Yeni doğulmuş körpələrin ilk altı ay ərzində yalnız ana südü ilə qidalanması daha məqsədə uyğundur. Ana südü körpə üçün ən sağlam qidadır.
Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil.
Tibbi mənbələrə istinadən məlumata görə, ana südü ilə bəslənən körpələrdə infeksion xəstəliklərin rastgəlmə tezliyi daha azdır. Eyni zamanda, ana südü ilə qidalanan uşaqlarda beynin inkişafı daha yaxşı gedir, allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri, hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi problemlər daha az müşahidə olunur. Süd verən analarda isə süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, osteoporoz və anemiya kimi xəstəliklərə daha az rast gəlinir.
Ana südünün tərkibi ilk ifraz olunan günlərdən başlayaraq sonrakı günlərə qədər dəyişir, belə ki, doğuşdan sonrakı ilk günlərdə fərqli tərkibdə süd ifraz olunur. Buna ağuz südü deyilir. Ağuz südü körpəni infeksion amillərdən qoruyan maddələrlə zəngindir. Ağuz südü adətən ilk bir həftə ərzində sintez olunur. İkinci həftədən ana südünün zülal tərkibi azalır, laktoza, yağ tərkibi və ümumi kalorisi artır. Ana südü körpənin hər dövrü üçün olduqca əhəmiyyətlidir. Asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Ana südündə olan zülal və mineralların miqdarının inək südü ilə müqayisədə daha az olması, həzm və ifrazat sistemində yaranacaq yüklənmənin qarşısını alır. Ana südündə olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur. Digər südlərə nisbətən ana südünün tərkibindəki dəmir beş dəfə çoxdur. Ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Beyin və sinir sistemi üçün vacib olan esensiyal yağ turşularının səviyyəsi ana südündə inək südü ilə müqayisədə 8 dəfə çoxdur.
Belə ki, ilk 4 ay ərzində bu yağ turşuları körpə orqanizmi tərəfindən sintez olunmur.
Südvermə zamanı körpəni qucaqda düzgün saxlamaq vacibdir. Ana normal şəraitdə rahat bir kresloda, kürəyi dik olaraq oturmalıdır. Körpə üzü və bədəni anaya tərəf eyni istiqamətdə, başı bədənə görə yüksəkdə, yəni əyri bir xətt əmələ gətirəcək şəkildə olur. Körpənin altda qalan qolu ana ilə körpə arasında qalmamalıdır.
Yorğunluq və stress, ruhi pozuntular ana südünün miqdarını azalda bilər. Bu dövrlərdə ananın kifayət qədər maye alması və balanslı qidalanması çox önəmlidir. Həddindən artıq kalorili, şəkərli qida və içkilərin qəbulunun südün sintezinə təsiri yoxdur. Maye qəbulunun həddindən artıq olması da təhlükəli ola bilər. Qida rasionunda tərəvəz və meyvələr, yaşıl salatlar bol istifadə olunmalı, süd məhsullarını, zülal və dəmirlə zəngin qidaları balanslı şəkildə qəbul etməli, hamiləlikdə olduğu kimi, kalsium və dəmir qəbulunu davam etməlidir.
Körpələrdə ilk günlərdə görülən təbii çəki itkisinin səbəbi bədəndə maye miqdarının azalmasıdır, bunun ana südünün yetərsizliyi ilə əlaqəsi yoxdur. Körpənin narahatlığı, yuxusuzluğu və ya həddindən artıq ağlaması, çəki azlığı ana südünün miqdarının azlığını ifadə edən meyarlardır.
Körpənin doymadığı halda ona əmzik və ya, əlavə qida verilməsi, əmziyin şəkərli mayelərə və bala batırılması, körpəyə şəkərli bitki çaylarının verilməsi ana südü ilə qidalanmaya istəksizlik yarada bilər.
1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il bu tarix Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Bu tarixin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.
E.ŞİRİNOV