«Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi işçilərinin Bərdə –Ağdam magistral avtomobil yolundakı fədakarlığının sözlə ifadəsi ona görə çətindir ki…
…Bu gün Qarabağın hər addımlığında 44 günlük Zəfər müharibəsinin qürur mənbəyimiz olan azadlıq duyğuları necə hiss olunursa, eləcə də hər addımda kapitulyasiya aktına imza atmış, diz çökmüş Ermənistanın on illərdir süni yaradılmış saxta “odda yanmaz, suda batmaz” mifinin darmadağın olduğu nişanələr, qoyub getdikləri viranə evlər, məscidlər, məzarlıqlar... görünür.
Arxasındakılara söykənmiş Ermənistanın 30 il ərzində dağıtdığı, daşını daş üstə qoymadığı qədim yurd yerlərimizdən biri də Ağdamdır… Bircə onu deyim ki, hətta Birinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi-iqtisadi, mənəvi yardım etmiş İranın xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur bu günlərdə Ağdamda olanda misli görünməmiş dağıntıları görəndə az qala nitqi tutulmuşdu. Çünki bu dağıntıda Ermənistana yardım etmişlərin də “zəhməti” və “əl işi” vardır...
***
Deməyim budur ki, indi Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında... erməni vəhşiliyinin son məhsulu olan bu dağıntıları görərkən nitqi tutulanlar düz bir il əvvəl Azərbaycan xalqının daşan səbrinin həddini və sərhədini xatırlamamış deyillər. Bu sərhəd indi yoxdur. İndi həmin dağıntı meydanlarında coşub-daşan bərpa-quruculuq işləri, gələcəyimizə hesablanan, Qarabağa uzanan yollarımız var...
Bərdə-Ağdam avtomobil yolunun tikinti müəllifi- “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi...
...Bu günlərdə Ağdama növbəti səfərimiz zamanı cənab Prezidentin Ağdam şəhəri üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynovla söhbətimizin əsas məzmunu da Ağdamda həyata keçiriləcək layihələr barədə oldu. Və bu gün icra olunan ən böyük layihələrdən biri isə, zənnimcə, Bakıdan başlayan Zəfər yolunun Bərdədən Ağdama istiqamətlənən –həyata keçirilən möhtəşəm fəaliyyətdir. O yol ki, təkcə Bakını və digər bölgələrimizi Ağdamla birləşdirmir, həm də Ağdamı tezliklə Əsgəran-Xankəndi-Şuşa marşrutu ilə birləşdirən möhkəm, əbədi bir bağlantıdır!
Bir vacib məqam: hazırda Ağdama çəkilən avtomobil yolunun təməli qoyularkən də Ağdamı ziyarət etmişdim. Mayın 3-ü idi. O vaxt hərbçilərimiz minatəmizləmə və bədnam “Ohanyan səddi”ni dağıtma işləri ilə məşğul idilər. Bərdədən Ağdama uzanan yol isə ermənilərin dağıtdığı yol və xəndəklərdən, dərin qazıntılardan qalmış təpələrdən... ibarət idi. Əgər adına yol demək mümkünsə... Həmin vaxtdan təxminən dörd ay ötür. İndi həmin yol görünməz vəziyyətdə, inanılmaz səviyyədə qurulur.
Onu da deyim ki, bu günlərdə Ağdama səfər zamanı ənənəvi Bərdə-Ağdam marşrutu ilə deyil, Quzanlı-Əfətli-Boyat kəndi istiqamətindən Ağdama daxil olmuşduq. Səbəb isə bu idi ki, tikilən Bərdə-Ağdam yolunda çoxsaylı texnika çalışdığından yol mütəxəssislərinin işinə mane olunmasın deyə, başqa marşrut seçilmişdi... Amma Ağdamdan Bakıya qayıdanda Xüsusi Nümayəndəlikdən xahiş etdik ki, Ağdam-Bərdə marşrutu ilə qayıdaq, yol boyu görülən işlərlə yaxından-canlı tanış olaq. Elə də oldu... Həqiqətən də 44,5 km-lik yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) əməkdaşlarının yüzlərlə yol tikinti texnikası ilə gördüyü işləri öz gözlərimizlə seyr edəndə qürurlandıq. Burada hər yer tikinti-quraşdırma meydanı idi...
Prezidentin rəhbərliyi ilə Qarabağın gələcəyinə uzanan yol...
Onu da deyim ki, Ermənistan terrorçularının işğalından qurtarılmış bütün ərazilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yol infrastrukturunun yenidən qurulması və genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən ən genişi isə, zənnimcə, Bərdə-Ağdam avtomobil yoludur. Bu yolun strateji ad alması həm də ona görədir ki, həmin yol şaxələnərək Ağdamdan sonra Ağdərəyə, Xocalıya, Şuşaya, Laçına və Kəlbəcərə gedib çıxacaq... Başlanğıcı Bərdədən başlayan bu yolun uzunluğu 44,5 km-dir. Prezidentin tapşırığına uyğun olaraq bu yol Qarabağın gələcək inkişaf planına hesablanaraq dörd zolaqlı və birinci texniki dərəcəlidir. AAYDA-nın rəsmi məlumatına görə, iş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” MMC və “Körpü-Bina-Tikinti” MMC birgə icra edir. Təsəvvür edilməzdir ki, şəxsən özümün 4 ay əvvəlki müşahidə və foto-videogörüntülərimlə müqayisə edəndə, görülən işlər inanılmazdır. Təsəvvür edin, bu qısa müddətdə təkcə yolun yatağı yenidən qurulmayıb, həm də düşmənin yolun sağ və sol hissəsində qazdığı, dərinliyi on metrə çatan üzdəniraq “Ohanyan səddi”ni dağıdılaraq Ağdamadək minalardan təmizləmə və bərkitmə, körpülərin tikintisi və s. işlər görülüb. Və Bərdə- Ağdam yolu boyunca sel və yağıntı suların ötürülməsi üçün 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və bir yol ötürücünün inşası həyta keçirilib, işlər yekunlaşma mərhələsindədir. Bundan başqa, birinci texniki dərəcəli bu yeni avtomobil yolu boyunca 8 nöqtədə geri dönmə qurulub, 24 nöqtədə avtobus dayanacaqları inşa olunmaqdadır. Və bu gün aldığım məlumata görə, artıq müəyyən ərazilərdə asfalt döşənmə işləri görülüb, bu işlər sürətlə davam etdirilir.
***
Bəli, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 günə 30 illik düşmən işğalının sonunu gördüyü kimi, çox yaxın zamanlarda da Qarabağa 30 illik həsrətli ölkə paytaxtını və digər rayonlarımızı birləşdirəcək daha bir avtomobil yolunun ziyarətçisi olacaq. Azərbaycanın gələcəyinə hesablanan və sabahımıza uzanan bu yolların qurucusu Ali Baş Komandan, Prezident İlham Əliyev, bu yolların tikinti müəllifi isə gücəsini gündüzə qatan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol qurucuları və bu işlərə rəhbərlik edən Saleh Məmmədovdur.
...Sabahımza uzanan yolumuz uzun olsun, -deyirik! Çünki bu yol Azərbaycan məkanında tamamlanmır, onun bir ünvanı da dağların o tərəfindədir- Zəngəzurda, Göyçədə və İrəvanda!
Asif MƏRZİLİ
(Bakı-Ağdam-Bakı)
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəsttəyi ilə hazırlanıb. İstiqamət: 6.3.7)