Yanvarın 1-nə Qazaxıstanda avtomobil parkında nəqliyyat vasitələrinin sayı 5,3 milyon ədəd təşkil edib ki, bunun da 88 faizi minik, 9,9 faizi yük avtomobilləri və 2,1 faizi avtobuslardır.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə "Kazaxıstanskaya pravda" ölkənin Milli Statistika Bürosuna istinadən məlumat yayıb.
Belə ki, istehsal ilinə əsasən, Qazaxıstanın avtomobil parkının 2024-cü il yanvarın 1 -nə olan vəziyyəti belədir: “yaşı” 20 ildən artıq - 2,4 milyondan çox avtomobil; 10 ildən 20 ilə qədər - 1,2 milyondan çox avtomobil; 7 ildən 10 ilədək – 680,7 min avtomobil; 3 ildən 7 ilədək – 590,8 min avtomobil; 3 ildən az - 319,7 min avtomobil.
Məlumata görə, 2023-cü ilin dekabr ayında 179,4 min nəqliyyat vasitəsi qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 44,5 faiz, o cümlədən avtobuslar 24,5 faiz, minik avtomobilləri 45,2 faiz, yük avtomobilləri 38 faiz artıb.
Ümumilikdə 2023-cü ilin yanvar-dekabr aylarında 1,1 milyon nəqliyyat vasitəsi qeydiyyata alınıb, eyni dövrlə müqayisədə qeydiyyata alınanların sayı 1,6 dəfə artıb.
2023-cü ildə Qazaxıstanda 15 886 yol qəzası baş verib, nəticədə 22 097 nəfər xəsarət alıb. 2022-ci illə müqayisədə hadisələrin sayı 7,1%, zərərçəkənlərin sayı 2,5% artıb.
***
Qeyd edək ki, Azərbaycanda da köhnə avtomobillərin sayı ilə bağlı statistika heç də ürəkaçan deyil - ümumi avtomobil sayına nəzər saldıqda.
Belə ki, bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevin KİV-ə verdiyi məlumata görə, ötən il ölkəmizdə 1 milyon 774 min 77 nəqliyyat vasitəsi qeydə alınıb ki, onların da 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur.
O, vurğulayıb ki, avtomobillərin istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir.
“İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır”, - deyə bildirib.
Statistikaya nəzər salaq: ötən il 1636 yol qəzası qeydə alınıb. Ölkədə baş verən yol qəzaları zamanı 862 nəfər həlak olub, 1367 nəfər yaralanıb. Maraqlıdır ki, baş verən yol qəzalaraının 42,5 faizi gündüz saatlarında olub - 38,9 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş verib.
Onu da diqqətə çatdıraq ki, 2023-cü ildə 2022-ci illə müqayisədə 1,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,7 faiz azalaraq 2229 nəfər, həmin hadisələr nəticəsində həlak olanların sayı əvvəlki ilə nisbətən 8,2 faiz artaraq 636 nəfər, yaralananların sayı isə 2,3 faiz azalaraq 1299 nəfər olmuşdur.
Və heç kəsə sirr deyil ki, yol qəzalarının baş verməsinə bir çox hallarda nəqliyyat vasitələrinin köhnə olması da təsir edir.
Əlbəttə, hər kəs istər ki, idarə etdiyi avtomobili təzə və saz vəziyyətdə olsun. Lakin Azərbaycana gətirilən minik avtomobillərinin qiyməti, bankların kredit faizləri çoxlarının cibinə uyğun deyil. Əksəriyyət də bu baxımdan, köhnə, istismar müddəti çoxdan bitmiş avtomobillərə üstünlük vermək məcburiyyətində qalır.
“Köhnə-təzə, təki ayağımı yerdən götürsün” düşüncəsi isə həm ekoloji vəziyyətə, insanların sağlamlığına zərər verir, həm də bəzi avtomobil sahiblərinin qəza şəraiti yaratmasına- özünün və digərlərinin həyatlarını itirməsinə, şikəst qalmasına səbəb olur.
P.S. Xatırladaq ki, Prezident İlham Əliyev "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılması barədə sərəncam imzalayıb. Belə ki, istehsal vaxtından 4 il keçən minik avtomobillərinin ölkəyə gətirilməsinə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı ödəniləcək. Baş nazir Əli Əsədov da "Nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası"nı təsdiqləyib. Artıq avtomobil sahibləri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10, 10 ildən 20 ilədək olduqda - 20, 20 ildən 30 ilədək olduqda - 30, 30 il və daha çox olduqda isə 40 manat utilizasiya haqqı ödəyəcəklər.
JASMİN