Uzun illərdir ki, "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə qadın müəllimlərə hər hansı bir hədiyyə vermək dəb halını alıb.
Hələ sovetlər birliyi dönəmində də şagirdlər öz sevdikləri müəllimlərinə gül dəstəsi hədiyyə verərdilər (o zaman gülün qiyməti də xeyli ucuz idi və növünə görə də kimsə ayrı-seçkilik edib dodaq büzmürdü...). Əlbəttə, o dövrdə də başqa növ hədiyyə verənlər var idi, lakin pul hədiyyəsi vermək, yox dərəcəsində idi. Yəni, bu barədə heç eşitməzdik də. İlboyu şagirdlərinin əziyyətini çəkən müəllimə bir dəstə gül hədiyyəsi etməkdə də heç bir qəbahət yox idi…
Lakin illər keçdikcə hədiyyələrin də forması, dəyəri, məqsədi dəyişməyə başladı. Bir çox valideynlər müəllimlərə konvertdə pul hədiyyələri etməyə başladı, bu da təəssüf ki, bəzi müəllimlərin şagirdlərə yanaşmasında ikili standartlara səbəb olurdu. Sonralar, bu “pərakəndəliyin” qarşısını almaq üçün valideyn komitələri konkret rəqəmlərlə pul yığımı təşkil etməyə başladı (çox valideyn də həmin məbləğə etiraz edə bilmirdi, çünki övladlarına göstəriləcək diqqətin azalacağından çəkinərdilər).
…Yığılan pul sinif rəhbərinə çatdırılırdı və o da digər sinif müəllimlərinə ürəyi istədiyi məbləği verirdi. Bu zaman yuxarı vəzifələrdə çalışan xanım direktorların, dərs hissə müdirlərinin də "payı" nəzərə alınardı.
Bəli, çox təəssüf ki, zamanla " 8 Mart - Beynəlxalq Qadınlar Günü" öz tarixi mənasını itirdi - bir növ hədiyyə vermək, hədiyyə almaq anlamına gəldi. Korazehin insanların dar düşüncəsi, bayramın mahiyyətini kölgə altına saldı.
Qeyd edək ki, məhz məktəblərdə pul yığımı ilə bağlı yarana biləcək söz-söhbətlərə xitam vermək üçün Təhsil Nazirliyi yanında İctimai Şura "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə ictimaiyyətə müraciət edib.
Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilib.
Bildirilib ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik.
Həmçinin qeyd olunub ki, belə hallarla qarşılaşanlar This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına müraciət edə bilərlər.
“Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir”, -deyə müraciətdə bildirilib.
***
Əziz qadınlar, “8 Mart - Beynəlxalq Qadınlar Günü” hədiyyə bayramı deyil, vaxtilə zəhməteş qadınların 12 saatlıq iş gününə etiraz nümayişlərinin nəticəsidir.
Xatırladq ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib. Klara Setkin bayramla bağlı konkret tarix deməyib. O zaman17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyir. 1911-ci ildə onu ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.
Hər şeyin başlanğıcı olan Nyu-York nümayişi fevralın 28-də olub.
Bəzi məlumatlara görə, 8 mart tarixi beynəlxalq solçu hərəkatına Rusiyadan gəlib. 1917-ci ildə bu gün (köhnə tarix stili ilə fevralın 27-də) Petroqradda "Çörək və sülh!" tələbi ilə Vıborq rayonu toxuma fabrikləri işçi qadınlarının sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib.
Sovet hakimiyyətinin ilk illəri Vıborq toxucu qadınları çarizmin devrilməsinin ilk təşəbbüsçüləri kimi alqışlayırdılar. Sonradan Fevral inqilabı bolşevik Oktyabr inqilabının kölgəsində qalıb və bu hal SSRİ-də nəzərə çarpdırılmayıb.
Nəhayət, 1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və bərabərsizlik qalıqlarına qarşı etirazda nailiyyətlərinin bayram etmə günü elan edib.
Hər il martın 8-i qeyri-iş günüdür və unutmayaq ki, bu, qadınlara verilən dəyər deməkdir.
O isə bütün hədiyyələrdən yüksəkdə durur!
Y.MƏMMƏDLİ