Hər gün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücüləri dilxor edən məlumatlarını ən azı radioda dinləmək, sosial mediada izləmək vərdiş halını alıb...

Amma hələki konkret çıxış yolu yoxdur. Dəqiq belədir. Olsaydı, çoxdan kimsə bir layihə adı altında babat para qazanmaq üçün irəli durardı, TV-lər şou-əhlini tərifləmə yarışına fasilə verərək bu barədə də sujetlər çəkib göstərərdilər.

 Bütün bunları qoyaq bir kənara. Lakin həqiqətən də indi Bakının tıxac məsələsində vəziyyəti acınacaqlıdır. Aidiyyəti dediyimiz qurum rəhbərlərini də qınamırıq. Çıxış yolu var, amma həlli mümkünsüzdür. Vətəndaş axşam yatır, səhər durub görür ki, ətrafı çəpərləyib "Müvəqqəti narahatlığa görə üzr istəyirik!" yazılmış lövgə ilə üz-üzədir. Bakıda avtomobillərin tıxacsız hərəkəti üçün ərazi olmalıdır, Bakıda isə bu əraziləri zəbtetmə yarışı geniş vüsət alıb... İndi hamı deyir ki, prezident seçkilərindən sonra çox şey dəyişəcək. Təki belə olsun! Amma mən dəqiq deyirəm ki, Bakını dədə malı hesab edib bostan urasına çevirən bəzi məmurlarda gələcək nəsilləri və Bakının gələcəyini düşünmə düşüncəsi yoxdur. Olsaydı, yarımadada yerləşən, 3 tərəfi su ilə əhatəli şəhəri-paytaxtı bu cür çıxılmaz hala salmazdılar.

 Keçirəm təklifə: bu yaxınlarda Bakıdakı tıxacların real vəziyyəti barədə ətraflı araşdırma yazı təqdim etmişdik. Aşağıda linki təqdim edəcəyəm, yenidən oxuya bilərsiniz. Amma həmin yazıda təqdim edilənlər nəticədir, səbəblər bəllidir, çıxış yolları da yox deyildir. Necə deyərlər, bir tamahkar məmur(lar) bir "quyuya" daş atıb, indi yüz ağıllı yığışıb o daşı o kor quyudan çıxarmalıdır! Bunun üçün isə Bakı indiki halında boşaldılmalıdr! Necə deyərlər, bəzi Amerika filmlərində göstərildiyi kimi, gəmi yükə dözmür və dalğalar onu batırmaq istəyir, əlac qalır gəminin yükünü maksimum boşaldıb suya tökməyə... İndi biz də Bakını tıxaclardan xilas etmək üçün şəhərin yükünü azaltmalıyıq, kənara daşımalıyıq...

tixac-5

Bakıdakı ali və orta texniki təhsil müəssisələri kənara köçürülsün!

 Bunun bir yolu bəzi xarici ölkələrdə, xüsusən də paytaxtı yarımadada yerləşən ölkələrdə olduğu kimi, ali və orta təhsil müəssisələrinin mərkəzdən kənara köçürülməsidir. Bakıda da eyni təcrübəni tətbiq etmək olar. Məlumat üçün son təkmil statisikanı təqdim edirəm: Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2020/2021-ci tədris ilində (Bu il də təxminən eyni rəqəmlərdir) bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 198,7 min nəfər olub. 2020-ci ildə ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən təxminən 5,7 min tələbə də təhsil alıb. Həmçinin 61 orta ixtisas təhsil müəssisəsində 60,0 min tələbə təhsil almaqdadır. Deməli, təxminən 255 min təhsillilərin, bölgələri çıxsaq, Bakıda orta hesabla 180-185 mini cəmləşib.

 Bəs nə etməli? Təsəvvür edin, bu qədər tələbənin xeyli hissəsi dərsə ya avtotomobillə gəlir, yaxud onlar dərsə gəlib-gedəndə avtomobildən istifadə edirlər. Valideyni vəzifəli-xidməti avtomobilli tələbələri dərsə aparıb-gətirən avtomobillər də təbii ki, Bakı küçələrində hərəkət etməlidir və s.

Təklifim konkretdir: müasir ticari tələblərə cavab verməyən "Binə" və "Sədərək" ticarət mərkəzləri Lökbatan ərazisindəki yeni qurudulmuş göllərin yerinə müasir tipli ticarət mağazaları ilə əvəzlənərək köçürülsün!

İkincisi, Bakıdakı bütün ali təhsil müəssisələri üçün "Sədərk" və "Binə" TM-lərin ərazisində universitetlər və kolleclər kompleksi yaradılsın. Həmin ərazilərdə həm də tələbələr üçün sosial yataqxanalar tikilib onların istifadəsinə verilsin ki, Bakıda gecəqondu evlərdə kirayədə qalanlar (dəm qazından boğulmalar) paytaxtın mərkəzinə gəlməyə ehtiyac duymasınlar!

Əlavə təkliflər olarsa, ictimailəşdirməyə hazırıq.

Asif MƏRZİLİ 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN