Azərbaycanın çağdaş ədəbiyyatında ilk əsərdir ki, məhz Azərbaycan Ordusunun dünyaya səs salmış hərbi əməliyyatlarından və qələbəsindən bəhs edir…

 Real faktlar və hadisələr əsasında yazılmış roman əfsanəvi kəşfiyyatçı, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra), polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edir. Əsərdə 1828-ci ildə İran və Türkiyədən Azərbaycanın tarixi ərazisi olan Qarabağa köçürülmüş ermənilərin zaman-zaman torpaqlarımıza göz dikməsi, Qarabağda ikinci erməni dövləti yaratmaq arzuları, bu arzuların gerçəkləşdirilməsi üçün ötən əsrin sonlarından başlayaraq Azərbaycan xalqının başına açdığı müsibətlər, soyqırımlar, eləcə də 1990-1993-cü illərdə Qarabağ bölgəsindəki Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocavənd rayonlarını işğal etməsi, tarixi abidələri, yurd yerlərini viran qoyması və s. bədii təsvirlər və rəsmi qaynaqlarla oxucuya təqdim edilir.

 Kitabda, həmçinin Azərbaycan Ordusunun 2016-cı ilin 1-4 aprel və 2020-ci ilin 44 günlük döyüş əməliyyatları, nəhayət, 2023-cü ilin 19-20 sentyabr günlərində həyata keçirdiyi sonuncu lokal hərbi əməliyyatları ilə 30 il ərzində işğal altında qalmış bütün əraziləri azad edərək düşmənin Qarabağda yaratmaq istədiyi ikinci erməni dövlətini – “Dağlıq Qarabağ Respublikası” adlı qondarma-separatçı qurumu tarixin arxivinə göndərməsi, nəhayət, 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Ağdərə və Xocalıda Azərbaycanın üçrəngli Dövlət Bayrağını qaldırması şanlı tarixi hadisə kimi oxucuya təqdim edilir. Beləliklə, döyüş və siyasət meydanında tamamilə məğlub olan düşmən 28 sentyabr 2023-cü il tarixdə özünün uydurduğu “DQR” adlı separatçı qurumu buraxdığını elan etmişdir. Bununla da Azərbaycan Ordusu Qarabağın bütün ərazisinə nəzarəti ələ keçirmiş, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanmışdır.

 Təqdim edilən bədii əsərdə bu tarixi Zəfərdə xüsusi xidmətləri olmuş şəhid və qazi qəhrəmanlarımızın keçdiyi zəngin döyüş yoluna nəzər salınmış, Vətən müharibəsi Qəhrəmanı Orxan Əkbərovun göstərdiyi igidliklər bədii təsvirlərlə verilmişdir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərimizə Allahdan rəhmət diləyirik! Qarabağ Azərbaycandır!

***

Xatırladıram ki, «Sonuncu əmr» romanının müəllifi Asif MƏRZİLİ Türkiyə Beynəlxalq Qəzetçilər Federasiyasının üzvü, Türkiyənin anadoluyakasihaber.com portalının köşə yazarı, Avropa Mətbuat Federasiyasının üzvü və “Təzadlar” qəzetinin baş redaktorudur. O, 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik Elçin Quliyevin Sərəncamı ilə «Hərbi sahədə xidmətlərinə görə» medalı ilə təltif olunub.

 Onu da qeyd edim ki, əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun döyüş yolundan bəhs edən «Sonuncu əmr» kitabının redaktoru fəlsəfə elmləri doktoru, Beynəlxalq Aqrar Təhsil Akademiyasının Akademiki Fəxrəddin Ağazadə, kitabın məsləhətçiləri isə görkəmli yazıçımız Seyran SƏXAVƏT və General-leytenant, Korpus komandiri Mais Bərxudarovdur.

"Qanun" Nəşriyyat Evində çapa verilmiş kitab 1000 tirajla oxuculara təqdim edilir və Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra) Orxan Əkbərovun həyat yoldaşı Nuranə xanım Əkbərovanın vəsaiti hesabına çap olunur.

Kitabda təsvir olunan hadisələrə verdiyi ekspert rəyinə görə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun silahdaşı, bütün mürəkkəb hərbi  əməliyyatlarda onunla birgə döyüş yolu keçmiş Tofiq Muradova dərin təşəkkürümüzü bildiririk.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN