...Bu gün Xalq artisti, əbəzssiz və əvəzolunmaz, təkrarsız səs sahibi Qədir Rüstəmovun doğum günüdür...
Bu gün onun doğum günüdür... Təsadüfdən zərurət doğur! Bu məşhur fəlsəfə hər kəsə agahdır. Bu gün o mənada, Qədir Rüstəmova da agahdır ki, onun ad günü olan 20 noyabr həm də bircə gün də olsa ayaq basıb, ermənilərin 1993- cü ildən üzü bəri viranə qoyduğu və quruca divarları qalmış evinin uçuqlarını görmək istədiyi Ağdamın işğaldan azad edildiyi gündür!
Qısası, bu gün Ağdamın və Qədir Rüstəmovun ad günüdür!
Bu gün həm də Qədirin günüdür! 3 ildir ki, ruhu Ağdamda, həmin o evinin həyətindədir, Qarabağdadır, Şuşadadır...
XXX
Bu gün Qədir Rüstəmovun doğum günüdür. Yaşasaydı 88 yaşını qeyd edəcəkdi... Amma yaşamadı... Ağdamsız yaşaya bilmədi... Lakin Ağdamda- ağdamlıların, külli Azərbaycanın qəlbində, musiqi- muğam ruhunda yaşayır, oxuyur... 88 yaşlı Qədir Rüstəmov!
O, "Qızıl fond"da qaldıqca qızıla dönən muğamları, segahları... ilə əbədi yaşardır.
Allah rəhmət eləsin! Ona "Həyatda yoxdur..." deməyə adamın dili gəlməz! Axı necə deməyəsən ki, Qədir Rüstəmov ondan əbədi yadigar qalmış muğamlarında elə əbədi də yaşayır...
Aşağıdakı yazını 2011- ci ildə yazmışdım... Ailəsi məndən xahiş etdi ki, bu yazını yenidən çap edim, yayımlayım. Mən də bu yazını Qədir Rüstəmovun ruhuna dualar oxumaqla ad günündə təqdim etməli oldum:
"QARABAĞSIZ QARABAĞLILAR...
(Torpaq uğrunda şəhid olmuş qəhrəmanlarımızın və torpaqlarımızın işğalına dözməyərək dünyasını dəyişmişlərimizin xatirəsinə ithaf olunur)
"Vətən və Qarabağ sizin üçün nədir?", - sualı ilə məndən bir qarabağlı kimi müsahibə götürən gənc jurnalistə dedim ki, "Bilirsiniz, Vətən mənim üçün həm də Qarabağdır. Amma təəssüf ki, Qarabağ hələki mənim üçün Vətən deyil... Və mən özümü hələki qarabağlı saymıram. Çünki qarabağlı-ağdamlı, xocavəndli, şuşalı, kəlbəcərli, laçınlı... olmağım üçün mən Ağdamda, Laçında, Şuşada, Xocavənddə olmalıyam. Və Qarabağsız qarabağlıların sayı artıq 1 miyonu çoxdan ötüb...".
Gənc jurnalist Azərbaycanın başqa bölgəsindən olsa da, torpaq itkisini, yurd həsrətini həyatında yaşamasa da, doluxsundu və "Mən həm də indi yurdsuz yaşamağın nə olduğunu başa düşdüm...", -deyərək bir də bu suala qayıtmadı.
Sonralar bu mövzuda bir publisistik yazı hazırlayıb qəzetdə dərc etdirdim. Bəli, Ağdamlı olmaq üçün Ağdamda olmalı idim. Amma mən, sən, o və bizim hamımız Ağdamda olmayan ağdamlı, Ağdamı olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlıyıq. Niyə? Nədir günahımız? Sən isə Xocavənddə olmayan xocavəndli, Xocavəndi olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlısan... Və mənim üçün doğulduğum Mərzili kəndi vətəndir, ocaqdır və Mərzilinin də vətəni Ağdamdır, Ağdamın vətəni Qarabağ, Qarabağın isə vətəni Azərbaycandır!
Mən Şuşada sonuncu dəfə 1991-ci ilin iyulunda oldum. Ağdamda 1993-cü ilin iyununda. Füzulidə və Cəbrayılda, Zəngilanda, Cəbrayılda... isə 1993-cü ilin avqustunda. Bakıdan ezam olunmuşdum. Kənd təsərrüfatı nazirinin müavini Xəlyəddin Xəlilovla birgə əhalinin və kənd təsərrüfatı heyvanlarının döyüş bölgəsindən geriyə-Bakıya doğru çıxarılması əməliyyatında iştirak edirdik... Həmin torpaqlar gözümün qabağında boşalırdı.
...İllər keçdi. Sonra xatirələrimiz boşalmağa başladı, Bakıda məcburi köçkün, didərgin olduq. Adı Azərbaycanla bir olanlarımız "məcburi köçkün" oldu. İlahi, elə bir yurdun övladlarına bu nə zülm idi verirdilər???
***
...Neçə gün əvvəl axşam bir yerdə danışıb-gülüb, söhbət etdiyim yaxın qohumlardan biri səhər saatlarında qəflətən rəhmətə getdi... Onu Hövsan qəbirstanlığında dəfn etdik. Yaşı 60-ı təzəcə keçmişdi. Sapsağlam bir insan idi. Amma ən azı mən bilirəm ki, o, daim torpaq, Qarabağ dərdi ilə yaşayırdı. Daha doğrusu, bu dərdin içində çabalayırdı. Sözümün canı var: yadımdadır ki, həmin qəbirstanlıq təxminən iki il əvvəl salınmışdı, daha bir qohumu burada dəfn edəndə orada 5-10 məzar var idi. Qəbir daşlarından və üzərindəki yazılardan da görünür ki, buradakı məzarların demək olar hamısı Qarabağ bölgəsindən didərgin düşüb Bakıda "müvəqqəti məskünlaşmış" (20 il də müvəqqəti məskunlaşma olar?) insanlardır. İki il ərzində burada minlərlə qəbir yerləri qazılmışdır. Bu dəhşətlidir!
Qohumun dəfn mərasimində Allaha dua edib Quran oxuyan axunda dedim ki, sən Allah, böyük yaradana bir arzumuzu da çatdır ki, o torpaqların tezliklə bizə qayıtmasına bir əncam çəksin, yoxsa, bir-iki il də keçsə, bu məzarlıqda yer qalmayacaq...
XXX
...Qədir Rüstəmov Bakıdakı 2-ci Fəxri xiyabanda dəfn ediləndən sonra Qarabağ mənim üçün bir vaxtlar qədrini bilmədiyim, üstündə gəzdiyim torpaq və qürur yeri kimi bir daha ürək sızıltısı ilə yadıma düşdü... Onun ən böyük arzusu Ağdamda ölmək idi, amma o, Ağdamda ölə bilmədi...Və o anda Ağdamı xatırladım. Ağdam mənim üçün qürur yeridir. Bu ifrat dərəcədə rayonçuluq əhval-ruhiyyəsi də deyil. Mən Ağdamı həm də ona görə çox sevirəm ki, dardadır və onu bu dardan qurtara bilməmək çarəsizliyimi onu dəlicəsinə sevməyimlə əvəzləyir, günahımı, sanki bununla yuyuram. Həmçinin Şuşanı, Laçını, Kəlbəcəri, Xocalını, Xocavəndi... və Göycəni, Zəngəzuru.
Mənim üçün Qarabağ Pənah Xan, İbrahim Xan, Sultan bəy, Xosrov bəy, Qasım bəy Zakir idi, Əhməd bəy Ağaoğlu idi, Natəvan idi, Üzeyir bəy idi, Xudu Məmmədov idi, Qədir Rüstəmov idi, Şirin Mirzəyev idi, Fred Asif idi, Eldar Bağırov idi... Bir də 20 ildi Qarabağsız yaşayan qarabağlıların içindəki yurda qayıdış istəyinin varlığıdır. İndi nə Pənah xan var, nə Üzeyir bəy, nə də... Qədir də getdi. Yenə heç olmasa "Sona bülbüllər"i oxuyub Ağdamı bizə xatırladırdı.
20 ildi bu xatirələr və xəyalllar, əlçatmaz arzular içində Qarabağsız qarabağlı olaraq yaşayırıq. Əslində isə yaşamırıq, ölüb-dirilirik. çünki ayağımızın altındakı torpaq yoxdur, göz açdığımız ocaq yoxdur, bir də ölmək və basdırılmaq üçün torpağımız-yurdumuz yoxdur. Qarabağsız ölə bilməyən nə qədər ahıllar-qocalar tanıyıram ki...
XXX
Bir gün Qədir Rüstəmov mobil telefonuma zəng etmişdi. Həmin gün onun ad günü olduğunu internetdən oxumuşdum. Hal-əhval tutandan sonra ad gününü təbrik etdim. Güldü, dedi, ə qağa, sən Allah bəsdi, nə ad günü... Və mən ona bir arzumu çatdırdım. Dedim, qağa, bir arzum və təbrikim var...
- Hə, di de görüm,- deyərək diqqətlə məni dinlədi. Mən də elə belə də idedim: "Arzu edirəm, Allah səni Ağdamda...".
Bir az duruxdum, sonra elə belə də dedim: "Allah səni Ağdamda öldürsün!".
Doluxsundu, kövrəldi və ağladı. Dedi, "Sən öl, bu arzu elə bil maa bir milyondu. Allah ağzından eşitsin!"
Amma təəssüf ki, Allah-Təalanın başı çox qarışıq olduğundan nə mənim səsimi eşidə bildi, nə də Qədir Rüstəmovun bu arzusunu gerçəkləşdirmə qərarını verdi... Və Qədir getdi. Qədirə qədər on minlərimiz getmişdi. Qədirdən sonra isə elə o qədərimiz də gedib. Amma hələ ki, heç birimiz Qarabağa gedə bilmirik, Bakıda, Şəkidə... torpağın altına gedirik...
Sonda: bir dəfə Tamerlan Qarayev "Qarabağ evi" adlı bir məclis yaratmaq isətyirdi. Qəzetimizə müsahibə verirdi. Soruşdum ki, bunda məqsəd nədir, dedi ki, indi camaatımız arasında rəhmətə gedən çox olur, onların dəfn mərasimlərinin təşkilinə yardım etmək istəyirik...
Dedim, Tamerlan bəy, məncə, indi ölüləri deyil, diriləri ağlamağın vaxtıdır... Kədərlə üzümə baxıb "Düz deyirsən, amma..." söylədi...
Bircə qorxum var: nə vaxtsa itirilmiş Qarabağı qaytaracağıq, amma itən qarabağlılığı çətin qaytaraq. Bax onu qorumaq lazımdır!
Asif MƏRZİLİ
(2011)