SOCAR-ın Nəqliyyat və Təchizat idarələrindəki ciddi korrupsiya fəaliyyətinə dair şübhələrin araşdırılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Dövlət Neft Şirkəti qarışmalı oldu…
«Təzadlar» qəzetinin ötən saylarında (eləcə də tezadlar.az saytının ötən buraxılışlarında) «SOCAR-IN TƏCHİZAT VƏ NƏQLİYYAT İDARƏLƏRİNDƏ İNANILMAZ KORRUPSİYA- PREZİDENTƏ MÜRACİƏT» başlıqlı araşdırma yazı təqdim edilmişdir. Şirkətin hələki əsl adının gizli saxlanmasını xahiş edən və şərti olaraq adı «Hans Anderson» olan əməkdaşının Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə və “Təzadlar” qəzetinə göndərdiyi mühüm sənəd və faktlar araşdırma predmeti oldu.
Biz (eləcə də şikayətçi) «MEDİA haqqında» və «İnformasiya əldə etmək haqqında», həmçinin «Korrupsiya haqqında» qanunlarımızın tələblərinə uyğun olaraq daxil olmuş fakt və sənədləri araşdırılıb tədbir görülməsi, redaksiyaya (şikayətçiyə) cavab verilməsi üçün aidiyyəti ünvanlara və rəsmi şəxslərə göndrmişdik. Sorğunun cavablandırılmasına qoyulan müddət başa çatdıqdan sonra həmin faktlar əsasında araşdırma yazılarını təqdim etməli olmuşduq. Artıq SOCAR-ın Nəqliyyat və Təchizat idarələrindəki ciddi korrupsiya fəaliyyətinə dair şübhələrin araşdırılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Dövlət Neft Şirkəti qarışmalı oldu. Bu medianın cəmiyyətdəki rolunun göstəricilərindən biridir və bir daha oxucularımız adından Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Mirvari xanım Qəhrəmanlıya göstərdiyi prinsipiallığa görə dərin minnətdarlığımızı bildiririk.
***
Beləliklə, bu gün redaksiyamıza şikayətçi Hans Andersonun göndərdiyi məktub və əlavə olunmuş sənədlər bizi sevindirdi. Məlum olur ki, artıq ən yuxarı səviyyədə bu yazıların və tədbir görülməsinə edilən cəhdlərin nəticəsi olmuşdur. Hans Andersonun minnətdarlıq məktubundan sətirlər: «Salam Mirvari xanım! Salam Hörmətli «Təzadlar»! Sizlərə etdiyim müraciətlər Sizin köməyinizlə ictimailəşdirildikdən və yayımlandıqdan sonra nəhayət, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reaksiya verildi. Lakin SOCAR hələ də susur. Cavab məktubunun surətini əlavə edirəm. Cavab məktubu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssis-inspektoru Kəmalə Məmmədovanın adından daxil oldu».
Bu da cavab məktubu:
«-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
-Azərbaycan İnvestisiya Holdinqinə
Surəti: Azərbaycan Dövlət Neft Şirkətinə
Surəti: Hans Andersona
Hans Andersonun müraciəti barəsində
Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən keçirilmiş satınalma proseduru barədə Hans Andersonun 11.04.2022-ci il tarixli təkrar müraciəti (daxilolma qeydiyyatı: 14.04.2022, İN-D/O-N-779/2021/6) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuşdur.
Bununlda əlaqədar olaraq bildiririk ki, «Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 05.11.2020-ci il tarixli 1174 nömrəli Fərmanına əsasən, Dövlət Neft Şirkətinin İdarə edilməsi Azərbaycan İnvestisiya Holdinqinə verilmişdir.
Göstərilənləri nəzərə alaraq və «Vətəndaşların müraciətləri haqqında» Az. Resp. Qanunun 7.10-cu maddəsinə əsasən qeyd olunan müraciət baxılması və barəsində qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Sizə göndərilir.
Araşdırmanın nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilir.
Rəis: Məmməd Abbasbəyli».
Bəs SOCAR-da «Toyota LAND Gruser» avtomobili 1550 manata necə satılıb???
Şikayətçi Hans Anderson bu gün «Təzadlar»a göndərdiyi (həmçinin Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Mirvari xanım Qəhrəmanlıya) bir alqı-satqı qaiməsi bizi şoka saldı. Söhbət SOCAR-da «Toyota LAND Gruser» avtomobilinin 1550 manata hansı qanun və əsaslarla, məsuliyyət hissi ilə satılmasından gedir. Şikayətçinin SOCAR-ın faktiki rəhbəri və 1-ci vitse-Prezidenti Rövşən Nəcəfə ünvanlı müraciətini diqqətinizə çatdırırıq: «Hörmətli Redaksiya! Xahiş edirəm bu qaiməni, sənədi və faktları Rövşən Nəcəfin diqqətinə çatdırın bu inanılmaz alqı-satqının mahiyyətini açıqlasınlar:
Hörmətli Rövşən müəllim, şirkətin Nəqliyyat İdarəsində dövlət vəsaitinin mənimsənilməsi haqqında məlumat təqdim etmişəm. Bütün bunlara baxmayaraq heç bir səlahiyyətli orqan tərəfindən faktlar araşdırılmır. Bildirirəm ki, 1 saylı Texnoloji Nəqliyyat Departamentinin baş mühəndisi Tariyel Qorçiyev departamentdə mənimsəmələrə rəhbərlik edən şəxsdir. Bütün bunların qarşılığında T.Qorçiyev rəhbərlik tərəfindən belə qiymətləndirilmişdir: belə ki, 2015-ci ildə 22.04.15 -ci il tarixli, 922378 saylı qaimə ilə (surətini təqdim edirəm) 2006 -cı il buraxılışı olan «Hyundai Sonata» 7 000 manata, 28.04.15-ci il tarixli 922387 saylı qaimə ilə 2006 -cı il buraxılışlı «Tofaş S.» 2800 manata, 31.03.17-ci il tarixdə isə H012000 nömrəli qaimə ilə «Toyota LAND Gruser» markalı avtomobil 1550 manata satılmışdır. Əvvəlki satınalma sənədlərini də Sizə təkrar göndərirəm… Bunlar necə baş verir? Əli qabarlı neftçinin qanu bahasına dövlət büdcəsinə toplanmış vəsaitləri hansı məsuliyyət hissi ilə tarmar edirlər??? Bunlar qanunlardan, ölkə rəhbərinin qəzəbindən qorxmurlarmı???».
(Davamı var)
- Bəs SOCAR-ın nəzarətində olan “Qarasu Əməliyyat Şirkəti”nin (“Karasu Operating Company”) uzun illər işləmiş və haqsızlığa məruz qalmış işçilərin şikayətinə niyə baxılmır?
- Şirkətin rəhbəri Vladimir Oleqoviç Davlyatovun işçilərə qarşı qanunsuz əməllərinə SOCAR-da niyə göz yumulur və onu himayə edən kimdir?
«Təzadlar»ın Araşdırma Qrupu
REDAKSİYADAN: Əziz dostlar, dünən xaker hücumu sayəsində bu yazı da daxil, bir günün bütün materialları silinmişdir... Artıq aidiyyəti dövlət orqanlarına və beynəlxalq media təşkilatlarına müraciət edilmişdir...