Niyə Kiçik Qafqazın Azərbaycanın cənub bölgəsindən keçən hissəsi (yarısı) İranda Əlborz dağları, Azərbaycana düşən hissəsi isə “Talış dağları” adlandırılır?

Rusiyanın işğala məruz qoyduğu respublikalara vurduğu ziyanlar təkcə xalqların və torpaqların istismarı, milli sərvətlərin talanı ilə  məhdudlaşmır, bütün sahələrdə xəyanətin bünövrələri qurulurdu. Bu siyasət bolşeviklər hakimiyyətə gələndən sonra da davam etdi. Müttəfiq respublikaların  mədəniyyəti, tarixi, coğrafiyası bir qrup xüsusi alim-kəşfiyyatçılar tərəfindən təftiş olunur, gələcəkdə problemlər yaratmaq üçün formalar müəyyən edilirdi, Milli və etnik zəmində xəyanətlər törətmək istiqamətində  ciddi planlar qurulurdu.

Respublikaların ərazisində yaşayan milli azlıqların nümayəndələrindən ibarət kəşfiyyatçılar hazırlanır, onların vasitəsi ilə yerlərdə gizli şəbəkələr yaradılırdı. Bu gün Rusiyanın Sankt-Peterburq  şəhərində belə bir şəbəkələr var və Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar. Həmin şəbəkələrin maliyyə ehtiyacları da Rusiya tərəfindən qarşılanır.

***

Rusiyada mövcud olan belə təxribat xarakterli fəaliyyət çox vaxt açıq aparılırdı. Məsələn, ermənilərin təklifi ilə zorla tarın yeddi deyil, beş simdən ibarət olmasını təkid edirdilər. Novruz bayramına qadağa qoymuşdular. Xalqların özünə məxsus ənənələri və mədəniyyəti yaşatması yasaqlanırdı. Mədəniyyətlər milli mənsubiyyətindən uzaqlaşdırılır, tarix tərsinə yazılırdı. Məsələn, özbəklərin tarixini belə təsvir edirdilər ki, guya “Şirak adında birisi yadelli düşmənləri aldadıb susuz bir səhraya gətirir, beləliklə onları məhv edir.” Özbəkistan tarixi bu əhvalatla başlayırdı. Xalqın keçmişdəki qəhrəmanlıq tarixini də gizlətməyə çalışırdılar.

Orta Asiyanın zəngin bir tarixə malik olduğunu SSRİ tarixindən yox, ancaq ədəbiyyatdan öyrənə bilirdik. Xüsusilə, coğrafi mənsubiyyətlər yox edilirdi. Yeni xəritələr hazırlananda  Respublikaların tarixi ərazilərini istədikləri kimi  müəyyən edir, dağların, çayların və ən xırda əhəmiyyəti olan ərazilərin adlarını dəyişdirirdilər, yer-yurd adlarını yaddaşlardan silməyə çalışırdılar. Bu siyasət, əsasən İrəvanda daha çox yürüdülürdü. Orda yaşayan türklərin özü kimi yaşadıqları kəndlərin və digər yerlərin adları zorla yox edilirdi. Respublikaların ərazilərində etnik azlıqlara məxsus “muxtar vilayətlər” qururdular ki, həmin qurumların vasitəsi ilə, lazım gələndə, həmin respublikaların taleyini Rusiyanın istədiyi şəkildə həll etməyə imkan yaranırdı.

İndi silinmiş həmin yaddaşları bərpa etmək heç də asan olmur, həqiqəti öz axarına yönəltmək müəyyən çətinliklərlə üzləşir. Həbib Rəhimoğlunun “Silinməz adlar, sağalmaz yaralar” kitabında (“Azərnəşr”, 1997-ci il) rusların İrəvanda  törətdiyi addəyişmə terroru nəticəsində saysız-hesabsız mənəvi itkilərə məruz qaldığımız haqqında danışılır. Müəllif haqlı olaraq qeyd edir ki, “Nə qədər qəribə görünsə də Azərbaycan Sovet Ensiklopediyası səhifələrində Ermənistanda yaşayan azərbaycanlılar haqqında, onların sayı, yaşadıqları bölgələr və kəndlər haqqında bircə kəlmə də olsa yazılmayıb... Ermənistan Sovet Ensiklopediyasında isə bütün dünya ölkələrində  yaşayan ermənilər haqqında, ermənilər yaşayan bütün yaşayış məntəqələri haqqında, vaxtı ilə, hətta 4-5 nəfər erməni yaşamış məntəqələr barədə, əhalisi, onun məşğuliyyəti, kəndlərin təbii şəraiti və koordinatları haqqında müfəssəl məlumatlar verilmişdir. Azərbaycanda erməni ayağı dəyən bütün yaşayış məntəqələri -çaylar, dağlar, dərələr haqqında Ermənistan Sovet Ensiklopediyasında müfəssəl məlumatlar vardır”.

