Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahan 17 şəhər və rayonda keçirilib.
İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 4 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.
E.ŞİRİNOV