Kimlərin iş saatı azaldılmalıdır və işə götürənlər bu tələbləri pozduqda onları hansı cəza gözləyir?
Hər bir əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxsin -işçinin sosial məzuniyyətdən yararlanmaq hüququ var.
Əmək Məcəlləsində sosial məzuniyyətlərin üç növü qeyd olunub:
- hamiləliyə və doğuşa görə məzuniyyət;
- uşaqları övladlığa götürmüş qadınlara verilən məzuniyyət;
- qismən ödənişli sosial məzuniyyət.
Bu məsələ barədə insan resurslarının idarə olunması üzrə mütəxəssisi Nihad Əliyev açıqlama verib.
Mütəxəssis qeyd edib ki, hamiləliyə və doğuşa görə məzuniyyətdən işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında çalışan qadınlar istifadə edə bilərlər.
Onun sözlərinə görə, təcrübədə bu məzuniyyət növünün "analıq məzuniyyəti" adlandırılması yanlışdır.
“Hamiləliyə və doğuşa görə məzuniyyət, adından da göründüyü kimi, çalışan qadın işçinin hamiləliyin müəyyən dövrü üçün və doğuşdan sonra çıxdığı məzuniyyət növüdür.
Məzuniyyətin müddəti isə doğuşdan əvvəl 70, doğuşdan sonra 56 təqvim günü olmaqla ümumilikdə 126 təqvim günüdür. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra da 70 təqvim günü) müddətinə verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə verilən məzuniyyətin müddəti daha çox olur. Bu, yəqin ki, həmin sektorda çalışan qadınların iş yükünün daha ağır və ya çətin olması, fiziki güc tələb etməsi ilə bağlıdır”.
Mütəxəssis hamiləliyə və doğuşa görə məzuniyyətlərin rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin də adlarını açıqlayıb:
“Hamiləliyə və doğuma göra xəstəlik vərəqəsi, hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə əmr”.
Nihad Əliyev xatırladıb ki, hamilə qadın işçilər xəsətəlik vərəqəsini təqdim etməzdən öncə mütləq qadın məsələhətxanasından hamiləliklə bağlı müvafiq arayış da təqdim etməlidirlər və bundan sonra həmin işçinin həftəlik iş saatları 40 saatdan 36 saata endirilməlidir.
Mütəxəssis bəzən işəgötürənlərin bu tələblərəəməl etmədiklərini və belə işçiləri həfətlik 40 saat çalışdırdıqlarını da vurğulayıb.
“Bu isə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, normal əmək və istirahət rejimi tələblərinin pozulmasına görə beş yüz manatdan min manatadək məbləğdə cərimə olunmaq məsuliyyəti yaradır”, - deyə qeyd edib.
O, həmçinin bu barədə misal da göstərib:
"İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışan qadın işçi gündəlik 8, həftəlik 40 saat tam iş vaxtı ilə çalışır. Bir müddət sonra o, qadın məsləhətxanasından hamilə olması barədə arayış təqdim edir. Bunun əsasında müəssisə tərəfindən işçinin həftəlik iş saatları 36 saata endirilməli və əgər işçi uşağını təkbaşına böyüdən valideyn deyilsə, uşağın yaş yarımı tamam olana qədər həftəlik iş həcmi 36 saat qalmalıdır. Uşağa təkbaşına baxan valideyn isə bu barədə müvafiq sənədləri təqdim etməklə uşağın 3 yaşı tamam olana qədər işə həftəlik 36 saat iş vaxtı rejimində davam etməlidir"- vurğulayıb.
Y.MƏMMƏDLİ