Ötən həftə Ağdamın işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı Ağdam Beynəlxalq Konfrans Mərkəzində mədəni-kütləvi tədbir keçirildi…
Rayondan olan, Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ya məskunlaşan 600-ə yaxın ağdamlı ziyalıların iştirak etdiyi bu tarixi, həm də əlaməatdar tədbirə mən də dəvətli idim…
***
…Vacibdir xatırladım ki, Ağdam indi iki cəbhədə qurulur, tikilir. Biri 1993-cü ildə rayon işğal ediləndən sonra İcra Hakimiyyətinin yerləşdiyi, sonradan şəhər mərkəzi statusu verilmiş Quzanlıda və ətraf kəndlərdə, bir də 2020-ci ilin noyabrın 20-də 30 illik erməni işğalından azad olunmuş qədim Ağdam şəhərində və ətrafında… Ən vacibi, bir var düzən, rahat ərazidə tikinti-quruculuq işləri aparıla, bir də var erməni vəhşilərinin 30 il minaladığı və mina xəritələrini özlərinin belə itirdiyi ərazilərdə dağıntıları yığıb, minalardan təmizləyib sonra bu işləri görəsən.
Sökülən, tikilən və gələcəyə qurulan Ağdam…
Beləliklə, bu gün işğaldan azad olunmuş Ağdamda görülən işlərin həcmi ikiqatdır: bir tərəfdən ermənilərin 30 il ərzində dağıtdıb xarabalığa çevirdiyi ərazilərin tikinti tör-töküntüləri təmizlənir, digər tərəfdən isə yeni ərazilər minalardan təmizlənir, sonra tikinti işləri aparılır. Bütün bu ikiqat ağır və məsuliyyətli işlərə baxmayaraq, Ağdam tikilir və qurulur. Ağdam Sənaye Parkından tutmuş yeni çəkilən, yekunlaşmasına az qalmış Bərdə-Ağdam magistral avtomobil yoluna, Bərdə-Köçərli-Ağdam dəmiryolu xəttinin çəkilişinə, Ağdam Beynəlxalq Konfrans Mərkəzinə, yeni Ağdam 1 saylı Tam Orta məktəbin istifadəyə hazır olmasına, Ağdam Mərkəzi Xəstəxananın qurulmasına, yeni yüksək gərginlikli elektrik yarımstansiyasının istifadəyə verilməsinədək, çox işlər görülüb və görülməkdədir. Ağdam indi böyük bir tikinti meydançasını xatırladır. Ağdamın bir neçə km məsafəsində yaşayan ermənilər isə bunu görür. Bu sürətli tikinti-quruculuq işləri isə düşmənə göz dağı kimi ortadadır. Yəqin elə buna görədir ki, əsəblərini cilovlaya, 30 il ərzində viran qoyduqlarının əvəzində indi Ağdamda və ətraf ərazilərdə görülən möhtəşəm tikinti-quruculuq işlərini, çəkilən dünya standartlı yolları, yeni sənaye obyektlərinin inşaasını həzm edə bilmir…
***
Beləliklə, noyabrın 20-də Ağdam rayon mərkəzində yeni istifadəyə verilmiş Ağdam Beynəlxalq Konfrans Mərkəzində rayonun işğaldan azad olunmasının 2 illiyinə həsr olunmuş təntənəli tədbir başladı. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Ağdam rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbir əvvəlcə Quzanlıdakı Şəhidlər xiyabanın ziyarət edilməsi ilə başladı… Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, Ağdam şəhərində yenidənqurma işlərinə cəlb olunan tikinti şirkətlərinin işçiləri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ziyalıları şəhidlərin məzarlarını ziyarət etdi, üzərlərinə gül dəstələri düzdülər. Şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyuldu.
***
Daha sonra təxminən 600-ə yaxın rayon nümayəndələri və qonaqlar Ağdam şəhərinə yola düşdülər. Beləliklə, Ağdam Beynəlxalq Konfrans Mərkəzində Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlının aparıcılığı ilə rəsmi tədbirə start verildi. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını Vətənə qurban vermiş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək görülən işlərdən danışdı, Ağdamda geniş miqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini söylədi. O, Ağdam şəhərinin Baş Planının bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqləndiyini və ictimaiyyətə təqdim olunduğunu xüsusilə qeyd etdi. E.Hüseynov həm mina təmizləmə işlərində, həm də baza infrastrukturun qurulması sahəsində mühüm işlər görüldüyünü, avtomobil və dəmir yollarının, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələrin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırdı. E.Hüseynov gələn ilin əvvəlinə həyata vəsiqə alacavq həmin layihələrin bir çoxunun yekunlaşacağını, eyni zamanda sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində geniş miqyaslı işlərin getdiyini, Ağdam Sənaye Parkında yeni iş yerlərinin açılması istiqamətində, xəstəxana tikintisinin, 1 nömrəli Ağdam tam orta məktəblə əlaqədar yekunlaşma işlərinin aparıldığını dedi. Emin Hüseynov tarixi-mədəni abidələrimizdə restavrasiya işlərinin aparıldığını və bütün bunların məntiqi nəticəsi olaraq artıq yaşayış məhəllələrinin layihələndirilməsinin aparıldığını və gələn ilin ortasından yaşayış məhəllələrinin tikintisinə başlanılacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ağdam Cümə Məscidində isə bərpa-tamamlama işləri sürətlə aparıldığı qeyd olundu.
Ağdamın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən E.Hüseynov 2026-cı ilin sonuna qədər həm Ağdam şəhərinə, həm ətraf kəndlərə insanların qayıtmasının təmin ediləcəyini bildirdi.
Xatırladırıq ki, Ağdamın işğaldan azad edilmiş kənd və qəsəbələrində hazırda minatəmizləmə işləri həyata keçirilir. Bəzi ərazilərdə vaxtilə ermənilərin istifadəsində olmuş əkin yerlərində isə kənd təsərrüfatı işləri həyata keçirilməkdədir.
Sonra söz Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova verildi. V.Həsənov ağdamlılar adından dövlət başçısına ünvanlanan müraciəti səsləndirdi. Müraciətdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Ağdamın bir güllə belə atmadan, bir şəhid vermədən azad edildiyi, hazırda isə Ağdamda geniş bərpa-quruculuq işlərinin aparıldığı vurğulandı. Bütün bunlara görə müraciət müəllifləri Prezidentə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı möhtəşəm ifası ilə qalib əsgərlərə həsr olunmuş və hamını riqqətə gətirən şeiri səsləndirdi. Sonra mərasim bədii hissə ilə davam etdirildi. Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər - Sevinc Sarıyeva, Təyyar Bayramov, Cabir Abdullayev və digər musiqiçilər konsert proqramı ilə çıxış etdilər. Çıxışlar alqış sədaları ilə qarşılandı…
Düşmənə göz dağı Ağdam indi böyük tikinti meydançasıdır…
Mərasim başa çatdıqdan sonra ziyarətçilər Ağdamın bəzi yaxın ərazilərinə baş çəkdilər, xatirə şəkli çəkdirdilər… Bir daha şahid olduq ki, işğaldan azad edilmiş ərazilər bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə davam etdirilir. Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam rayonuna indiyədək bir neçə dəfə səfər edib və mühüm layihələrin təməli qoyulub. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı tarixi hadisələrdir. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzinin isə məhz Ağdamda yaradılması həm də siyasi mahiyyət daşıyır. Ağdamda “Park Forest Otel Ağdam” mehmanxanasının, Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin tikinti-inşaat işlərinin sürətlə aparılması deyilənlərə sübutdur. Prezidentin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılıb ki, bu isə bölgənin iqtisadi inkişafının mərkəzi və dayaq nöqtəsi sayıla bilər…
***
Bəli, Ağdam 30 il əvvəlki tarixi yurduna-yuvasına hazırlaşır… Ağdam təkcə tikilmir, həm də sökülüb tikilir. Çünki tarixi düşmənlərimiz ermənilərin 30 il ərzində dağıdıb viran qoyduğu, minaladığı ərazilər əvvəlcə minalardan təmizlənməli, sökülməli və sonra tikilməlidir… Ağdam isə təkcə tikməyə deyil, həm də söküb- tikməyə və qurub-yaratmağa hazırdır…
Asif MƏRZİLİ
Bakı-Ağdam-Bakı
(Yazı Medianın İnkişafı Ağentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.7)