Sizə 44 günlük müharibədən söhbət açacağam. 44 günlük müharibəni “İkinci Qarabağ müharibəsi”, “Vətən müharibəsi” və ya “Dəmir Yumruq Əməliyyatı” da adlandıra bilərik. 2020-ci il bizlər üçün çox ağır oldu. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Azərbaycan danışıqlar aparmaq istəyirdi ki, sülh yolu ilə Ermənistandan torpaqları geri alsın. Ancaq Ermənistan xoşluqla torpaqları vermək istəmədi. Çünki onlar vaxt qazanmaq istəyirdi. Tarixi torpaqlarımızı birdəfəlik əldə saxlamağa çalışırdılar. Lakin Azərbaycan 30 illik işğalla barışa bilmirdi və barışmadı da.
Ermənistanın Baş naziri Nikol Paşinyanın 2012-ci il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlamsına Ali Baş Komandan, Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi!” - deyərək sərt cavab verdi.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanın Tovuz istiqamətində hərbi təxribat törətdi. Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə endirərək layiqli cavab verdi. Buna baxmayaraq, Ermənistan 2020-ci ilin avqust ayında yenidən hərbi təxribata əl atdı. Ancaq bu dəfə də ordumuz ermənilərin təxribat planını pozdu. 2020-ci il sentyabrın 24-də Ali Baş Komandan İlham Əliyev bildirdi ki, “Ermənistan bu yaxınlarda təcavüzkar, hücum xarakterli hərbi doktirina və milli təhlükəsizlik strategiyası qəbul edib. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Beləliklə, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başladı. Sonradan bu əməliyyat “Dəmir Yumruq” adını aldı. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlər etdi. Bu müraciətlər xalqımızı ayağa qaldırdı. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də müharibənin gedişində xalqa müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
2020-ci il oktyabrın 9-da Azərbaycan Prezidenti xalqa 3-cü müraciətində status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini... Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz!”.
2020-ci il oktyabrın 17-də Ali Baş Komandan 4-cü müraciətində raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə-qorxu, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.
2020-ci il oktyabrın 20-də İlham Əliyev xalqa 5-ci müraciətində əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə oradan qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.
2020-ci il oktyabrən 26-da isə 6-cı müraciətində dövlət başçısı Azərbaycan xalqının həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Ali Baş Komandan İlham Əliyev 7-ci müraciətini Şəhidlər Xiyabanında edərək, Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına elan etdi: “Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib, həmişə belə olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı.
Prezident İlham Əliyevin 8-ci müraciətində milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsi Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğunu elan etdi: “...nə oldu bəs status?.. Yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Mən həqiqətən də Ali Baş Komandanımız İlham Əliyevin etdiyi müraciətləri oxuduqca təsirlənirəm. Bir də bildirim ki, düşmənin 7 komando məntəqəsi, 11 sursat anbarı dağıdıldı. Biz bilirik ki, 44 gün dönəmində ordumuz və başda Ali Baş Komandanımız olmaqla necə əziyyət çəkdilər. Buna baxmayaraq, əziyyətləri yerdə qalmadı. İşğaldan sonrakı 20 gün ərzində 3 rayon -noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Demək istəyirəm ki, bu, bir möcüzə idi. Biz bu rayonları güllə atmadan, şəhid vermədən qaytardıq. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.
Biz Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq! Azərbaycan ordusunun qarşısında baş əyirik! Şəhidlərimizin qarşısında baş əyirik! Qazilərimizin qarşısında baş əyirik! Allah qazilərimizə şəfa versin! Allah şəhidlərimizə rəhmət etsin! Bu gün bizim rahat nəfəs almağımızın, rahat gəzməyimizin, bir sözlə, rahat yaşamağımızın səbəbi başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla qazilərimiz və şəhidlərimizdir! Biz onların qarşısında baş əyirik!
Səma TAĞIZADƏ,
Bakı şəhəri 212 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi