“Şagird tədris prosesi zamanı sinif yoldaşlarına müxtəlif xəsarətlər yetirib”, “şagird nizam-intizam qaydalarını pozub və sinifdə qeyri-etik hərəkətlər edib”, “şagird əsəbiləşərək onu intizama dəvət edən müəllimlərə xəsarət yetirib”... Təəssüf ki, son zamanlar bu cür xəbərlərlə hər gün rastlaşırıq. Əvvəllər şagirdin müəllimə, sinif yoldaşlarına xəsarət yetirməsinə nadir hallarda rast gəlinirdisə, son vaxtlar belə hadisələr tez-tez baş verir.
Məktəblərdə aqressivlik, müəllim və sinif yoldaşlarına qarşı qeyri etik, xoşagəlməz davranışlar nümayiş etdirən şagirdlərin bu hərəkətləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, belə uşaqlara ailədə nəzarətin zəif və təlim-tərbiyədə boşluqların olması bu kimi halların baş verməsinə gətirib çıxarır. Valideyn nəzarətindən uzaq olan uşaq küçə həyatına meyl göstərir, yaşına uyğun olmayan insanlarla dostluq edir, pis vərdişlərə yiyələnir nəticədə də onlarda davranış pozğunluqları baş verir.
Bu problemin kökündə nə dayanır? Səbəblər nədir?
Mövzu ilə bağlı danışan həkim-psixoloq Aybəniz Rüstəmli deyib ki, məktəblilər, xüsusən də yuxarı sinif şagirdləri arasında aqressivlik geniş yayılıb və get-gedə artmaqdadır. Aqressiv davranışlara səbəb bioloji, psixoloji və sosioloji amillərdir: “Bu halların yaranmasının başlıca səbəblərindən biri ailədaxili problemlərdir. Atanın anaya şiddət tətbiq etməsi uşağa psixoloji cəhətdən mənfi təsir göstərir. Nəticədə də uşaq həmyaşıdları ilə münasibətdə aqressiv davranışlar nümayiş etdirir. Yaşadığı psixoloji gərginlik səbəbindən uşaq ətrafında insanlarla kobud davranmaq, dava etmək istəyir. Ailədaxili münasibətlərin necə olması, valideynlərin göstərdiyi münasibət, diqqət, qayğı yeniyetməlik dövründə olan uşaqlar üçün çox vacibdir. Çox zaman yeniyetmənin aqressiv davranışına valideynlərin ona qarşı sərt cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıqla üzləşən, şiddət görən, qayğıdan, diqqətdən, valideyn sevgisindən uzaq yeniyetmədə ətrafdakılara qarşı mənfi münasibət, aqressiv hisslər yaradır: “Belə uşaqlar təhsildən yayınır. Məktəbə getmək, müəllimlərlə, sinif yoldaşları ilə ünsiyyət qurmaq ona maraqsız gəlir. Küçə həyatını üstün tutur”.
Psixoloq bildirib ki, yuxarı sinif şagirdləri yetkinlik dövrünə qədəm qoyduqları üçün daha aqressiv olurlar: “Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışlarında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Onlarda həddindən artıq emosionallıq, aqressivlik, əsəbilik, ətrafdakı insanlara qarşı laqeyidlik, yekəxanalıq kimi davranışlar üzə çıxır. Ailədaxili münaqişələr, valideynlərin onlarla kobud rəftarı bu yeniyetmələrdə aqressiyanın pik həddə çatmasına səbəb olur”.
A.Rüstəmlinin dediyinə görə, belə uşaqları cəmiyyətə, təhsilə qazandırmaq üçün valideyn, müəllim və psixoloq birlikdə çalışmalıdır: “Aqressiv, psixoloji gərginlik keçirən uşağa tək psixoloq dəstəyi yetərli deyil. Psixoloq müəyyən söhbətlər, danışıqlar aparıb yeniyetməni sakitləşdirə, psixoloji gərginliyini azalda bilər. Uşağa sinifdə müəllim, evdə valideyn diqqəti, qayğısı, sevgisi və ən başlıcası isə anlayış göstərməsi mütləqdir”.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, müasir dövrdə tərbiyə məsələləri əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də itirməyə doğru gedir. Necə deyərlər, təlimə həddən artıq vaxt ayırmağımız tərbiyə məsələlərini ikinci plana keçirib: “Tərbiyə, təhsil və təlim prosesləri birlikdə vəhdət təşkil edir. Bunların hər üçü birlikdə şəxsiyyətin inkişafına xidmət edir. Təlim prosesi tərbiyə funksiyasını yerinə yetirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə öz təsirini göstərir. Ümumilikdə götürsək pedaqoji prosesin hər bir sahəsi bütün bu funksiyların yerinə yetirilməsində əsas rol oynayır. Çünki, təhsil insanın müxtəlif bilik və bacarıqlara yiyələnməsinə, həmçinin dünyagörüşünün formalaşmasında əhəmiyyətlidir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır. Çünki, təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir”.
Ekspertin sözlərinə görə, postsovet dövründə əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi: “Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun dönəmində davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s. mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Bu gün də biz yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmalıyıq”.
“Aqressiv, söz dinləməyən, dərsi pozan, müəllim və sinif yoldaşlarına qarşı qeyri etik davranan, nizam-intizam qaydalarına riayət etməyən şagirdlər hər zaman olub” - deyir müəllim Mahirə Məmmədova. Ancaq təəssüf ki, son zamanlar belə şagirdlərin sayı artıb. Müəllimin dediyinə görə, belə uşaqlar əsasən oxumağa, dərsə meyli olmayan, vaxtlarını əyləncədə, küçədə, oyun zallarında keçirən uşaqlardır: “Mənim əvəllər belə şagirdlərim olub. İndidə var. Onlarla daim danışıqlar, söhbətlər aparmışam, öyüd-nəsihət verib, səhv yoldan döndərməyə, məktəbə, təhsilə qaytarmağa çalışmışam. Bu şagirdlərlə həm müəllim həm də psixoloq kimi davranmışam. Belə uşaqlar çətin tərbiyə olunan, dağınıq fikirli olduqları üçün bəzi hallarda söhbətlər, onları düz yola qaytarmaq cəhdlərim boşa çıxıb. Ancaq çətinliklə də olsa əksər hallarda məqsədimə nail olmuşam. Hər müəllim müəyyən mənada bir psixoloqdur. O, dərs dediyi şagirdlərin psixologiyasına ən azı valideynləri qədər bələddir. Hər gün dərs dediyi, ünsiyyətdə olduğu şagirdlərinin ayrı-ayrılıqda hansı psixologiyaya, fərdi xüsusiyyətinə, hansı düşüncəyə malik olduğunu yaxşı bildiyi üçün də ona uyğun olaraq hərəkət etməlidir. Bu zaman hər hansı bir nəticəyə gəlmək mümkündür”.
Müəllim qeyd edib ki, uşaq ailənin güzgüsüdür. Məktəbə gələn hər bir uşaq ailədə aldığı tərbiyəni, gördüyü davranışı burada nümayiş etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi rəy yaratmamaq üçün hərəkətlərinə və davranışlarına fikir verməlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hesab edir ki, şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bunun aradan qaldırılması istiqamətində işlər görülməlidir: “Cəmiyyət belə insanlara qarşı həssas olmalıdır. Psixoloji durumunda problem olan şagirdin üzərinə gedib ittiham etməyimiz düzgün yanaşma deyil. Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu, yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa onu aradan qaldırmaq, o şagirdi düzgün yola qaytarmaq və tərbiyələndirmək üçün əlimdən gələni etməliyik”.
E.ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN