...“Təzadlar” qəzeti redaksiyasına daxil olan şikayətlərin bir çoxu qanunsuz və əsassız məhkəmə qərarlarından və bu qərarları qəbul edən hakimlərdəndir... “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsində deyilir: “Maddə 100. Hakimlərin müstəqilliyi: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər... Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır...”.
Qanunun 101-ci maddəsinə diqqət edək: “Maddə 101. Hakimlərin toxunulmazlığı Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz. Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur...”.
Sualım hüquqşünaslara və vəkillərədir: bu sual praktiki problemdən doğub: göründüyü kimi, Qanunun tələbinə görə, hakimlər daxili inamı hesabına Azərbaycan dövlətinin adından qərar çıxarır... Sonra həmin qərarların bir çoxu fırfıra kimi fırlanıb Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxır, Avropa İnsan Haqları Məhkəməsi isə hakimi deyil, Azərbaycan dövlətini cərimələyir, “qara siyahı”ya salır və s. Hüquqi mənada düz də edir, axı Qanunlarımıza görə hakimimiz qərarı Azərbaycan dövlətinin adından çıxarır... Vətəndaş da, Avropa İnsan Haqları Məhkəməsi də Dövlətimizdən narazı qalır, hakim isə öz kefində olur! Toxunulmazlığını da gördünüz: onu MHŞ-nin sədri, nazir Fikrət Məmmədovun razılığı olmadan həbs etmək olmaz!!! Çünki hakimin toxunulmazlığı var... Eləcə də bu toxunulmazlıq onun əmlakına da aiddir. Yəni, hakim qanunsuz və ədalətsiz qərarlarının sayəsində özünə sərvət yığa bilər, ona dövlətin verdiyi yüksək maaş və imtiyazlardan kənar maddi imkan da bəxş etmiş həmin qərarı Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan Dövlətinin cərimə edilməsinə də səbəb ola bilər, amma hakimə qəti toxunmaq olmaz!
Bu hələ harasıdır, hakimin şəxsi və əmlak toxunulmazlığı fonunda, onun çıxardığı həmin ədalətsiz qərarla vətəndaşın əmlakı əlindən alınır, səhhəti-sağlamlığı pozulur, bəzən itirdiklərini (hüquq və digər təminatlarının) bərpasına ömrü belə çatmır, çərləyib ölür... Amma...
Bəs hansısa hakimin günahı üzündən Azərbaycan dövlətinin cərimələnməsi nə dərəcədə ədalətlidir???
Azərbaycan dövlətinin ödədiyi cərimələr vətəndaşların, iş adamlarının, kollektivlərin... dövlət büdcəsinə ödədiyi vergilərdən formalaşmış olur. Bəlkə Azərbaycan Prezidentinə təklif verilsin ki, “Məhkəmə və Hakimlər haqqında” qanuna dəyişiklik edilsin, ya hakim Azərbaycan dövlətinin deyil, öz adından qərar çıxarsın... Ki, sonra da Avropa İnsan Haqları Məhkəməsinin cərimə və s. qərarlarına görə məsuliyyəti də hakim özü daşısın...
İkincisi, yaxud, bəlkə qanuna dəyişiklik elə edilsin ki, sonda həmin cəriməni hakim özü ödəsin?! Belə olarsa, nə vətəndaşlar məhkəmələrdən və dövlətdən narazı qalar, nə də avropalılar Azərbaycan dövlətindən. Həmçinin MHŞ-nin sədri Fikrət Məmmədovun da canı o cürə hakimləri danlamaqdan, işdən qovmaqdan və s. qurtarar...
***
Bu məsələni sosial platforma üzərindən müzakirəyə çıxardım ki, axı Azərbaycan dövləti hakimə imtiyaz, yüksək maaş, status və s. verir, sonda isə dövlət bəslədiyi həmin hakimin qanunsuz qərarından-əməlindən ziyan çəkirsə, bu nə dərəcədə ədaləti ola bilər?!
Çoxsaylı şərh və təkliflər aldım. Demək olar ki, böyük əksəriyyət bu məsələdə mənim qənaətimi dəstəkləmiş oldu. Tanınmış QHT rəhbəri Sahib Məmmədov isə belə bir maraqlı status paylaşmışdır: “...Daxili inam qanunla vicdanın birləşməsindən yaranmalıdır. Bu proses isə 1.Faktların dərk olunması, 2.Dəyərlərin müəyyən edilməsi, 3.Həqiqi olanın qəbul olunması və 4. Qərarın verilməsi... ilə müşayət olunur. Beləliklə, qərar dövlətin qəbul etdiyi qanunlara əsaslanır və bundan sonra daxili inama söykənir. Qərar dövlət adından verilməlidir. Heç bir ölkədə məhkəmə təsisatını tənqid etməklə ədalətli mühakimə sistemi qurulmayıb. Ədalətli mühakimə sisteminin mövcudluğu həm də cəmiyyətin problemidir. Bu da bir mədəniyyətdir. Hüquqi nihlizmin mövcud olduğu heç bir ölkədə 100% ədalətli məhkəmə ola bilməz. Bizlər məhkəmədən qabaq qərar çıxaran cəmiyyətin üzvləriyik. Problemə də elə belə yanaşıram mən. Məhkəmədən razı qalanlar 50% olarsa, bu ideal haldır. Mülki işlərdə kimsə uduzmalıdır (barışıq olanda da narazılıq qalır), cinayət işlərində də ya təqsirli bilinən, ya zərəçəkən narazı qalacaq. Qəliz məsələdir”.
***
Bəli, gözümüzü açandan bilirik ki, qanuna görə qərar dövlətin adından olmalıdır. Axı həm də gözümüzü açandan görürük ki, bəzi hakimlər açıq desək, sanki dövlətin adının biabır olunmasına, cərimələnməsinə xidmət edirlər. Bunun qarşısı alınmır axı... İş adamı var, Füzulidən, Nazim Tahirov 8 ildir yekə məmurların telefon zənglərinə görə məhkəmə karuselindədir... Konstitusiya Məhkəməsi də qərarını xeyrinə verib, amma... Səbəb odur ki, Ali Məhkəmənin sədri bir keçmiş nazirin qudasının xeyrinə nəsə eləmək istəyir... Belə məhkəmə sistemi ilə hara gedə bilərik?!
O ki qaldı daxili inam və qanunların aliliyinə, bunlar vicdanın birləşməsindən yaranmalıdır. Və o halda ki, hakim həqiqətən müstəqil olsun, icraatında olan işi sədrə məruzə etməsin, gerçəkdən vicdanlı olsun! Belə hakimlərimiz də var, amma təəssüflər olsun onların sayı barmaqla sayılabiləndir...
Asif Mərzili
P.S. Bir daha deyirəm, əgər Avropa İnsan Haqları Məhkəməsinin cərimələri dövlətimizdən deyil, hakimlərimizin maddi vəsaitindən (maaşından, şəxsi əmlakından və s.) tutularsa, heç bir hakim qanunsuz və ədalətsiz, sifarişli qərarlar qəbul etməz!