Göründüyü kimi, biz pambıq tarlalarında, təsərrüfatın bu və ya digər sahələrində çalışırkən, Moskvaya daha çox məhsul göndərmək haqqında düşünürkən, Moskva öz mənhus niyyətlərindən-Azərbaycana qarşı xəyanətdən əl çəkməyib. Məqsədlərinə çatmaq üçün uzun illər Azərbaycana rəhbərlik də türk kökənlilərdən aralı saxlanılıb. Mədəniyyətimiz, ədəbiyyatımız və tariximiz bizə yad olan adamların ixtiyarına buraxılıb. Yazıçı və şairlərimiz bəlalardan qurtulmaq yollarını arayan qəhrəman obrazları yaratmayıblar. Sovet dövrü yazılan əsərlərin əksəriyyəti geniş həcmli inşa yazısından seçilmir. Qaradimdiklərimiz orta məktəb dərsliyini də milli məzmundan kənar əsərlərlə doldurublar. Nə yazıq ki, indi zaman keçdikcə Moskvanın göstərişi ilə yazılan həmin əsərlər, kitablar tədricən öz əhəmiyyətini itirir. Üzdəniraq tənqidçilərimiz əsərləri təhlil edərkən onun milli ideologiyaya yaxın olmasını deyil, bədii ifadə vasitələrini, nöqtə-vergülünü əsas götürürdülər. Bu da imperiya siyasətinin təzahürü idi. Həmin elm adamlarının elmi adlarının da əsassız olduğu ortaya çıxır. Necə deyərlər, öz xalqının dərdini görməyənin hansısa elmi ad daşımağa mənəvi haqqı ola bilməz.

Nə qədər gec deyil, hələ ki, yurd yerini itirənlər arasında yaşlı nəslin nümayəndələri qalır, biz İrəvandakı yaşayış yerlərimizi Abşerondakı böyük bir təpənin üzərində maketləşdirib açıq muzeyə çevirməliyik. Burda hər kəndin, dağın, dərənin xəritəsi çəkilməlidir. Tariximizi bu yolla gələcək nəsillərə çatdırmaq daha uyğun ola bilər.

***

Bolşeviklər hakimiyyətə gələndən sonra da Rusiya özünün xəbis planlarından əl çəkmədi. “Dağlıq Qarabağ”, “Dnestryanı”, “Abxaziya” və s. problemlər Rusiyanın irəlicədən qurduğu böyük tələlərin nümunələri deyilmi? Zahirən dostluqdan, qardaşlıqdan dəm vursalar da, Moskva əllərinin altında gizlətdikləri xəyanət bombalarını həmişə ayaqda saxlayırdılar. Sovet dövründə Moskvada keçirilən mədəniyyət və ədəbiyyat “on günlükləri” heç də əyalətlərə göstərilən hansısa qayğılardan irəli gəlmirdi, respublikaların milli-mədəni səviyyəsini daima nəzarət altında saxlamağa  xidmət edirdi. İstedadlı adamları bu yolla seçib məhv edirdilər. Repressiyalar dövrünü xatırlamaq yetər. Erməni-rus cəlladlarının əli ilə boğulub öldürülən Cəfər Cabbarlını, Mikayıl Müşfiqi, Sibir sürgünündə məhv edilən Hüseyn Cavidi və onlarla digərlərini xatırlamaq kifayətdir ki, yaşadığımız bəlaları təsəvvür edək.

Terror və  xəyanətin formaları, xüsusi olaraq Moskvadakı elmi idarələrdə hazırlanırdı. Burda demək olar ki, əsas hədəf Azərbaycan və türkdilli xalqlar idi. Azərbaycanı işğal etmək üçün XI  Qırmızı terror ordusunun başında gələn Mikoyan bu sahədə Rusiyanın əsas kadrı idi. Azərbaycanın idarə olunması ermənilərə həvalə olunmuşdu.

“Belə çıxır ki, biz Qusardakı dağları “Ləzgi dağları”, Balakəndəki dağları isə “Avar dağları” adlandırmalıyıq???”

 Ona görə də sovet dövrünün ən zəhərli zavod və fabrikləri Azərbaycanda yaradılırdı. İlk vaxtlar  sakinləri, əsasən məhkumlardan ibarət olan Sumqayıt şəhəri tezliklə kimyəvi məhsulların poliqonuna çevrildi. Bakı şəhərində yaşamaq üçün məskunlaşdırılan ermənilərin hüquq və təminatları  Moskva tərəfindən himayə olunurdu. Bizim yazıçılar öz qəhrəmanlarını Moskvaya “uçuranda”(“Gün keçdi” filmi) ermənilər Bakını ələ keçirməyə cəhd göstərirdilər.

Rusiya ölçülərinə görə əraziləri parça-parça edilən respublikalardan biri də Azərbaycan idi. Gah anklav şəklində kəndlər digər respublikaların ərazinə salınırdı, gah da  coğrafi adlar dəyişdirilirdi. Bunlardan biri də Kiçik Qafqazın Cənubi sıra dağlarıdır. Cənub bölgəsindən keçib İrandakı Əlborz dağlarına kimi uzanan bu silsilə, nədənsə “Talış dağları” adlanır. Dünyanın heç bir yerində, elə Azərbaycanın digər ərazilərindəki dağların adı orda yaşan xalqların adı ilə adlandırılmır. Belə çıxır ki, biz Qusardakı dağları “Ləzgi dağları”, Balakəndəki dağları isə “Avar dağları” adlandırmalıyıq??? Qədim tarixdə də belə ada rast gəlinmir. Biz burada həqiqəti söyləməklə  yerli xalqın adını müzakirə etmirik və bundan uzağıq. Əlbəttə, talışlar burda min illərdir yaşayırlar və aborigendirlər. Məqsədimiz Azərbaycanın ərazilərini istədiyi kimi  adlandırmağa çalışan Rusiyanın bölgədəki əskiklərini nəzərə çatdırmaqdır. Sual olunur: - Əgər bu dağın adı Talışdırsa, onda niyə İran ərazisinə düşən dağlar da Talış dağları deyil, Əlborz dağları adlanır? Məgər həmin ərazilərdə də talışlar yaşamırmı?

Təəssüflər olsun ki, Azərbaycanın Milli Elmlər Akademiyasının Coğrafiya İnsitutu bu gün də  sovet dövrünün qaydaları ilə işləyir, müstəmləkə dövründən qalan əyər-əskiyi bərpa etmək  haqqında heç düşünmək belə istəmir.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası akademik H.Əliyev adına Coğrafiya İnstitunun Coğrafi fikir tarixi və toponomika şöbəsinin müdiri Mahirə xanım Abbasova ilə görüşüb fikirlərimi müzakirə etdik. Mahirə xanım fikirlərimə münasibət bildirərkən çox ehtiyatlı davrandı və hiss etdim ki, məsələyə real yanaşmaqdan çəkinir...

Geomorfologiya və təbii risklər şöbəsinin sabiq müdiri Hüseyn Xəlilovla və landşaf şöbəsinin müdiri Mirnuh İsmayılovla da mövzu ətrafında söhbət apardıq. Hiss olunurdu ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təhlillər lazımınca aparılmayıb. Yarana biləcək hansısa narazılıqlardan ehtiyat edirlər. Axı biz real elmi və coğrafi problemə yanaşmada həqiqəti axtarırıq. Burda isə  narazılıqların ola biləcəyi hər-hansı bir məsələ yoxdur. Sadəcə, alimlərimiz vəzifələrini hər ay maaş almaqla bitmiş hesab edirlər.

“Talış dağlar” mövzusu ilə əlaqədar Vikipediyaya daxil oldum. Vikipediyada “Talış dağları” Kiçik Qafqaz dağlarından Əlborz (İran) dağlarına keçid həlqəsi kimi qeyd olunur. Ancaq dağın adının necə yaranmasından bəhs olunmur. Təəssüf ki,  vikipediyanı hazırlayanlar özlərindən əfsanə uydurmağı da unutmamışlar. Yəni, zonanı heç nəyə əsaslanmadan “vilayət” adlandırmışlar. Deməli, burda da tarixin gələcək iliyinə işləyən yad barmaq var... Rəsmiyyətdə qeyd olunur ki, Talışların məskunlaşdığı bu ərazi Lənkəran, Astara, Lerik və Masallı rayonunun otuz faizini təşkil edir. Vilayət olmaq üçün regionun nə coğrafi, nə də iqtisadi imkanı yoxdur. Min təəssüf ki, hələ də bu və ya digər saytlarda kimlərsə ağzına gələni yazır. Bu məsələni dövlət ciddi nəzarətə götürməlidir. Elmi idarələrdə təsdiqini tapmayan məlumatlar yasaqlanmalıdır.

“Talış zonası” dedikdə, təəssüf ki, Astaradan Biləsuvar rayonunadək olan bütün ərazilər nəzərdə tutulur.(!?) Halbuki Masallı rayonunun aran yerləri də daxil olmaqla, Biləsuvara kimi, əslində Muğan zonasıdır. Necə olur ki, dədə-babadan əhali yaşadığı yerin Muğana aid olduğunu bilir və özünü haqlı olaraq, muğanlı hesab edir, ancaq Coğrafiya İnstitutu bunu bilmir?

Yaxud, Qızılağac Dövlət Təbiət Qoruğunu götürək. Hər yerdə qeyd olunur ki, guya, Qoruğun ərazisi Lənkəran ovalığında yerləşir. Halbuki Qoruq iki hissədən ibarətdir: bir hissəsi Böyük Qızılağac körfəzinə, digər hissəsi isə Kiçik Qızılağac körfəzinə düşür. Körfəzin böyük hissəsi Lənkəran ovalığında yerləşsə də, Kiçik körfəz  Kür-Araz ovalığına aiddir. Məlumdur ki, Araz tarixən həmişə bu Kiçik körfəzə tökülüb. Onun yatağı sonradan dəyişdirilib Kürə yönəldilib. Kiçik Qızılağac körfəzi tamamilə Muğan düzündə yerləşir. Onun Lənkəran ovalığı ilə heç bir bağlılığı yoxdur.

Dağın da adına gəlincə, “Talış dağı” adlandırılan bu dağ Kiçik Qafqazın Cənub sıra dağlarıdır. Bu silsilə Qarabağdan-Azərbaycandan keçərək İrana kimi davam edir. İranda da dağın Kiçik Qafqaz silsiləsinə aid olduğu aydın bilinir. Həmin ərazilərdə talışlar yaşasa da, dağın adına, bizdən fərqli olaraq toxunulmayıb. Müstəmləkədə olduğumuz vaxtlarda Rusiya Araz çayı sahilindən Astaraçayadək olan ərazini “talış zonası”, dağlara da “Talış dağları” adı veriblər. İndi də həmin siyasətin qurbanına çevrilmişik.

“Talış dağı” deyilən dağdakı zirvələrin adlarının  əksəriyyəti türk dilindədir: Kömürgöy, Qız yurdu  və sair.

Kiçik Qızılağac körfəzinə tökülən çayların mənbələri də düzgün göstərilmir, guya “Talış dağların”dan başlayır. Halbuki bu çaylarıln hamısı öz mənbələrini Kiçik Qafqaz sıra dağlarından götürür.

***

Bu yaxınlarda ölkəmizdə yeni iqtisadi zonalar yaradıldı. Ancaq bu dəfə də Rusiyanın müdaxiləsindən uzaqlaşa bilmədik. “Lənkəran-Astara” iqtisadi zonasına Biləsuvaradək əraszilər daxil edildi. Bildiyimiz kimi, Astara Lənkəranın İranla sərhəd tərəfində yerləşir. Biləsuvar rayonu isə İmişli rayonu ilə qonşuluqdadır. Görəsən, iqtisadi rayonu müəyyənləşdirən zaman bu qədər yanlışlıq hardan qaynaqlanıb?

Yaxud, Göyçə mahalının davamı olan Kəlbəcəri “Şərqi zəngəzur” adlanan zonaya daxil edirlər. Axı, Zəngəzurla Göyçə ayrı-ayrı zonalardır. Hiss olunur ki, Rusiya bu məsələdə də özünün məkrli siyasətini davam etdirir. Sovet hakimiyyətinin ilk illərində indi “Şərqi zəngəzur” adlandırılan ərazilərə “Qırmızı Kürdüstan” deyirdilər. Əgər bu rayonlar Zəngəzura aid olsaydı elə onda da “Qırmızı Zəngəzur” kimi tanınardı. Görünür, Rusiya gələcəkdə Zəngəzur adı altında bu ərazilərə də ordu yerləşdirmək xülyasındadır. Yoxsa, tələm-tələsik bu iqtisadi zonaları yaratmaq lazım gəlməzdi. Əvvəllər də Rusiya regionu qarışdırmaq üçün belə oyunlar qururdu. Yadımdadır, Kəlbəcərin maarif müdiri işləyən Şamil Əsgərov bir vaxtlar Azərbaycan ərazisində  “Kürdüstan” qurmaq azarına tutulmuşdu. Ancaq həmin vaxtlarda Azərbaycana rəhbərlik edən Heydər Əliyevin sayıqlığı nəticəsində bu xəyanətin qarşısı alındı. Şamil Əsgərov Maarif Nazirliyində rüşvət verərkən xüsusi xidmət orqanları tərəfindən yaxalanıb həbs edildi.

***

Bu yazıda başımıza gələn bütün bəlalar haqqında danışmaq, onu bir-bir sadalamaq mümkün olmadı. Sadəcə olaraq istədim ki, aidiyyəti dövlət qurumları hər-hansı bir addımı atmamışdan qabaq ciddi düşünsünlər. Çünki kiçik bir səhv gələcəkdə böyük bir bəlalara meydan ola bilir... Bunu Qarabağ problemində yaşadıq, var olsun Ali Baş Komandan İlham Əliyevi ki, 44 günlük Zəfər müharibəsində bu meydanı tarixin arxivinə göndərdi, işğalçı-separatçı ermənilərə kimliyi tanıdıldı...

Ədalət Teymurov,

“Təzadlar”ın xüsusi müxbiri

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN