"Bəzi gənc kadrların xarici dil bilməməsi ciddi problemdir və bu, onların yüksəkixtisaslı mütəxəssis kimi yetişmələrinə ciddi əngəl törədir".

Science.gov.az-a istinadən məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin üzvü, akademik Akif Əlizadə AMEA-nın prezidenti, akademik Arif Həşimovun Yer və Kimya Elmləri bölmələrinin həqiqi və müxbir üzvləri ilə keçirdiyi görüşdə deyib.

Qeyd edək ki, görüş Akademiyanın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının davamı olaraq mayın 11-də baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, görüşün keçirilməsində məqsəd mövcud problemləri dinləmək və onların həll yollarını müəyyənləşdirmək, eləcə də Akademiyanın hazırkı potensialından istifadə etməklə Azərbaycan elminin inkişaf dinamikasını təmin etmək, həmçinin gələcək fəaliyyət planını və istiqamətləri müzakirə etməkdir.

Akademiyanın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağında yekun qərar layihəsinin qəbul olunduğunu və sözügedən sənəddə elmi bölmələrə müəyyən tapşırıqların verildiyini xatırladan akademik A.Həşimov Yer və Kimya Elmləri bölmələrinin AMEA-nın əsas aparıcı sütunlarından olduğunu deyib.

Akademik A.Həşimov tədbirdə səsləndiriləcək təkliflərin önəmli olduğunu, digər bölmələrin üzvləri ilə də keçiriləcək görüşlərdən sonra AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında verilmiş təkliflər əsasında müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırıb.

Sonra tədbirdə çıxış edən Kimya Elmləri Bölməsinin üzvü, akademik Abel Məhərrəmov ötən əsrin ortalarından etibarən AMEA-nın Yer və Kimya Elmləri bölmələrində aparılan tədqiqatların respublikamızın iqtisadiyyatının formalaşmasına mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, neftin çıxarılması və emalı ilə bağlı işlərin həyata keçirilməsində Yer Elmləri Bölməsinin, onlardan kimyəvi məhsulların alınmasında isə Kimya Elmləri Bölməsinin alimlərinin xüsusi rolu olub.

Azərbaycan elminin inkişaf dinamikasının təmin edilməsi ilə bağlı fikirlərini bölüşən akademik A.Məhərrəmov gənclərə məqalələrin çapına görə stimullaşdırıcı mükafatın verilməsi, AR Elmin İnkişafı Fondu tərəfindən verilən qrant layihələrinin elmi məktəbləri olan sahələrə ayrılması, elmin inkişafı istiqamətində xüsusi proqramların maliyyələşdirilməsi, eləcə də ölkələrarası elmi məktəblərin sintezində aparıcı sahələr üzrə birgə tədqiqatların aparılmasına dair təkliflərini səsləndirib.

Kimya Elmləri Bölməsinin üzvü, akademik Vaqif Fərzəliyev isə elmi tədqiqatların istehsalata tətbiqi məqsədilə AMEA-nın Yüksək Texnologiyalar Parkının daha da inkişaf etdirilməsi, gənc kadrların hazırlanması, onların prioritet istiqamətlər üzrə xaricdə təcrübə keçməyə göndərilməsi və sosial problemlərlə bağlı təkliflərini iclas iştirakçılarına təqdim edib.

Görüşdə, həmçinin Kimya Elmləri Bölməsinin üzvü, akademik V.Abbasov çıxış edərək Akademiyaya ayrılan maliyyənin artırılması, qrant layihələrinin koordinasiyasının təşkili, zəruri ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə yeni seçkilərin keçirilməsi və Qarabağda aparılan tədqiqat işlərində AMEA-nın yaxından iştirakı ilə bağlı təkliflərini verib.

Tədbirin əhəmiyyətinə toxunan Yer Elmləri Bölməsinin üzvü, akademik Akif Əlizadə isə belə görüşlərin Akademiyanın gələcək fəaliyyət proqramını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Elmlə təhsilin inteqrasiyasının vacib məsələlərdən olduğunu deyən A.Əlizadə alimlərin ali təhsil müəssisələrində fəaliyyətinin gələcək elmi kadrların seçilməsinə, onların AMEA-ya dəvət edilməsinə töhfə verəcəyini bildirib. Həmçinin, vurğulayıb ki, Akademiyanın özünün universitetinin yaradılması xüsusi əhəmiyyət kəsb edir və bu baş vermədən yeni elmi məktəblərin formalaşması çox çətin olacaq. Onun sözlərinə görə, AMEA-da tam təhsilin təşkili müasir istiqamətlər üzrə kadrların hazırlanması işinə mühüm töhfə verəcək.

Bu gün bir çox gənc kadrların xarici dil bilmədiklərini diqqətə çatdıran akademik A.Əlizadə bunun ciddi problem olduğunu və gənc kadrların yüksəkixtisaslı mütəxəssis kimi yetişmələrinə əngəl törətdiyini deyib.

Bundan əlavə, biznes mühiti ilə əlaqəsiz inkişaf etməyin qeyri-mümkün olduğunu vurğulayıb, AMEA-nın  Yüksək Texnologiyalar Parkının Akademiyanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Kimya Elmləri Bölməsinin üzvü, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov isə çıxışında diqqəti elmi müəssisə və təşkilatlarda aparılan tədqiqatların səviyyəsinin artırılmasına çəkib. Bildirib ki, bu gün əhəmiyyətli tədqiqatların aparılması üçün müasir standartlara cavab verən avadanlıqlara, eləcə də eksperimental araşdırmalar üçün bir sıra çətin tapılan kimyəvi maddələrə ehtiyac var. O, həmçinin mövcud avadanlıqların təmiri ilə bağlı problemləri də dilə gətirib.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib. Son illərdə Akademiyada müasir elmi istiqamətlər üzrə önəmli tədqiqatların aparıldığını deyən A.Həşimov bu gün AMEA-nın kadr potensialının qorunması işinə diqqətin artırıldığını, gənclərin dünyanın aparıcı elmi mərkəzlərində təcrübəyə göndərildiklərini söyləyib. O, həmçinin bu istiqamətdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Polşanın aidiyyəti qurumu ilə əlaqələrdən danışıb, səsləndirilən təkliflərin yazılı şəkildə Rəyasət Heyətinə təqdim olunmasını tövsiyə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN