Rayonun orta ümumtəhsil məktəblərinin hərbi rəhbər müəllimləri Fəxri Fərman və Diplomlarla təltif edildilər

Oktyabrın 5-də Sabirabad Rayon Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirildi.  

Təhsil şöbəsinin iclas zalında düzənlənən tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Pəhləvan Qarayev Azərbaycanda təhsilin son illərdəki inkişafından danışdı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər və ötən təhsil illərində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verdi.

P.Qarayev eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən geniş söz açdı.

Şöbə müdiri çıxışının sonunda bir daha rayon təhsil işçilərini Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik edərək onlara şərəfli peşələrində uğurlar arzuladı.

Tədbirdə iştirak edən Sabirabad rayon Hərbi Səfərbərlik və Çagırış Xidmətinin rəisi polkovnik-leytenant Əlisəfa Məmmədov Azərbaycan Ordusunun yenilməz qüdrətindən və bölgədə analoqu olmayan gücündən danışıdı.

"Qüdrətli Azərbaycan Ordusu hal-hazırda müasir silah və texnikalarla tam təchiz olunub", - deyə o, vurğuladı.

Ə.Məmmədov qeyd etdi ki, ordumuzdakı nizam-intizam, şəxsi heyətin müasir texnikaların sirlərinə yaxından yiyələnməsi mənfur düşmənlə açıq döyüşdə bir daha özünü göstərdi: "Bütövlükdə ümumxalq birliyi onu deməyə əsas verir ki, qalib Azərbaycan Ordusu yenə də lazım olarsa istənilən hər hansı xarici müdaxilənin qarşısını almağa və layiqli cavab verməyə qadirdir. Biz Ali Baş Komandanın sıravi əsgərləri istənilən zaman xalqımızın və cənab Prezidentimizin əmr və tapşırıqlarını yerinə yetirməyə hazırıq. Müharibədə zəfər çalmış Azərbaycan xalqı və biz hərbçilər bu parlaq qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq. Parlaq Qələbənin Zəfər Tarixini qızıl hərflərlə yazmış Azərbaycan Ordusunun hər bir zabit və əsgərinə eşq olsun! Ulu Tanrı şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa əta eləsin!".

Tədbirin sonunda Sabirabad rayonunun təhsil ocaqlarında gənc nəslin təlim-tərbiyəsində, bilavasitə ibtidai hərbi vətənpərvərlik ruhunda inkişafında danılmaz rolu olan hərbi rəhbər müəllimlərinə rayon HS və ÇX-nin təsis etdiyi Fəxri Fərman və Diplomlar təqdim olundu.

Onu da qeyd etdək ki, təltif edilən hərbər müəllimlərin əksəriyyəti 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır. Oxucularımıza həmin müəllim-döyüşçüləri təqdim edirik: İlqar Cəfərzadə – Şəhər 1 nömrəli tam orta məktəbi (müharibə iştirakçısı); İntiqam Tağıyev - Şəhər 2 nömrəli tam orta məktəbi (müharibə iştirakçısı); Faiq Əhmədov - Şəhər 4 nömrəli tam orta məktəbi; Vurğun Dadaşov – Muğangəncəli kənd orta məktəbi (müharibə iştirakçısı); Bahadur Cəfərov – Güdəcühür kənd orta məktəbi (müharibə iştirakçısı); Seymur Miriyev – Şəhriyar kənd orta məktəbi (müharibə iştirakçısı); Seymur Mehtiyev – Əhmədabad kənd orta məktəbi (müharibə iştirakçısı); Eldəniz Əkpərov – Narlıq kənd orta məktəbi (müharibə iştirakçısı); Eldar Nərimanov – Poladtoğay kənd orta məktəbi (müharibə iştirakçısı); İbadulla Əhmədov – Sarxanbəyli kənd orta məktəbi (müharibə iştirakçısı).

Redaksiya olaraq biz də öz növbəmizdə bütün müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edirik.

Həsrət Rüstəmov,

"Tolerant Azərbaycan" qəzetinin baş redaktoru

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN