...Sosial platformamda Ağdamda olduğum ərazilərdən fotoşəkillər paylaşmışdım.
Bu şəkilləri görüb redaksiyaya gəlmişdi... Adətən işə erkən gələnəm. Kompüteri işə salıb yır-yığış edirdim ki, qapı döyüldü… Ucadan: -Gəlin, -dedim…
Qapı bir də döyüldü... Məcbur olub qapıya tərəf getdim. Düşündüm ki, yəqin hansısa şikayətçidir, rayondan gəlib, redaksiya qaydalarını bilmir. Bizdə qapı hər kəsin üzünə açıqdır axı...
Qapıya yaxınlaşaraq ucadan:. -A kişi, qapı açıqır, gəl dəəə... -deyib qapının dəstəyinə əlimi uzadıb açanda Ramiz Məmmədzadəni gördüm.
-Ramiz müəllim, xeyirdimi belə tezdən?
Gülümsəyib üzümə baxdı:
-Ağdamdan çəkdiyin şəkilləri, videoları gördüm, səhərə kimi yata bilmədim… Bir neçə bayatı yazmışam, gətirdim ki, çap edəsən…
Sonra bayatılar yazılmış vərəqi mənə uzatdı:
-Ağdamdan nə xəbər?
Zarafata keçdim:
-Kişi, az qala hər həftə görüb-danışdığın məni xəbər almamış 30 ildi səni yandırıb-yaxan Ağdamı soruşursan??? Ağdam yerindədi… Biz yerimizdə-yurdumuzda deyilik…
Yazı masamın üstündə Ağdamın Qarağacı qəbiristanlığından gətirdiyim bir balaca kisədə torpaq vardı, gözü ona sataşdı. Amma bir söz demədi. Görüşdük, hal-əhval tutduq.
-Sözdü-şikayətli adama oxşayırsan...
-Nə bildin?
-Ramiz müəllim, sən şikayət həll eliyənsən, səndən nə şikayət?!
-Bura bax, Ağdamda nə gördün? Maa ondan danış...
Yazıçı sualından daha çox Ağdamı beş barmağı kimi tanıyan adamın sualı idi. Sualı, necə deyərlər, göydə tutdum:
-Sizi nə maraqlandırır? Ağdamda gördüyüm çox şey var...
-Bura bax, sən də maa Aqil Abbas olmuyajaxsan ki! Belə deyirəm- elə deyir, elə deyirəm- belə deyir... Ağdamda nə qalıb?
Sonuncu sözü bir az sərt oldu...
Ürəyim üstümə gəldi. Şairi başa düşdüm:
-Ramiz müəllim, Ağdamda nə görmədim ki?! Erməni vəhşiliyi, dağıntılar, erməni goreşənliyi... Bir də... Daha nə lazımdır ki?!
-Qağa, yaman uzun danışdın eeee... De görüm, Ağdama qayıtmağa ömrüm çatacaq? Gedəcəyəmmi?
Ani olaraq duruxdum... Şair nə mənada deyirdi?! Zarafatımız vardı deyə, keçdim yenidən zarafata:
-Ramiz müəllim, yüz faiz...
-Doğrudan?
Masanın üstündəki torpağı görmüşdü deyə, əlimi "kulok"dakı torpağın üstünə qoyub and içdim:
-Bu torpaq haqqı, Ağdama qayıdacaqsınız...
Maraqlı gülüşü vardı... Üzümə baxdı:
- Olmaya torpaq ordan gəlib...
Dayandı, əlini torpağın üstünə qoydu, ani olaraq rəngi dəyişdi... Çönüb bir də üzümə baxdı:
-Qağa, qayıdacam ey... Bir var, qayıdım, ən azı bircə günlük də olsa həyətimizdə oturub dərindən nəfəs alıb "Ağdam, saa canım qurban!" -deyim... Bir də var Ağdamda dəfn olunmağa aparalar məni...
Gülmək məni götürdü:
- Şair, düz demədin...
-Nəyi?
-Onu...
Gördü ki, mövzudan yayınıram, keçdi mətləbə...
-Bəs bu yazını verə bilərsən?
-Fikirləşmədən:
-Hə, əlbəttə... -dedim...
Əlindəki bir neçə vərəqlik məqaləni də mənə göstərdi:
-Aqilə dedim, dedi, baxarıq... Rəşada dedim, dedi, fikirləşərik... Bəxtiyara demədim, çünki...
-Əşşi, sən də qəliz yazıları bizə gətirirsən, sonra isə...
Guya dediyimi eşitmirmiş kimi diqqətini masadakı torpaqdan çəkmirdi... Danışa -danışa "kulok"dakı torpağa yaxınlaşdı:
-Bu Ağdamdan gəlib yəqinki… Özü də İmarətdən?
-Hə, Ramiz müəllim, İmarətdən... Nə bildin?
-Duydum, Seyid Lazım Ağanın cəddi haqqı, içəri girəndə o torpaq məni çəkdi...
Dayandı, bir mənə, bir də torpağa baxdı... Əyilib "torba"nı götürdü, sinəsinə basdı:
-Allah, Allah... Sən bizi imtahan elədin, amma biz 30 il dözdük...
Dayanıb nəmli gözlərini ikiəlli ovuşdurdu:
-Ağdam, torpağına qurban olum, məni bağışla, məni qoynunda qəbul elə...
Özünə məxsus kövrəlməyi və ağlamağı var idi... Ağladı... Heç nə demədi, dərindən nəfəs alıb sağollaşmadan getdi... Əslində, artıq hər şeyi demişdi...
XXX
...Ramiz Məmmədzadə Ağdam işğal ediləndən Ağdamı yazırdı, təbliğ edirdi... Şeirlərində, poemalarında, Ağdam ətirli kövrək xatirələrində, poema və şeirlərində, esselərində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi əsas mövzu idi. Gəncələrə tövsiyyəsi Vətəni sevmək və düşmənə aman verməmək onun bütün yazılarının-bədii yaradıcılığının mübtədası idi…
O, həm də dəqiq bilirdi ki, Ağdam şeirlə, söhbətlə, təbliğatla qayıdan deyil... Və həmişə də şeirlərinin sonunu hərbi ruhda bitirərdi: torpağı Vətən etmək üçün döyüşməliyik!
O, dəqiq əmin idi ki, ən azından biz Ağdama qayıtmalıyıq və qayıdacağıq da... Və etdiklərini, yazdıqlarını da Ağdamı-Qarabağı unutdurmamaq üçün edirdi...
Ağdam unudulmadı, Ağdam unutdurulmadı...
O, ən böyük Ağdamlılardan biri idi... Özü demiş, söz verdiyi kimi, Ağdama qayıtdı- özü kimi qayıtdı... Necə ki, biz də özümüz kimi Ağdama qayıdacağıq...
Asif MƏRZİLİ
P.S.Allah onu arzularını 30 il əvvəl dəfn etdiyi-Ağdama qaytardı... Və bu dəfə özü Ağdama dəfn olunmağa getdi... Ruhu şad olsun...
P.P.S.Ramiz Məmmədzadə 1937-ci il yanvarın 1-də Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, habelə Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, şair sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru, eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. Qaçqınların və məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan "Azəriserviz" təşkilatında mətbuat xidmətinin rəhbəri olmuşdur.
R.Məmmədzadə 1976-82-ci illərdə Yuqoslaviya, Çexoslovakiya, Türkiyə-Misir-Kipr-Yunanıstan, Kuba respublikası ölkələrinə səfərə çıxan sovet turist qrupuna rəhbərlik etmişdir.
Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır. "Canpolad əfsanəsi" adlı kitabını Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayeva həsr etmişdi. Onun "Həmişə sən gələsən" (1978), "Vaxtında açsaydı qönçələr" (1964), "Xatirə bulağı" (1978), "Mühüm partiya işi" (1974), "Qeyrət günü" (1991), "O gecə (20 yanvar)" (1990), "Canpolad əfsanəsi" (1994), "İşıq günü" (2007) və "Zirvə" (2009) kitablarının müəllifidir.
Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, ÜİLKGİ MK-nın döş nişanı və stolüstü xatirə medalı ilə təltif olunmuşdur…
(Yazı Medianın İnkişafı Ağentliyinin maliyyə dəstəyi ilə çap olunur. İst.6.3.10).