"Borc dəftəri" -(Hekayə)

...Qəsəbədə hamının daha çox tanıdığı bir ünvan var idi: Abbasın dükanı. Amma məcburi köçkünlər çox olduğundan bəzən Abbas kişi malı nisyə verirdi. İnsafən, pulunu gecikdirən olmurdu. Amma Abbas kişi bəzən haqq-hesabı itirərdi də. Bunun da çarəsini tapmışdı. Çoxsəhifəli bloknotlar alıb nisyə dəftəri kimi daim piştaxtanın üstünə qoyardı. Hətta neçə dəfə yoxlama gələndə bu dəftərləri qarşılarına qoymuşdu və bir-bir borcluların siyahısını göstərmişdi də: «Bu şəhid ailəsidir… Bunun yoldaşı itkin düşüb… Bunun 3 oğlu qazidir… Bunun iki körpəsi yetim qalıb… Bunun əri Rusiyaya çıxıb gedib…». Məsələ bəzən bununla da bitərdi.

 ***

Abbas kişi adətən dükanda səhərin gözü açılanda peyda olardı. Çünki ilk növbədə məktəbə, yaxud harasa işə tələsənlər erkən isti çörək almağa gələrdi. Bu gün də elə oldu. Dükanı açan kimi içəriyə qonşusu Qaraş girdi. Tövşüyə-tövşüyə: -Abbas dayı, bir dənə ucuz və keyfiyyətli paltarasan ver…

 Abbas kişi eynəyinin altından bir Qaraşa baxdı, bir borc dəftərinə, bir də paltar asılqanları olan rəflərə:

-Qaraş, əvvəlcə de görüm, borclarını niyə ödəmirsən?

Baməzə adam olan Qaraş gülümsəyərək:

-Abbas əmi, inan, çörəkpulu ilə nəvələrin uşaqpulu ayımıza bəs eləmir…

-Ayə, ay qırışmal, bir arvaddı, bir də sən. İkinizin aylığı nə təhər bəs eləmir? Yaxşı matoristsən, o  günü qardaşım oğlundan əlbəəl 150 manat aldın. Özün alanda borca yazmırsan, amma dükana verəndə borc yığılır, həəə?!

-Abbas əmi, bizim ev Həsənağanın stalovasına dönüb. Əşşi, arvad üzüyumşaqdı deyə, qonşu arvadları yığışır bizə. Kəklikotulu çay, havayı işıq, «duxovka» da hər gün paxlava, şəkərbura bişirməkdən «Nənəmin təndiri»nə dönüb. İş o yerə çatıb ki, qonşu Telli xala mənə nə desə yaxşıdı: «Ay Qaraş, bu yoldaşının əli yaman duzdudu, yeməyi dadlı, paxlavası şibşirin». Deyirəm, aaz, o duzdu əldən səndə niyə yoxdu? Arvad deyilsən?!

 Qaraş birdən başa düşdü ki, Abbas kişinin sualından yayınır, gəldi mətləbə:

 -Həəə, Abbas dayı, inan, bu arvadın qonaqpərvərliyi başıma bəla olub. Halal xoşları olsun ey, amma bir dəfə də özləri qonaq çağırsın ki, mən işdən gələndə evdə rahatlana bilim. İnan, o portretdəki seyidin cəddinə and olsun, ayda şüşə qəbulu sexinə 40-50 araq butulkası da təhvil verirəm, amma yenə də çətinliklə dolanıram…

 Abbas kişi özünü gülməkdən güclə saxladı:

-Əəə, bəsdi də… Ayda 50 araq butulkası verənin…

İstədi söysün, amma özünü güclə saxladı:

-Ay qırışmal, o seyid şəkli deyil, deputat seçkisindən divarda asılıb qalan şəkildir. 20 illik deputatını tanımırsan?

-Sən öl yox, üzügülər gördüm, elə bildim seyiddi.

-Düz deyirsən, seçki vaxtı onların hamısının sifəti gülər olur… İndi de görüm sənə ucuz və keyfiyyətli asılqanın hansından verim?

