
“Gəlin rəqəmlərə baxaq:
Hazırda Bakı şəhərində 39 ali təhsil müəssisəsi yerləşir və bu universitetlərdə 133.526 tələbə təhsil alır. Bakı şəhərində yerləşən 326 orta məktəbdə 487 min şagird təhsil alır.
Təhsilin digər pillələrində, kollec və peşə təhsili müəssisələrində 35 mindən çox tələbə təhsil alır.
Uşaq bağçalarında təlim-tərbiyə prosesinə 50 min uşaq cəlb olunub. Pedaqoji heyətin sayı 50 mindən çoxdur (28 min orta məktəbdə , 26 min universitet və kolleclərdə).
Əlbəttə ki, bu qədər insanın gün ərzində hərəkəti ictimai nəqliyyatda sıxlığı artıracaqdır”, - o xatırladıb.
Təhsil eksperti paytaxtdakı sıxlığın azaldılması üçün təklif də verib.
Onun fikrincə, kollec və peşə təhsili müəssisələri yalnız bölgələrdə fəaliyyət göstərməlidir.
“Ümumiyyətlə, mərkəzi ərazilərdə Peşə təhsili müəssisələri və Kolleclər olmamalıdır. Və ya niyə Bakı şəhərində təhsilin bütün pillələri üzrə təhsil müəssisələri olmalıdır? Kollec və peşə təhsili müəssisələri yalnız bölgələrdə olmalıdır.
Bakı şəhərində yerləşən ali məktəblərin plan yerləri ciddi şəkildə azalmalı, əvəzində həm bölgələrdə yeni universitetlər açılmalı, mövcud universitetlərin plan yerləri artırılmalıdır.
Həmçinin bölgələrdə filial statusunda olan universitetlər müstəqil Universitet olmalıdır”, - Kamran Əsədov vurğulayıb.
Y.Məmmədli