Şəki İnzibati Məhkəməsindən görünməmiş qərar: hakim məhkəmənin hazırlıq iclasında Abdullayev Teyyub Əli oğlunun iddiasını təmin etdi, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi və…
Yazıya giriş: Prezident İlham Əliyevin Sərəncamı ilə Nahid Bağırov 2020-ci ilin martın 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib… Və Nahid Bağırov yeganə icra başçısıdır ki, etimad göstərilib təyin ediləndən ayyarım sonra Prezidentin Sərəncamı ilə ona töhmət elan olunub. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Nahid Bağırovun töhmət almasının səbəbini belə icah etmişdi: «…O, karantin rejimi dövründə Mərdəkanda atasının restoranında ziyafət təşkil edib, Bakıda kef çəkir, rayon qalır yiyəsiz. Axı niyə? Axı sənə etimad göstərilib. Bu da gənc kadr… Kimsə ingilis dilini bilir deyə vəzifəyə təyin edilməsi düzgün deyil. Təcrübə lazımdır. Qohumlarının hesabına vəzifələrə təyin edilirlər…”.
***
Gəlirik mətləbə: İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamına əsasən, sahibkar-əkinçi Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmişdir. Belə ki, İsmayıllı RİH başçısı Nahid Bağırov hesab edib ki, Abdullayev Teyyub Əli oğlu guya ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar (faktiki olaraq 71 ha. Amma vergi 100 ha üçün ödənilib) torpaq sahəsindən “örüş” məqsədli olsa da, “əkin” kimi istifadə edib, orda dəmyə taxıl əkib və qanunu pozub…
Əkinçi qanunu nədə pozub? -İcra başçısı imzaladığı Sərəncamın əsaslılığını niyə yoxlamayıb???
Qeyd edim ki, T.Abdullayevin «günahı» və «qanun pozuntusu» ondan ibarət olub ki, o, ona 25 illiyinə icarəyə verilmiş dəmyə torpaq sahəsində taxıl əkib. Hansı ki, o, ötən 19 il ərzində torpaq vergisini əkinə, yəni kənd təsərrüfatı məhsullarının istehsalına görə verib. Üstəlik, onun bütün sənədlərində açıq-aydın yazılıb ki, torpaq sahəsi T.Abdullayevə kənd təsərrüfatı məhsulları istehsalından ötrü verilib.
Bəs İsmayılının başçısı Nahid Hacıyev niyə həmin icarə müqaviləsinin ləğv olunması barədə Sərəncam verəndə araşdırmayıb ki, ona təqdim edilən Sərəncam layihəsi nə dərəcədə əsaslıdır??? Yəni, əkinçi-fermer T.Abdullayevlə icarə müqaviləsi imzalananda, Dövlət Aktı tərtib ediləndə və s. ona hansı şərtlərlə torpaq verilib: əkin üçün, yoxsa qoyun otarmaq üçün???
Elə 2022-ci ilin mayın 24-də Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda da fermer Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021-ci il tarixli, 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbinin əsaslılığı araşdırıldı. Özümün şəxsən iştirak etdiyim məhkəmə prosesində hakimin həqiqətən problemə necə peşəkarlıqla, təmkinlə yanaşdığının, iddianın əsaslılığını sonadək tam və hərtərəfli dəqiqləşdirdiyinin şahidi oldum.
İcra başçısının müavini Mahmud Süleymanov başçı Nahid Bağırovu necə aldadıb???
Hakimin Vidadi Qasımov (hakim həm də Şəki İnzibati Məhkəmənin sədridir) T.Abdullayevdən şikayətini əsaslandırmağı və məsələnin mahiyyətini anlatmağı xahiş etdi. T.Abdullayev və vəkili iddia tələbini konkret rəsmi sənədlərlə izah etdilər… Sonda isə hakim T.Abdullayevdən soruşdu:
-İş materiallarında olan sənədlər, sizin məhkəmə iclasında təqdim etdiyiniz maddi sübutlar bir daha göstərir ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq sizinlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən Sərəncam imzalayıb. Səbəb nədir, niyə onlar belə bir addımı atıblar? Axı sənin üzündən torpaq yağır, zəhmət yağır, sən əkinçisən… Bunu görmürdülərmi?
T.Abddulyev deyir:
-Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz… Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul olurdum. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə… şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobili də vermişəm… Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir… Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, baş üstə, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər… 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüsyenova zəng etdim ki, bəs siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm… Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdirdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir… Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verib…
Beləliklə, məlum oldu ki, icra başçısının müavini Mahmud Süleymanov gənc və təcrübəsiz icra başçısı Nahid Bağırovu aldadıb… Bəs Mahmud Süleymanovun bunda məqsədi nə imiş??? Hansı ki, Mahmud Süleymanov İsmayıllıda imkansız şəxslərin torpaq sahələrini alıb özünə yeni təsərrüfatlar yaratmaqdadır...
(Davamı var)
Asif Mərzili
(Bakı-Şəki-Bakı)
(T.Abdullayevin əkin sahəsi)