Qaraş bahalı paltarasanlara baxmaqda ikən, dükançı Abbas kişi fikirləşdi ki, Qaraş indiyədək hansı borcunu tam ödəyib ki! Bahalı paltarasan versə, o da borca gedəcək. Birdən soruşdu:

-Qaraş, sən o asılqandan nə asacaqsan ki?!

-Əşşi, bilmirsən? Özümü… Bayaq bir Quranlıq söz danışmışam, hələ bir soruşursan da… Sən öl, bax  sifətini 20 ildi görmədiyim o deputatın canına and olsun, bizim bu arvadın əlindən özümü asmaq istəyirəm…

 Sonra nə fikirləşdisə, -Abbas dayı, zarafat o yana, uşaqlar şəhərdə olur, əyinlərinə olmayan paltarlarını yığıb gətiriblər bizə. Evdə də yer yoxdu, ona görə üst-üstə asırıq, hər paltarasan da tab gətirmir, qırılır…

Abbas kişi sözü göydə tutdu:

-Tapdım, Qaraş, ən ucuz, keyfiyyətli, dözümlü paltar asan tapdım…

-Hə, qadan alım, qırılmasın eyy…

-Ə, nə danışırsan, özünü də assan qırılan deyil…

 Abbas kişi dükanın təsərrüfat malları anbarına baş çəkib tez də geri qaytdı:

-Qaraş, bu gördüyün minlik beton mismarıdı. Mıxla divara, əyilən də deyil…

-Hə, lap biz köçkünlər kimi… Abbas kişi, sən ondan 5 dənə ver. Həm ucuz, həm də dözümlü…

-Ömrünün axırına kimi bəsindi…

 -Başa düşmədim, sözündən belə çıxır ki, ömrümün axırına kimi bu köçkün qəsəbəsində qalajam…

-Yox, əşşi, sadəcə, hara getsən, çıxart, özünlə apar də. Həm də sizin nəsil uzunömürlüdü axı…

-Əşşi, bu arvad qoyur ki, ömrümüz uzun olsun…

-Arvad neyniyir eyy sənə?

-A kişi, ötən dəfə sənin dükanından göyərti aldım ha…

-Hə, noolub ki?! Bu göyərtiləri qəsəbənin o biri başında Sənəm bacı yetişdirir, istixana düzəldib, il boyu göyərti becərir, dəstəsini görürsən də, təptəzə…

-Xalamdı…

-Həəə? Onun bir bacısı qardaşım oğlundadı, bir bacısı da bacım oğlunda. O biri lap kiçik bacısı isə xalam nəvəsindədi…

Baməzə Qaraş yenə zarafatından qalmadı:

-Abbas kişi, tay denən xalalarımın hamısını sizin nəsil «işlədir» də…

Hər ikisi o ki var güldü.

-Abbas dayı, deyim də, göyərtini apardım evə. İçində dağ kişnişinin bir dəstəsi əzilmişdi, arvad başdadı donquldanmağa ki, neçə dəfədir, nə alırsan, zay çıxır… Ütü aldın, pis işlədi, ventilyator aldın, zay çıxdı… Axırı dözmədim, dedim, aaz, insafın olsun, niyə yalan danışırsan, düz 40 ildi səni almışam, haran zaydır, aaz?!

Abbas kişi səhər-səhər Qaraşın bu baməzə söhbətlərinə o ki var güldü, bir az eynəsi açıldı.

 Qaraş gedəndən sonra Abbas kişi borc dəftərlərini vərəqləməyə başladı. Haqq-hesab edəndə birdən Ülvinin adını gördü. Ülvi qəsəbəyə təzə gəlmişdi. Bir gün dükana gəlib demişdi ki, Abbas dayı, bir həftəliyə rayona gedirəm, bu malları ver, dəftərə yaz, qayıdıb hamısının pulunu ödəyərəm, borclu qalmaram… Təxminən 300 manatlıq borc bir aydan çox idi ödənilməmiş qalırdı. Ülvidən isə səs-səmir yox idi. Abbas kişi ailəsindən də kimsəni tanımırdı ki, xəbərləşsin. Amma üstünü vurmurdu, çünki artıq müharibə başlamışdı, qəsəbədən xeyli cavanlar müharibəyə getmişdi, erməniləri torpaqlarımızdan iti qovan kimi qovub çıxardırdılar. Bəlkə elə Ülvi də müharibəyə gedib, bilmirdi. Amma ürəyinə elə dammışdı.

 Artıq Füzuli, Xocavən və onlarla kənd ermənilərin işğalından azad edilmişdi. Abbas kişi isə söz vermişdi ki, döyüşçülərimiz Şuşa yoluna çıxanda borc dəftərlərini yandıracaq. Amma nəsə bir şeydən şübhələnmişdi. Ona elə gəlirdi ki, bu sözü kiminsə yanında deyib. Çünki son bir ayda pulu olanlar da gəlib mal alıb borca yazdırır.

 Axşam evə gələndə tez arvadı yanına çağırdı:

 -Ay Telli, mənim o sözüm var idi ha, borc dəftərini yandırmaq məsələsi, onu bu qonşu arvadların yanında danışmamısan?

-Yox, mən evin sirrini qonşuya deyərəmmi, ay Abbas? Amma…

-Aha, nə «amma», danış görüm…

-Mən onu paltar yuyanda öz-özümə danışırdım ki, dükana olan ümumi borc 30 min manatdan çoxdu. Bu kişi o borc dəftərinin əvəzində məni yandırsa yaxşıdır…

-Niyə?

-A kişi, görmürsən, rayonlarımız bir-bir o murdar ermənilərdən təmizlənir, bizim kəndə nə qaldı! Bəs evi nəynən tikəcəyik, ay evi tikilmiş???

-Qoy görüm sən də! Hökümət o boyda torpağı alırsa, camaata ev tikməyinə nə var?! Qurbandı yüz belə borc dəftəri, təki mən deyən olsun…

 Abbas kişi bu sözü demişdi ki, birdən televizorda ordumuzun Qubadlını, artıq Şuşa istiqamətində əməliyyatlara başlanıldığını, hətta Daşaltı istiqamətində döyüşlərin getdiyini elan etdilər. Abbas kişi «Allah, sənə şükür, məni eşitdin!», deyib sevincindən bəlkə də son on ildə bir dəfə də olsun ürəklə boynunu qucaqlamadığı arvadını sinəsinə aldı, başını sığalladı. Yanağı pörtmüş Telli arvadla birgə sevinərək ağlaşıb bir-birinə qarışdılar…

***

 Yuxusu ərşə çəkilmiş Abbas kişi bu dəfə dükanı lap erkən açdı. Sonra borc dəftərlərini qarşısına qoydu. Qərara aldı ki, bu gün kim mal alsa, pulsuz verəcək və adındakı borcu siləcək.

 Həyəcanla dükanın qapısını döyən ilk müştərisini gözlədi. Heç beş dəqiqə keçməmiş məktəbdə hamının hörmət elədiyi, böyük nüfuz sahibi olan Sabir müəllim içəri girdi. Dərhal da axşamkı şad xəbərlə bağlı bir-birini təbrik etdilər. Sabir müəllim Şuşadan idi, bu günü həsrətlə gözləyirdi. Bir oğlu birinci Qarabağ müharibəsində şəhid olmuşdu.

-Hə, Abbas kişi, mənə iki çörək, 5 kilo un, bir də bir «zajiqalka» ver…

-Sabir müəllim, unu, çörəyi verirəm, amma «zajiqalka» bir dənədi, onu verə bilmərəm.

-Onda kibrit ver…

-İnan, bəxtindən kibrit qurtarıb, sabah gətirəcəklər…

-Əşşi, sən siqaret çəkən deyilsən, neyləyirsən ey «zajiqalka»nı?

Abbas kişi xoş təbəssümlə Sabir müəllimi dinlədi:  -Bilirsən, Allahdan gizlin deyil, səndən niyə gizli olsun…

Abbas kişi kövrəlmişdi, sözünü tamamlaya bilmədi, cibindəki dəstmalı çıxarıb nəmli gözünü sildi…

Sabir müəllim tutulmuşdu:

-Əşşi, danış görüm, noolub? Nə baş verib?

-Bilirsən, əhd eləmişdim ki, ordumuz Şuşaya yaxınlaşanda bu borc dəftərini yandırım. Axşam eşitdin də, arzum çin oldu. Bu «zajiqalka» da buna görə mənə lazımdır. 6 dənə dəftərdir, bax burda, camaatın gözünün qabağında od vurub yandıracam… Kimi döyüşdədir, kimi döyüşçü ailəsidir, mənim də gücüm buna çatır. Hardasa, 30 min manatdan çox borc yığılıb…

 Sabir müəllim, özündə deyildi, deməyə söz tapmadı. Abbas kişinin geniş ürəkli, mərd insan olduğunu bilirdi. Əlini cibinə atıb aldığı malların pulunu vermək istəyəndə, Abbas kişi: -Dayan, bu gün bu dükanda hər şey pulsuz olacaq, -dedi.

 Sabir müəllim nə qədər cəhd etsə də, Abbas kişi, -Səni and verirəm şəhid oğlunun ruhuna, məni incitmə, get, məktəbə gecikərsən…-deyib Sabir müəllimi qapıdan bayıra çıxardıb yola saldı. Dükanın ağzında isə 10-15 adam var idi. Sən demə, hamı bu söhbətləri eşidirmiş…

 Abbas kişi hamını içəri dəvət edərək məqsədini bildirdi... İnsanlar bir-bir içəri girəndə başında qara kəlağayı olan bir qadın isə qəfil ayrılıb çıxıb getməyə başladı. Əlində nəsə bir vərəq vardı. Abbas kişi qonşusu Həcər nənədən soruşdu:

-Sən bilərsən, o qadın nəsə almağa gəlmişdi, bəs niyə çıxıb getdi?

 Həcər nənə kədərli halda üzünü Abbas kişiyə tutdu:

-Bilirsən, Abbas qardaş, qadan alım, onun adı Sevildir, yoldaşı Ülvi bir aydan çoxdur müharibəyə getmişdi. Qonşumuzdur, müəllimədir, dünəndən bizə danışırdı, yoldaşı müharibəyə gedəndə sizdən 300 manatlıq mal alıb, amma borc qalıb. Qadın maaşını dünən alıb, bu gün gəlirdi ki, borcunu ödəsin… Amma…

 Abbas kişinin üzünə payızda Şuşanın başı üzərində dolaşan qara buludlar kimi bir rəng çökmüşdü:

-Hə nə «amma», Həcər bacı, nə olub ki?!

-Bilirsən, elə indicə «voenkomat»dan gələn var idi, bir mayor idi, dedi ki, yoldaşı bu gecə Daşaltı tərəfdə şəhid olub. O da mənimlə gəlmişdi ki, həm yoldaşının borcunu ödəsin, həm də un, yag alıb halva bişirtdirsin… Qəfil zəng gəldi, gedəsi oldu, bu 300 manatı mənə verdi ki, sizə çatdırım…

 Abbas kişi dükana yığışanları elə ordaca qoyub Sevilin arxasınca qaçdı:

-Qızım… Dayan, dayan…

Dükandan xeyli aralanmış Sevilin ardınca qaçdığından Abbas kişinin nəfəsi təntimişdi. Dükanda növbə gözləyənlərin duruşunda isə bir kövrək hüzn vardı. Hamı yavaş-yavaş onlara tərəf gəlirdi.

Abbas kişi Sevilə çathaçatda arxadan bir də səsləndi:

-Qızım, dayan, səninləyəm, dayannn…

Sevil dayandı. Abbas kişi birtəhər özünə gəldi, təntimişdi, dili söz tutmurdu. Əlindəki dəstmalı yanağına çəkdi, sonra özünü ələ alıb:

-Qızım, sizin dükana borcunuz yoxdur… Yoldaşınız Ülvi ödəyib…

-Əmi, nə vaxt, harda ödəyib? Axı…

-Dünən…

-Necə yəni dünən… Axı o…

-Qızım, dünən orda… Döyüşdə…

Abbas kişinin bu dəfə gücü, ancaq göz yaşını silməyə çatdı…

 Sevil müəllimə qara kəlağayısını əlinə alıb Abbas kişinin üzünə baxaraq susdu, heç nə demədən evlərinə tərəf addımladı... Qəsəbənin o biri başından isə Sevil müəlliməgilin evlərinə tərəf əllərində bayraqlar olan çoxsaylı insanlar gəlirdi…

Asif MƏRZİLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN