Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyi  23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar təşkil edib.

AMEA-dan əldə etdiyimiz məlumata görə, onlayn təşkil olunan vebinarı mədəniyyət naziri Anar Kərimov və Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov açıblar.

Kamran İmanov mövzu ilə bağlı ətraflı çıxış edərək, belə tədbirlərin əhəmiyyəti və məqsədi barədə danışıb.

Sonra söz alan AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov Azərbaycan folkloru ilə bağlı erməni saxtakarlığı mövzusunda çıxış edib. Akademik bildirib ki, 1881-1929-cu illər arasında nəşr olunan SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar) adlı məcmuədə Azərbaycan folklor nümunələrinin böyük qismi erməni folklor nümunələri adı altında çap edilib.  Onun sözlərinə görə, ötən il Folklor İnstitutunun nəşr etdiyi “SMOMPK-də Azərbaycan folkloru materialları” toplusunun IV cildi bütövlükdə bu məcmuədə erməni folkloru adı altında çap olunmuş materialları əhatə edib. Topluda erməni aşığı Vartan Xoyskinin vücudnaməsinə toxunan akademik bildirib ki, S.Zelinskinin təqdim etdiyi vücudnamə Azərbaycan aşıq sənətinin ermənilərə təsirinin əyani göstəricisidir. Həmin vücudnamənin bir bəndi belə bu təsirin nə dərəcədə olduğu haqda aydın təsəvvür yaratmağa kifayət edir. Fikirlərinə davam edən akademik vurğulayıb ki, SMOMPK məcmuəsində erməni adı altında çap olunan Azərbaycan folkloru örnəkləri – mərasim nəğmələri, əfsanə, rəvayət, nağıl, lətifə və s. kimi müxtəlif janrları əhatə edir. Həmin mətnlərin istənilən prizmadan analizi onların Azərbaycan folkloruna məxsus nümunələr olduğunu ortaya çıxarır. Belə nümunələrdə Azərbaycan folkloru ilə bağlılığın ən üzdə olan əlaməti obrazlar sistemində, adlarda özünü  göstərir. Nəğmələrdə Azərbaycan folkloru həm də dil baxımından özünü açıq-aşkar büruzə verir.

Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxışının sonunda deyib ki, obraz və motivlərin bənzərliyi coğrafi baxımdan bir-birindən xeyli uzaqda olan xalqlarda da müşahidə edilə bilər: “Amma bu, heç kimə haqq vermir ki, qonşu xalqın folklor nümunələrini öz xalqının folkloru kimi təqdim etsin”.

Daha sonra bir sıra çıxışlar dinlənilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN