Bu il Moskva vilayətində istilik mövsümü sentyabrın 12-də başlayacaq.
Bu barədə regionun Energetika Nazirliyinin mətbuat xidməti bildirib.
"Moskva vilayətinin Energetika Nazirliyi şəhər dairələrinin administrasiyalarına sentyabrın 12-dən sosial müəssisələrə istilik verilməsinə başlamağı tövsiyə edib.
İlk növbədə, məktəblərdə, uşaq bağçalarında və tibb müəssisələrində istilik veriləcək, sonra isə mənzillərdə istilik olacaq”, - məlumatda deyilir.
Bu il payız-qış mövsümünə hazırlıq işləri vaxtından əvvəl başa çatdırılıb.
Rusiyanın Krasnoqorsk, Ramensky şəhər dairəsində, Naro-Fominsk, Ruza, Çernoqolovka və Solneçnoqorsk şəhərlərindəki uşaq bağçalarında və məktəblərdə artıq istilik mövsümü başlayıb.
Qeyd edək ki, Azərbaycanda istilik mövsümü hər il noyabrın 15-də başlayır və aprelin 15-ə kimi davam edir.
Bu qayda-qanun hələ sovet dövründən qalıb. Havaların daha tez soyumağa başladığı illərdə də "Azəristiliktəchizat" ASC istilik mövsümünü vaxtından əvvəl başlamır. Ötən il də havalar çox tez soyumağa başlamışdı, lakin "Azəristiliktəchizat" ASC-dən bildirildi ki, onlar qanuna tabedilər və onlara deyilən vaxtda, yəni sənəd üzrə noyabrın 15-də mənzilləri istiliklə təchizata başlayacaqlar. Və qurumun istilik mövsümünə tez başlaması üçün Nazirlər Kabineti müvafiq qərar qəbul edib, əmr verməlidir...
Y.MƏMMƏDLİ