Rusiya universitetləri yeni tədris ilində tələbələrin təhsil haqlarını artırmağa hazırlaşır.
Rusiya Federasiyasının qeyri-dövlət universitetləri Assosiasiyasının rəhbəri, Rusiya Yeni Universitetinin rektoru Vladimir Zernovun sözlərinə görə, bunun bir neçə səbəbi var.
“Birincisi, bu, universitetlərin avadanlıq və proqram təminatı üçün xərclərinin artmasıdır, çünki idxal təchizatçıları bazarı tərk edir və onları əvəz edəcək heç kim yoxdur. Təbii ki, ölkədaxili inkişaf var, amma onları təhsilə tətbiq etmək üçün pul lazımdır”, - Zernov deyib.
O ikinci səbəb kimi elektrik enerjisi və mənzil-kommunal xidmətlərin artan xərclərini qeyd edib.
Zermovun fikrincə, Rusiyada təhsil haqlarının artırılmasını planlaşdıranların üçüncü səbəbi odur ki, universitetlər müəllimlərin maaşlarının artırılmasını kompensasiya etmək istəyir.
Rektor əlavə edib ki, kommersiya universitetləri artıq çətinliklə dolanır, vəziyyət həm də artan faiz dərəcələri ilə mürəkkəbləşib - kredit vəsaitləri risklərlə əlaqələndirilir.
“Çətin ki, Təhsil Nazirliyi ali məktəblərə əlavə vəsait ayırsın. Çox güman ki, onlar özləri bu vəziyyətdən çıxış yolu tapmalı olacaqlar. Bu, təhsil xərclərini artıracaq. Hesablamalarımıza görə, bu, 10-12% daxilində baş verəcək”, - assosiasiya rəhbəri vurğulayıb.
Rusiya KİV-nin məlumatına görə, istər dövlət, istərsə də qeyri-dövlət universitetləri növbəti tədris ilində qiymətləri artırmağı planlaşdırır.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb, Avropa dövlətləri Rusiyaya qarşı sanksiya paketləri təbiq edib və etməkdədirlər. Sanksiyalar səbəbindən isə həm Rusiyanın bir çox məhsulları həmin ölkələrin bazarlarına çıxarıla bilmir, həm də bir çox məhsulları idxal edə bilmir. Eyni zamanda, çoxlu sayda xarici şirkətlər də Rusiyadakı fəaliyyətlərini dondurublar, əlaqələri kəsiblər.
Rusiyanın Ukraynadakı müharibəsi həm də sanksiyalar səbəbindən iqtisadiyyatına da təsirsiz ötüşməyib və onu zəiflədib...
Y.Məmmədli