Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib.

Elm və Təhsil Nazirliyindən TEZADLAR.AZ-a bildirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.

Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

 

Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu “Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.

 

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir.

Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN